Hakimiyyətin nokdaundan çıxmaq cəhdi

Yaxud, AXCP-Müsavatın qətnamədəki imzasının pərdəarxası

Əli Həsənov dedi ki, müxalifət YAP-a qorxudan gəldi. Düz dedi. Hazırki vəziyyətdə onu və texnoloqlarını üstəgəl partiyasını başqa bir açıqlama qurtaracaq kimi görünə bilməzdi. Bu da qurtarmadı, sadəcə müvəqqəti belə bir görüntü yarandı. Bu açıqlama niyə ortaya çıxdı? Bu barədə də ətraflı bəhs edəcəyik, öncə prosesə başından bir nəzər salaq.

Ramil Səfərov gətirilməliydimi?

Əlbəttə, uzun illər hakimiyyəti sadə xalq və hətta bir çox siyasilər də Ramil Səfərova qarşı mövqeyinə görə qınamışdı. Bu sətirlərin müəllifi məhşur məhkəmə qərarına etiraz aksiyası keçirdərkən həbs də olunmuşdu. Hakimiyyəti Azərbaycan zabitinin vəkilinin fəaliyyətinə hətta maddi yardım etməməkdə qınayırdıq. Və bu qınaqlar da əsaslı idi. Hansısa səbəbdən hakimiyyət Ramil Səfərovun köçürülməsinə nail ola bildi. Bu müsbət bir hadisə idi. Amma hakimiyyətin səbri çatmadı ki, xalq bu addıma görə ona təşəkkür imzalasın, AZTV nəzir dilənçiləri kimi küçələrə düşdü və ənənəvi yolla “minnətdarlıq toplamağa” başladı. Bununla da hər şey məlum oldu, hakimiyyət siyasi xal qazanmaq üçün belə bir addım atıb. Amma nəticədə Ramil Səfərov azadlıqda idi.

Ermənistanda ara qarışdı

Bu hadisə ermənistanda aranı qarışdırdı. Militar siyasət yürüdən Sarkisyan nüfuzunu itirməmək üçün hətta terror əmri də verdi. Aydın məsələdir ki, onun əmrləri konkret nəticələr verməsə, seçkilərdə demək olar ki, ciddi nüfuz zərbəsi almış olacaq. Onsuz da, müharibə əleyhdarları olan xeyli seçici onun əleyhinə səs veriridi. Bu dəfə isə hərbçilər zəif komandirdən üz döndərə bilərlər. Bu proses nəylə nəticələnər? Qısaca onu demək olar ki, əsas alternativ olan Petrosyanın qələbə imkanları və bununla da Ermənistanın daha sürətli demokratik keçid əldə etməsi baş tuta bilər. Rusiya bu nəticəni göz almadığı üçün yenidən silahlı münaqişə qızışa da bilər.

Qərb strukturları səhv etmədilər

Avropa Parlamentinin məlum qətnaməsi hadisəyə kompleks yanaşarkən əslində çox faydalı sənəd idi. Azərbaycanın addımını pisləməklə Ermənistandaki isterik vəziyyəti Rusiyanın istismarından xilas elədi. Və hərbi gərginliyi aradan qaldırmaq üçün Ermənistanla dialoq imkanı əldə etdi. Bu işin qlobal tərəfi idi. Bizə aid olan mərhələdə məsələ daha həssas idi. Hakimiyyət AP-nin bu qətnaməsinə çox ciddi fürsət kimi baxırdı. Xalqın Ramil Səfərov məsləsinə həssaslığından istifadə edib, Qərbi bütövlükdə qarşı cəbhəyə almaq istəyirdi. Bu etiraz bəyanatının hazırlanması da ona hesablanmışdı. Müxalifəti şantaj etmək üçün onlara imza atmaq təklif edildi. (Maraqlıdır ki, bu sənədə hakimiyyətin bütün oyunlarında iştirak edən bir partiaya sədri qol çəkməyib) . Belə gözlənti var idi ki, müxalifət “YAP-la birgə AP-nə etiraz etmək” kimi qeyri populyar bir addıma getməz. Bununla da hakimiyyətin əlinə fürsət düşər ki, müxalifəti anti milli olmaqda suçlasın. Müxalifət isə daha strateji düşündü, Qərbə qarşı etirazı hakimiyyətin istismarından xilas elədi. Və iki mühüm təhlükənin qarşısını aldı. Birincisi, Qərbin bütün tələblərinə deyil, yalnız hərbçi Səfərovla bağlı tələblərinə etirazı təmin etdi, ikincisi hakimiyyətin Qərbin demokratiya tələblərindən imtina imkanlarını əldə etməsinə yol vermədi. Bununla da, Azərbaycan hakimiyyətinin Qərbə olan “izoliyasiya”cəhdi alınmadı. Bu olay həm də onu ortaya qoydu ki, cəmiyyət məhz müxalifətin atdığı addımlarla hərəkətə gəlir, bu günə kimi hakimiyyət qərb strukturlarını hətta təhqir də edib, amma heç son olayın onda biri qədər də ictimai reaksiya və diskussiya olmayıb.

Xoruzun quyruğu göründü…

Bu hadisə elə mühüm bir qaranlığa işıq saldı ki, bu Azərbaycan dövlətçilik tarixində üzərində dayanılacaq birinci üç olaydan biridir. AXCP-Müsavat cütlüynün İrana və Rusiyaya münasibəti bu dövlətlərin yeritdiyi siyasətə görə daima tənqid olub. Bu səbəbdən də bu partiyalar daima qərbdən asılı siyasətə meyilli olmaqda ittiham olunurdular. Amma məlum olayda sübut olundu ki, müxalifət Azərbaycanın maraqları əleyhinə olan hər hansı qüvvənin addımına susmur və onu cavabsız qoymur. Bu olayda isterik halda Avropa Parlamentini müdafiə edən qrup da, bütövlükdə Qarabağın işğalına baxmayaraq Rusiyaya gözün üstə qaşın var deməyən, Kremllə bağırdaş olan Azərbaycan hökuməti AXCP-Müsavatın bu addımı fonunda çox məğlub və kiçik görünürdülər.

Əli Həsənov niyə dözmədi?

Hakimiyyət müxalifətin daha müdrik addımından az zərərli çıxmaq üçün bu addımı öz nəzarətində olan bəzi şəbəkələrə pislətdirməyə başladı. ( Buraya YAP- və İlham Əliyevi səmimi tənqi etməyi də bacaran, daha kəskin mövqeli dostlar daxil deyil) Amma bu mərhələdə də ciddi uğur əldə olunmadı. Əsaslı arqumentlərlə necə deyərlər, qarşı tərəf susduruldu. Buna görə də Əli Həsənov “uşaqlar”a kömək eləməyə məcbur oldu. Yəni onlar yenidən başlayacaqlar : “Gördünüz, hakimiyyət yetkilisi sizi ciddiyə almadı?” Amma əsas diqqət yetirməli olan məqam o deyil. Gözlər ona dikilməlidir ki, görək Əli Həsənov bu açıqlamayla kimə kömək etmək, kimə zərbə vurmaq istəyir? Hətta ola bilsin ki, hakimiyyətlə müxalifətin bu məsələ ətrafında eyni mövqedən çıxış etməsi Kremlin Bakı komissarlığını narahat edib, elə ona görə də bu bəyanat ortaya çıxıb ki, hadisələrin daha səmərli (seçki və azadlıqlar istiqamətində dialoqlara getmək) inkişafı tormozlansın.