Qraçov ölüb

Rusiyanın keçmiş Müdafiə naziri Pavel Qraçov 65 yaşında, Moskvada yerləşən Vişnevskiy hərbi hospitalında vəfat edib. Bu barədə məlumatı hospital nümayəndələri yayıblar. Onun ölüm səbəbi haqda hələ ki rəsmi məlumat yoxdur.

“Kommersant” qəzeti yazıb ki, sentyabrın 12-də ağır vəziyyətdə hospitala gətirilən general dünən insult keçirib.

Qraçovla vida mərasimi sentyabrın 25-də Rusiya Silahlı Qüvvələrinin Mədəniyyət Mərkəzində olacaq.

Qraçov 1990-1991-ci illərdə SSRİ Hava Desant Qoşunlarının komandanı olub. O, sovetlərin Əfqanıstan kampaniyası zamanı fərqlənən zabitlərdən biri olub. 1991-ci ildə SSRİ-də baş verən “avqust qiyamında” Yeltsinin tərəfini tutaraq, Ağ evə hücum etmək əmrindən imtina edib. Daha sonra Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb. 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri olub.

Əfqanıstan müharibəsində iştirakına görə Sovet İttifaqı Qəhrəmanı adını alan Pavel Qraçov SSRİ Silahlı Qüvvələrində diviziya, polk, vzvod, rota, batalyon komandiri olub.