«İlham Əliyev nə deyir, desin, sanksiyalar qərarı olsa, bu baş verəcək»
Leyla Əliyev: «Ərəb dünyasında baş verən proseslər onu sübut edir ki, oxşar hadisələr istənilən regionda gerçəkləşə bilər»
İlham Əliyevin səfirlərlə görüşündə səsləndirdiyi bir sıra fikirləri ekspertlər birmənalı qiymətləndirmir. Ilk olaraq diqqət çəkən məqam I.Əliyevin beynəlxalq təşkilatlarla münasibətlərdə bundan sonra daha çox ikitərəfli əlaqələrə üstünlük veriləcəyini söyləməsidir. Belə bir açıqlamanın səbəbi nədir? Müsahibimiz politoloq Leyla Əliyevaya gündəmdə olan həm bu həm də başqa məqamlarla bağlı suallar ünvanladıq:
– Bu, təəccüblü deyil və dövlət başçısının belə bir açıqlama verməsi hakimiyyətin siyasətinə adekvatdır. Çünki ikitərəfli münasibətlərdə daha çox iqtisadi əlaqələr prioritet təşkil edir və gündəmdə olur. Bundan başqa, burada hansısa öhdəliklər yoxdur. Amma münasibətlərin kompleks formada qurulması isə həm siyasi məqamların müzakirəsini, həm də qarşılıqlı öhdəliklərin götürülməsini nəzərdə tutur. Instutisional, çoxtərəfli münasibətlərdə Azərbaycan gərək özünün Avropa kimliyini sübut etməlidir. Çünki bu zaman Azərbaycan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi sürətinə görə başqa ölkələrlə rəqabətə girməli olacaq. Hakimiyyət ikitərəfli münasibətlərdə özünü çox rahat hiss edir. Çünki burada münasibətlər daha çox praqmatik əsasa söykənir.
Hakimiyyət özünə qarşı sanksiyaların tətbiqinə “çalışır”
– İlham Əliyev bundan başqa vurğulayıb ki, Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatlar onun qarşısında şərtlər irəli sürə bilməzlər. Bir sıra ekspertlər hesab edir ki, bu, Avropa Birliyinə bir mesajdır. Çünki AB bu yaxınlarda Azərbaycana qarşı sərt sanksiyaların tətbiq edilə biləcəyini gündəmə gətirmişdi. Bu əlaqəli ola bilərmi?
– Bəli. Əlbəttə, İlham Əliyev bu bəyanatı təsadüfən verməyib. Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti ona qarşı da sanksiyaların tətbiq olunma yolu ilə gedir. Belarus Avropa Birliyinin üzvü deyil. Amma ona qarşı Avropa Birliyi və başqa dövlətlər sanksiya tətbiq ediblər. Ona görə İlham Əliyev desə də, deməsə də sanksiyaların tətbiqi ilə bağlı qərar olsa, bu baş verəcək.
– İlham Əliyevin səfirlərə daha bir mesajı “Eurovision” ərəfəsində Azərbaycana aid geniş məqalələrlə çıxış edən mətbu orqanlarla əlaqələr qurmağın zərurəti ilə bağlı olub. Bu narahatlıq nədən qaynaqlanır?
– Belə bir toplantının keçirilməsi və orada müvafiq mesajların verilməsi sırf gələcəklə bağlı narahatlıqdan irəli gəlir. Ümumiyyətlə, Ramil Səfərov məsələsindən sonra səfirlərin necə işləməli olduğunu hakimiyyət bu yolla onlara çatdırıb. Və bundan sonra hakimiyyətin bu istiqamətdə piarını bir qədər gücləndirəcəyi gözləniləndir.
Beynəlxalq reaksiyanın sərtliyini daxili ictimai rəy təyin edəcək
– Ümumiyyətlə, bu mesajlar nəyi göstərir. Buradan nəticə çıxarmaq olarmı ki, hakimiyyət siyasətini əvvəlki formada davam etdirməkdə və islahata getməməkdə israrlıdır?
– Bu, hakimiyyətin bir piar siyasətidir. Düşünürəm ki, hakimiyyət hazırda özünə beynəlxalq aləmdə bir imic formalaşdırmağa çalışır. Beynəlxalq media ilə də sıx əməkdaşlığın zərurəti də buna xidmət edir. Hakimiyyətin islahatlara niyyətinin olub-olmadığını zaman göstərəcək. Ölkədə siyasi məhbus problemi hələ də aktualdır. Bundan başqa problemlər də mövcuddur ki, hakimiyyət onları ciddi şəkildə həll etməlidir.
– İlham Əliyev bir müddət əvvəl Ramil Səfərov məsələsində Avropa Şurası başçısının ünvanına sərt ittihamlar səsləndirdi. Bu günlərdə AŞ Azərbaycanla bağlı vəziyyəti, Ramil Səfərov məsələsini müzakirə çıxaracaq. Bu müzakirələri necə dəyərləndirirsiniz?
– Bu barədə hazırda qəti fikir söyləmək çətindir. Amma onu demək olar ki, Azərbaycan hökuməti ehtiyatsız bir addım atıb. Düşünürəm ki, hökumət bu məsələdə daha ehtiyatlı addımlar atmalı və beynəlxalq təşkilatlarla sərt tonda danışmamalı idi. Beynəlxalq hüquqlara bu səviyyədə hörmətsizlik yolverilməzdir. Düşünürəm ki, Ramil Səfərov məsələsinə Azərbaycan hakimiyyəti daha çox işğal altında olan ərazilərimiz kontekstində yanaşmalı idi.
– Bir müddət sonra ölkədə seçkilərlə bağlı siyasi aktivlik artacaq. İlham Əliyev 3-cü dəfə namizədliyini irəli sürmək niyyətindədir. Bu addıma beynəlxalq reaksiya necə ola bilər. Ictimaiyyət buna sərt reaksiyasın sərgiləyərsə proseslərin gedişini necə dəyişə bilər?
– Belə bir fikir formalaşıb ki, Qərbə Azərbaycandan enerji resursları – neft və qaz lazımdır. Azərbaycanda baş verənlər isə cəmiyyətin daxili işidir. Ölkə daxilində buna ciddi etiraz olmayacaqsa, beynəxlaq təşkilatların sərt etirazı müşahidə edilməyəcək. Cəmiyyət sərt reaksiya verməzsə, Qərb dünyası da baş verənlərə sükutla yanaşacaq. Liviya və Misir hadisələri göstərdi ki, daxildəki etiraz dalğası ciddi əhəmiyyət kəsb edir. Dəstək yalnız bu halda gəlir.
Avtoritarizm bizim dövrdə çökəcək
– Hakimiyyətin hazırda seçkidə ehtiyat variant kimi başqa namizəd irəli sürə biləcəyi də mətbuatda qeyd olunmaqdadır. Amma ehtiyat namizəd kimi yenə ailə üzvlərinin adı hallanır. Başqa şəxslərə etibar edilməməsi nəylə bağıdır?
– Bu hakimiyyət heç kimə güvənmir. Hazırkı sistemi elə qurulub ki, istənilən dəyişiklik təhlükə kimi dəyərləndirilir. Ona görə hakimiyyətdəki mövcud balansı heç kim pozmağa cəhd göstərməyəcək. Hakimiyyətin islahatlara getmək niyyəti və fərqli namizəd irəli sürmək niyyəti varsa, bu, yenilik olacaq. Amma düşünmürəm ki, hakimiyyət seçkidə fərqli namizəd ilə çıxış edəcək. Güman ki, İlham Əliyev yenidən namizədliyini verəcək.
– Misir və Liviyada inqilabi proseslər gedən zaman vurğulanırdı ki, demokratik dəyişikliklərin növbəti dayanacağı postsovet məkanı, Azərbaycan ola bilər. Hazırda Suriyadakı proseslər sona çatdığı ərəfədə bu yanaşma yenidən baş qaldırıb. Xüsusilə onu nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan seçki ərəfəsindədir?
– Siyasi baxımdan bizi ərəb ölkələri ilə müqayisədə postsovet məkanı ilə birləşdirən məqamlar daha çoxdur. Amma ərəb dünyasında baş verən proseslər onu sübut edir ki, oxşar hadisələr istənilən regionda gerçəkləşə bilər. Avtoritarizm daimi deyil və bu sistemin sonu mütləq olacaq. Bu proses də bizim dövrümüzdə baş verəcək.
Xəyal