Ziya Məmmədov sürücülərə işgəncə verir

Qəzaların səbəbinin biri sürücülərin 18 saat iş başında olmasıdı

Sahib Məmmədov: “12-15 saat marşrutda olmaq insanın istismar olunması deməkdir”

Son aylarda paytaxtda insan tələfatı ilə nəticələnən sərnişin avtobusu qəzalarının sayının artıb. Bu da ciddi narahatlığa səbəb olub. Belə qəzaların baş verməsinə bir neçə səbəb göstərilir. Bunlardan biri sərnişin avtobuslarının səriştəsiz sürücülərə etibar edilməsidir. Digər səbəb kimi isə sürücülərin iş qrafiki göstərilir. Səhər saat 6-dan gecə 12-yə qədər iş başında olan sürücülərin yorğun və gərginliyi nəticədə qəzaya səbəb olur. Bu problemin aradan qaldırılması üçün müvafiq qurumlar hansı addımlar atmalıdır?
Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov sərnişin nəqliyyatında işləyənlərin nə əmək müqaviləsinin, nə də dəqiq iş və istirahət saatlarının olduğunu deyir. Baxmayaraq ki, əsəb və gərginliklə müşahidə olunan işdə yorğunluq tez yaranır.

Hüquq müdafiəçisi Avropa Ittifaqı ölkələrində sərnişin avtobusları və sürücülərlə bağlı ciddi standartların olduğunu bildirdi. Avtobuslarda xüsusi avadanlıqlar quraşdırılıb və hər 200 kilometrdən bir növbə dəyişir. Əks halda böyük cərimələr nəzərdə tutulub.
S.Məmmədovun sözlərinə görə, 12-15 saat marşrutda olan insan istismar olunur. Bu halda əməyin mühafizəsi qaydaları kobud şəkildə pozulur. Digər tərəfdən, o başqaları üçün təhlükə yarada, sərnişinlərə, başqa sürücülərə, piyadalara, infrastruktura ziyan vura bilər.
Hüquq müdafiəçisi sərnişin avtobuslarında pul yığılması məsələsinin də ciddi problem kimi qaldığını qeyd etdi. Çünki inkişaf etmiş ölkələrin heç birində sürücü yol pulu yığmır. Yalnız Azərbaycan kimi ictimai nəqliyyat sarıdan geridə qalmış ölkələrdə belə gülünc hal baş verir. Bütün normal ölkələrdə insanlar köşklərdən bileti alır, yaxud aylıq, həftəlik bileti olur. Sərnişinin gediş haqqını ödəyib-ödəməməsi sürücünün problemi deyil. Belə olan halda o, avtobusu dayanacaqdan kənarda saxlamır. Azərbaycan isə hələ ötən əsrin 70-ci illərinin səviyyəsindən geridədir: “Burda 1970-ci illərdə talon sistemi tətbiq olunmuşdu. Biz hələ ictimai nəqliyyatı 70-ci illər səviyyəsinə qaytarmalıyıq. Bunun üçün də illər lazımdı”.
Ictimai nəqliyyat sistemində özbaşınalığın olduğunu deyən S.Məmmədov bu sahənin Nəqliyyat Nazirliyinə verilməsinin vəziyyəti bir qədər də korladığını qeyd etdi. Lakin ictimai nəqliyyatın nazirlikdən alınıb Bakı Şəhər Icra Hakimiyyətinə verilməsi də vəziyyəti düzəltməyəcək. Çünki ortada yalnız bir məqsəd var. Az xərc çəkib çox pul götürmək.
Sərnişin avtobusu sürücülərinin iş qrafikinin mürəkkəb olmasının səbəblərini öyrənmək üçün Nəqliyyat Nazirliyinə müraciət etsək də, gün ərzində zənglərimiz cavabsız qaldı.  

Fizzə