Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Azərlə bağlı məsələ aydındı. 14 il iş almış bir adamı 2 il sonra buraxmaq üçün çox “mötəbər” bir komissiya qərarı olmalıdır, “aktirovka” (aktlaşdırma) deyilən bu ağır mərhələ baş tutmalıdır ki, ölüm ayağında olan bu adamı evinə buraxsınlar. Amma ölümü elə eyni zaman tələb edən Şahini buraxmaq üçün heç bir mərhələ lazım deyildi – balaca bir vicdan qırığı kifayət idi. Həm də təkcə Şahinin daim şikayət etdiyi 2-ci “zon”dakı Möhsün adlı “oper”də yox, bütün Penitensiar və Ədliyyə Nazirliyi sistemində balaca bir vicdan “ehtiyat hissəsi” gərək idi. Bu adamlar ölürlər və onları islah etməyə ehtiyac yoxdur: bu, texniki baxımdan belə qəbul edilməli idi. Bu adamlar ölürlər və imkan vermək lazımdır ki, gedib evlərində onların doğma saydıqları adamların əhatəsində ölsünlər: bu da humanitar baxımdan zəruri idi. Insanlığa bu və ya başqa şəkildə dəxli olan bu texniki elementlərin qıtlığı və ya yoxluğu onların burada can verməsini şərtləndirirdi.
Danışırdılar ki, nə zamansa, general Aydın Qasımov Penitensiar Xidmətin rəisi olanda buradan bir narkotacirdən 40 min dollar alıb, aktlaşdırıb buraxıblar. Sonra Rusiyanın Federal Təhlükəsizlik Xidməti Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə bir videosüjet təqdim edib. Bu süjetlə təsdiq edilirmiş ki, həmin narkotacir rusiyalı həmkarları ilə birlikdə Moskvada oturub sövdələşir. Onu tutub geri qaytarıblar və bir aydan sonra burada ölüb. O zamandan sonra buradakı ölümcül xəstələri azad eləmirlər. Burada öldürüb meyitini ailəsinə təhvil verirlər. Bunun adı insanlıq deyil…
Məndən tələb olunan əsas iş Azəri himayəyə götürməkdir. Həm də bunu o qədər ehtiyatla etməkdir ki, özünün xəbəri olmasın, onun xüsusi olaraq qayğısına qaldığımdan nə şübhələnsin, nə də darılsın. Buna görə də Azərin buradakı iddialı mövqeyilə barışmaq lazım idi. Öz dözülməz ağrıları ilə həyatının son günlərini yaşayan, amma bundan xəbəri olmayan adamın bu cür iddialarının heç bir zərəri yoxdu.
“Heydər Əliyev bir tərəfə çəkdi, Rəsul Quliyev də o biri tərəfə…”
Əsl cangüdənə oxşayan “balandyor” palataya dürtüldü. Onu Azər çağırtdırmışdı ki, buradakı köşkdən bəzi zəruri ərzaq aldıraq. Bu boyda gövdə və boy-buxunla “balandyor”luğu qəbul eləmək anlaşılmaz keyfiyyətdir. (“Balandyor” – yemək paylayana deyilir). Həbsxanada bu işlə məşğul olmaq aşağı ranqı qəbul etmək deməkdir. Onun isə bu aşağı ranqdan imtina etmək üçün, onu hətta zorla qəbul etməmək üçün bütün göstəriciləri vardı. Azər ona pul və siyahı verdi. Adam qapıdan çıxhaçıxda gözü mənə sataşdı, az qala bağırdı:
– Siz burdasız?! Mən sizi kiminləsə qarışdırmıram ki?! Məni tanımalısız…
– Hardan tanımalıyam səni, a bala,- dedim.
– Mən “Xaqani”də, sizin redaksiyanın o biri böyründə, zirzəmidəki kafedə işləyirdim. Sizi həmişə orada görürdüm. Tanıyıram… Mənim əmim də jurnalist idi. Babək müəllimi tanıyardız, Az.TV-nin şefi. O zamanlar Heydər Əliyev bir tərəfə çəkdi, Rəsul Quliyev də bir tərəfə… Işdən çıxdı.
– Əlbəttə, tanıyırdım. Işdən çıxandan sonra xeyli müddət bir qolu gipsdə gəzdi…
Adam sifətimə anlaşılmazlıqla baxdı. Elə bildi ki, kiminləsə səhv salıram. Onu tərəddüddən xilas etmək üçün sakitcə, tövrümü pozmadan əlavə etdim:
– Hərəsi bir qolundan tutub dartırdılar, yəni. O zaman bir qolu çıxmışdı…
Mühafizəçi qapıdan daldalı çıxdı. Üzümü bu tərəfə çevirəndə Azəri yerdə gördüm. O, iniltiyə bənzər bir səs çıxarırdı, çiyinləri tullanıb düşürdü. Qorxdum. Adam can verirmi? Yaxınlaşmağa da ürək eləmədim və donub qaldım. Handan-hana onun titrəməsi durdu. Əli ilə mənə qapını göstərdi:
– Sənin başına dönüm, çıx. Çıx nə olar, bir azdan gələrsən… Öldüm… Indi tikişlər partlayacaq!..
Başa düşdüm və cəld çarpayıdan tullanıb özümü dəhlizə atdım. Elnur da dalımca. Burnu tamponlu Ramin isə yatırdı.
Bir neçə dəqiqədən sonra Elnuru içəri yollamaq istəyirdim ki, kəşfiyyat məlumatı gətirsin. Amma Azər özü əlini böyrünə sıxıb qapıya çıxdı. Stress keçmişdi, ölüm – partlama təhlükəsi sovuşmuşdu:
– Hacı, qadan alım, belə eləmə. Tikiş partlasa ölərəm, axı.
Mən də gülüşümü boğdum və içəri keçdik:
– Yaxşı, bir də belə şey eləmərəm. Amma sən də çox bənd olma də. Mən ona elə-belə, lağ elədim, səni həlak eləmək fikrim yoxdu, axı. Bir az da nəzərə al ki, mənim danışığım replikalar üzərində qurulur. Yoxsa mən… bunlarla nə danışım ki? Bütün günü yeyir, gecə də bütün mümkün üsullarla əcayib səslər çıxarır…
Yenə də günahımı başa düşdüm və dəhlizə atıldım. Azərin tikişlərin sökülməsinə səbəb ola biləcək başqa bir replika işə düşsə, biabırçılıq olacaqdı…
Xəstəxanaya gələn kimi Bayılda mənimlə bir kamerada olan Elxangilə xəbər göndərmişdim ki, beş-on manat verib gəlsin bura. Məndən bir həftə sonra gəldi. Həmin gün “tampon” getdiyinə görə palatada yer boşalmışdı və təbii ki, Elxanı gətirdim onun yerinə…
Elxan çox təmizqəlbli və çox tərs adamdı. Amma onunla yola getmək qədər rahat münasibət yoxdur. Tərsdi, qoy, tərs olsun. Tərsliyindən ziyan gəlməz. Uzaqbaşı Yamən kişiyə görə tərslik eləyər. Yamən çox önəmli adamdır. 11-ci “zon”dan gəlib. 75 yaşı var, amma Allah bilir hansı yaramazlığa görə tutulub. Korpusa dürtülən kimi özünə həmyerli axtarıb və Elxanı nişan veriblər. Elxanı da tapan kimi başladı artistlik eləməyə. Yaşına uyğun olmayan söhbətlər və davranışlarla özünü sadəlövh göstərmək istədi.
“Bu adamı başından rədd elə, getsin, – dedim, – onun sifətindən yaramazlıq yağır”.
Amma Elxan dirənib durdu ki, ağsaqqal adamdır, qayğısını çəkmək lazımdır. Onu fikrindən daşındırmaq istədim: “Sənə qayğısı çəkiləsi adam lazımdırsa, buralar beş-on gün ömrü qalmış adamlarla doludur, hamısının sifətinə ölüm kölgəsi qonub, onlardan bir-ikisini ayırım, verim sənə, qulluq elə. Amma bu adam indiki 75 yaşı ilə səni o dünyaya yola salmaq havasındadı. Qoy cəhənnəm olsun! Bu adam ağsaqqallıq eləyən zibil olsaydı, bu yaşda kəndində-kəsəyində oturub eləyərdi. Burada sənə üçüncü arvadı ilə birinci arvadının davasından danışmazdı…”
Xeyri olmadı. Bir-iki gün sonra mənim dediklərimin doğru olduğunu bildi, amma tərsliyi tutduğundan Yaməni acılaya-acılaya da olsa, yeməyə çağırırdı. Vəssalam. Bu da Elxanın tərsliyi. Qalan bütün məsələlərdə qızıl parçasıdır ki var!
Hətta Qobustandan burun cərrahiyyəsi üçün gəlmiş möhtəşəm cinayətkarlardan olan Naxçıvanlı Xəlil də Elxanı tərifləyirdi. Xəlil “köhnə”lərdən idi. Birinci “srok”unun bir hissəsini Fuad Qəhrəmanlı ilə keçirmişdi. Fuadı da yaman tərifləyirdi…
ardı var