“Istefa!”ya görə işgəncə verənlər işgəncəyə görə istefa verənlərə gülür

Bizdə Gürcüstandakı məlum işgəncə qalmaqalına sevinən xeyli adam var. Hökumət qəzetləri hadisəyə etiraz aksiyalarını manşet elədilər.
Rejimin oğurluq pullarından mayalanan saytlarda, qəzetlərdə Saakaşvili və Gürcüstan əleyhinə itinətök yazılar yerləşdirilir, yayımlanır.
Bu mesajların bir ucu da bizə qarşıdır, alt qatında da bu yatır: “Bu da sizin sevimli Gürcüstanınız, gürcü inqilabınız, gürcü demokratiyanız!”
Başa düşürük, Gürcüstan mövzusu Əliyevçi rejiminin zəif yerlərindən biridir. Gürcüstan haqqında hər xoş söz, hər cümlə bunları əsəbiləşdirir, cin atına mindirir. Indi də əllərinə fürsət düşüb, döşəyirlər.
Oysa utanmalıdırlar, ayıblarına kor olub susmalıdırlar. Bir işgəncə hadisəsi Gürcüstanda iki naziri istefaya məcbur edirsə, bu, Gürcüstanın zəifliyi deyil, üstünlüyüdür. Qısa zamanda nə qədər böyük məsafə qət etdiyinin isbatıdır. Bu, Azərbaycanda mümkündürmü? Ola bilərmi?
Sənin ölkəndə “Istefa!” qışqırmağa görə adama işgəncə verirlər, amma Gürcüstanda işgəncəyə görə nazir istefa verirsə, iki ölkə arasındakı mədəniyyət, idarəetmə fərqi aydın deyilmi? Bu fərqə görə utanmalı olduğunuz halda, utanmadan yazdıqlarınıza baxın! Yazıq, çox yazıq sizə!
Indiyədək bu ölkənin həbsxanalarında, təcridxanalarında baş verməyən işgəncə, zülm qalmadı. O işgəncələrdən ölən nə qədər insan var. Amma bunların birinə görə hakimiyyətin hansısa narahatlığını gördünüzmü? Hansısa vəzifəlinin istefasına şahid oldunuzmu?
Bu ölkənin Daxili Işlər Nazirliyindən onlarla insanı qətlə yetirmiş, oğurlamış, işgəncə maşınından keçirmiş qanqster dəstəsi çıxdı, amma o nazirliyin başındakı adamın görəvini buraxmağa mərifəti çatdımı? Ya kimsə ona “gözün üstə qaşın var” deyə bildimi?
Gəncədə Koroğlu adlı bir polis zabiti polis şöbəsinə gətirilən gəncin gözü qarşısında anasını zorlamağa cəhd etdi, günlərlə yazılıb-çizildi bu çirkin olay. Nəticə? Nəticəsizlik. Hələ üstəlik, o biçarə qadının özünü belə, həbs etməyə qalxdılar.
Birdimi, beşdim, ondumu, yüzdümü, hansını deyək?
Indi belə bir ölkədə oturub hələ utanmadan Gürcüstanda yaşananları bir xaos, bir anarxiya kimi qələmə vermək, “Bu da inqilabın sonu! Bu da demokratiyanın nəticəsi!” deməkdən böyük həyasızlıq, utanmazlıq ola bilərmi?
Bəli, istənilən bir ölkədə – istər həbsxanada olsun, istər həbsxanadan kənarda – hər cür işgəncə utancvericidir. Bağışlanmazdır. Yolverilməzdir.
Amma daha önəmlisi bu utanca o ölkəni idarə edənlərin duyarlılıq göstərməsidir. O utancın üzərinə gedə bilməsidir. Xalqa bunun hesabatını verə bilməsidir.
Yalnız belə ölkələr çağdaşlığın, demokratiyanın, mədəniyyətin qapısını aralaya, modern, mədəni, azad, tərəqqipərvər dünyanın bir parçası ola bilərlər. Gürcüstan son hadisələrdə məhz bu nümunəni göstərdi. Və işgəncədən zövq alan, işgəncədən mayalanan, işgəncəni idarəetmə tərzinə çevirən Əliyevçi rejimə dərs verdi.
Danışılması gərəkən budur. Yazılması gərəkən budur. Amma bunun əvəzində söhbəti başqa yerə çəkərsinizsə, gülməli vəziyyətə düşərsiniz. Ikrahdan başqa bir şey qazanmazsınız.
Bir də beş-on manat pul qazana bilərsiniz, amma o pul da vicdanınıza düşən ləkəni silməyə yetməz.
Bütün neft pulları belə, yetməz!
***
Bu yazını bitirərkən bir xəbər oxudum – məşhur gürcü müğənnisi Bakur Burdulin Gürcüstandakı işgəncə məsələsinə görə Saakaşvilinin verdiyi “Şərəf” ordenindən imtina edib. Sitat: “Ölkəmdə baş verənlərə qarşı biganə qala bilməzdim. Bu imtina mənim işgəncəyə etirazımdır”.
Indi isə Azərbaycan bəstəkarı Arif Məlikovun “Yeni Müsavat”a müsahibəsindən (23.09. 2012) bir parçanı oxuyaq:
Jurnalist: “Bu gün Azərbaycanda Ziyalılar Forumu deyilən bir qurum yaranıb. Qurumun fəaliyyətilə maraqlanırsınızmı?”
Arif Məlikov: “Nə yaşım, nə səhhətim əsas işlərimdən kənar nəyləsə məşğul olmağıma imkan vermir. Bu, mümkün deyil. Indi mən bu yaşımda gedib sinəmi qabağa verib nə edəcəm? Kiminlə mübarizə aparmalıyam?..”
Belə…