Əliyevin heykəlləri hansı vəsaitlə qoyulur?

Məhəmməd Talıblı: “Büdcədə belə bir xərc nəzərdə tutulmayıb”

Hazırkı rejim sovetdənqalma ənənələri inkar etsə də, yerinə yetirdiyi adətin əksəriyyəti məhz həmin dövrə aiddir. Belə ki, sovet dövründə hər bölgədə tarix-diyarşünaslıq muzeyləri vardı və bu idarələr mütləq olmalıydı.
Belə muzeylər, eləcə də Leninin heykəllərini yapdırmaq sovet imperiyasının  ideoloji təbliğat maşınının diqtəsi idi. Bəzi rayonlarda isə hərdənbir belə müəssisələr və kommunist liderinin heykəllərini qoymaq lazım bilinmirdi. Indi isə tam əksinə, harda Heydər Əliyevin heykəli və mərhum prezidentin adına muzey yoxdursa, həmin rayonun başçısı gözdən-nəzərdən salınmış hesab edilərək vəzifəsinə əlvida dediyi günü düşünməlidir. Bir sözlə, “ulu öndər”in heykəli Azərbaycanın bütün bölgələrinin simvolu, adına açılan muzeylər isə hər bir rayonun rəmzi sayılır.
Maraqlıdır, sözügedən addıma xərclənən vəsait rayonun büdcəsinəmi daxildir, yoxsa? Axı heykəl ucaltmaq adi məsələ deyil və rayon başçılarının bir-birinin bəhsinə daha möhtəşəm abidə ucaltması sıradan bir xərc, cüzi məsrəf deyil.

İqtisadçı-ekspert Məhəmməd Talıblı bildirir ki, H.Əliyevin adıyla bağlı olan, görülən işlər, ucaldılan heykəllər, ümumiyyətlə, büdcədə nəzərdə tutulmur. Ekspertə görə, bu hərəkət büdcə qurumlarının “ulu öndərə” münasibətin ifadəsidir: “Büdcədə belə bir xərc nəzərdə tutulmadığı halda, bu məsələ büdcə qurumlarının öz daxili imkanları hesabına reallaşdırılır. Yəni bunu büdcədən oğurladıqları vəsait hesabına həyata keçirir, yaxud da yerli sahibkarların maliyyə resurslarıyla reallaşdırırlar”. M.Talıblı əlavə etdi ki, faktiki olaraq ölkənin büdcəsində bunun üçün xərc maddəsi nəzərdə tutulmayıb və sözügedən addım yerli büdcə qurumlarının “büdcə”siylə həyata keçirilən bir işdir.

Nigar