“O həbsdə qalmağım üçün əlindən gələni edib”
“İstəyirdi ki, oğlunun azadlığa buraxılması üçün İlyas İsmayılov ona yalvarsın”
Ötən həftə İlham Rəhimov “Yeni Müsavat” qəzetinə verdiyi geniş müsahibədə Ədalət Partiyasına sədr ola bilməsi ehtimalı ilə bağlı sualı da cavablandırıb. “Bugünlərdə sizin haqqınızda Ədalət Partiyasının funksioneri Etimad İsmayılov belə bir açıqlama vermişdi ki, guya siz İlyas İsmayılovdan sonra bu partiyanın rəhbəri olmaq istəyirsiniz, amma sizin buna potensialınız çatmaz…” sualına cavabında İlham Rəhimov deyib ki, Ədalət Partiyasında müavin olanda İlyas İsmayılov özündən sonra partiyanın rəhbəri kimi onu görmək istədiyini deyirmiş: “Mən deyirdim ki, bunu istəmirəm. İndi onun oğlunun bu cür açıqlama verməsi məni təəccübləndirdi. Çünki xeyli vaxtdır “Ədalət”dən aralanmışam, ora ilə heç bir əlaqəm yoxdur. İndi İlyas müəllimin oğlu bunu niyə, nə məqsədlə ortaya atır, özü bilər, əgər o reallıqları bilmək istəyirsə, atasından soruşsun, İlyas müəllim onu başa salar”.
Hazırda Azərbaycandan kənarda olan Etimad İsmayılov Modern.az-ın əməkdaşı ilə söhbət zamanı İlham Rəhimovun açıqlamasına sərt cavab verib:
– Mən əvvəl də mətbuata verdiyim musahibəmdə demişdim ki, Ədalət Partiyasında İlyas Ismayilovdan sonra partiya rəhbəri vəzifəsində İlham Rəhimovu görmək istəyən kiçik bir qrup var. Amma şəxsən mən onun bu məsul vəzifə ücün tam yararsız oldugunu bildirmişəm. Partiya daxilində mövcud olan bu kiçik qrup öz mövqeyini onunla əsaslandırır ki, İlham Rəhimovun pulu və Rusiya kimi qüdrətli dövlətin yuxarı təbəqəsi ilə sıx təmasları var.
“Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində İlham Rəhimov bildirib ki, Ədalət Partiyasinın sədri vəzifəsində özündən sonra İlyas Ismayilov məhz onu görmək istəyib və anlamır ki, niyə mən bu məsələni “ortaya atmışam”.
Mən İlham Rəhimovu Ədalət Partiyasının rəhbəri vəzifəsi üçün həm yararsız, həm dövlətim üçün təhlükəli ona görə hesab edirəm ki, onu görünmək istədiyi kimi yox, dərindən tanıyıram və şəxsi ‘keyfiyyətləri’ və əməlləri haqqında məlumatlıyam.
Qısaca bunları deyə bilərəm.
Onun həyatında 3 himayədarı olub: Nikolay Aleksandrovic Belyayev, İlyas İsmayılov və Vladimir Putin.
Birincisinin sayəsində elmi dərəcələrə yiyələnib, rəhmətə gedəndə heç yas yerinə getməyi özunə rəva görməyib.
İkincisinin sayəsində dolanıb, ictimayyət arasında tanınıb, hormət sahibi olub. Sonda satıb, onun oğlunun (özünü nəzərdə tutur – Modern.az) türmədən çıxmaması üçün əlindən gələni edib. Oğlunun azadlığa buraxılması üçün İlyas İsmayılovun ona yalvarmağını gözləyib və buna nail ola bilməyib, rəhbər olduğu partiyasını sarsıtmaq istəyib və sairə.
Üçüncünün sayəsində isə həmyerlilərimizin mülklərini əlindən alıb, çörəklərinə bais olub, onun əlindən öpməyənləri sürgün etdirib, hüquqi cəhətdən savadsız insanları özünə məxsus olan ticarət quruluşlarında qul kimi işləməyə məhkum edib. Rusiya dövlətinin talanmasında aktiv iştirak edib, düşmənlərimizin bəzi numayəndələrinə lobbiçilik edib və sairə.
Budur onun gerçək ‘ixtiralari”, “alim”, “iş adamı”,”hörmətli adam” siması və keyfiyyətləri.
Yuxarıdakıları nəzərə alaraq mən onun Ədalət Partiyası sədri vəzifəsinə sahib olmasının hər zaman əlehinə olmuşam.
İlham Rəhimov bu gün varlığına, sərvət sahibi olduğuna görə özünü dostu Putin uçun faydalı göstərmək istəyir. Buna görə samballı, xeyriyyəçi insan imicinə yiyələnmək arzusundadır. Bu ona hesablanıb ki, hər hansı böhranlı durumda nicat, xilaskar obrazında dövlətimizi yenə çətir altına salsın.
Özüm Vətənimin müxtəlif səbəblərə görə, Rusiya ilə qarşılıqlı hörmət və fayda əsasında normal münasibətinin tərəfdarıyam. Amma çətir altında, imperiyanın tərkibində yox. Bunları nəzərə alaraq İlham Rəhimovun guya siyasətdən kənarda durduğunu ifşa edib, fəaliyyətini dövlətim üçün zərərli hesab edirəm.
Onun nəfəsi də yalandır. İstər “Yeni Müsavat”a verdiyi müsahibədə dedikləri, istər tərcümeyi-halında göstərilən faktlar yalandır. Onun mənə əzəldən olan nifrətinin iki səbəbi var: Mən onun gerçəkdən kim olduğunu bilirəm və bunu üzünə deməkdən heç vaxt çəkinməmişəm.
Mən bu açıqlamalarıma görə heç də ehtiyatlanmıram. O mənə əvvəllər də pisliklər edib: yiyəsizlər vasitəsilə haqqımda böhtan xarakterli yazılar yazdırıb, mənimlə təmasda olan adamları qorxudub, dost-qardaşlarımın üstünə qoçularını göndərib, həbsdə qalmağım üçün əlindən gələni edib. Amma mən onu nə dünən, nə bu gün etiraf etməmişəm. Əldə ölən oğlan da deyiləm, hər üzünə cavab verərəm.
Etimad İsmayılovun açıqlamasını olduğu kimi təqdim etdik. Modern.az saytı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırdır.
Modern.az