İranın keçmiş prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi sentyabrın 24-də Tehran prokurorluğunda dindirildikdən sonra həbs edilib. “Media forum” saytının məlumatına görə, o, Tehranın Evin zindanına aparılıb. Mehdi Haşimiyə hansı ittihamların irəli sürüldüyü haqda məlumat yayılmayıb.
***
İranın sabiq prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi tutulub, 3 il mühacirətdə yaşayan oğlu Mehdi Haşimi isə ölkəyə qayıdan kimi prokurorluğa çağırılıb.
“Media forum” saytının məlumatına görə, təhlükəsizlik qüvvələri Faizə Haşimini sentyabrın 22-si axşam saat 23-də mənzilində tutub Tehranın Evin zindanına aparıblar. Tehran məhkəməsi bu ilin yanvar ayında Faizə Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, o, həbsə salınmamışdı. Məhkəmə Faizə Haşimini xaricdə fəaliyyət göstərən müxalif saytlardan birinə müsahibə verməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırmışdı.
Haşimi Rəfsəncaninin mühacirətdə yaşayan oğlu Mehdi Haşimi isə sentyabrın 23-dən 24-ə keçən gecə ölkəyə qayıdıb. Tehran aeroportunda onu ailə üzvləri qarşılayıb. Hava limanında Mehdi Haşiminin gəlişini gözləyən prokurorluq nümayəndəsi ona yazılı çağırış vərəqəsi verərək sentyabrın 24-də prokurorluğa gəlməli olduğunu bəyan edib.
2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad Haşimi Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə günahlandırmışdı. Prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyaları keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulmuş, sonra isə ölkəni tərk edərək Böyük Britaniyaya getmişdi.
Mehdi Haşimi bundan əvvəl İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejeiyə açıq məktub yazaraq müstəqil və ədalətli bir məhkəmə keçirilməsi, ETTELAAT-ın prosesə müdaxilə etməyəcəyinə təminat verilməsi şərti ilə ölkəyə qayıdıb mühakimə olunmağa hazır olduğunu bildirmişdi.
Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.