Qərbli və şərqli insanlar çarpaz prizmada

Zaman özü hər şeyi yerbəyer edir. Güman edilirdi ki, bir filmin doğurduğu ehtiraslar da zamanın süzgəcindən keçib azalacaq və unudulacaq. Amma minlərlə insanı ayağa qaldıran film ətrafında ehtirasların qismən səngiməsi gözlənildiyi vaxt Fransa jurnalı öz karikaturaları ilə vəziyyəti bir az da gərgin duruma gətirdi. Indi iş o yerə çatıb ki, hətta Bakıda da Fransa səfirliyinin mühafizəsi gücləndirilib.
Hadisələr məni həm də ona görə təəccübləndirir ki, sanki hər şey tanış və köhnə ssenari üzrə baş verir. Müsəlmanların dini hiss və duyğularını başa düşmək mümkündür. Amma bu hisslər kiminsə əlində əsl “sosial rıçaq”a çevriləndə buna yalnız təəssüf etmək qalır. Şərait bir az sakitləşməyi və prosesləri soyuq mühakimə ilə müzakirə etməyi tələb edir.
Bir vaxt S.Rüşdi də öz kitabı ilə müsəlman dünyasını çalxalamışdı. Bəzi din xadimləri indi də onun başına ayrılan məbləği artırmaqda davam edir, Rüşdi cənablarının personasına olan diqqəti azalmağa qoymurlar. Lakin mənə elə gəlir ki, Rüşdiyə də elə bu lazımdır. Hərçənd, “məşhurlaşdığı” vaxtdan ta bu günə qədər onun keçirdiyi həyatda qibtə ediləsi çox az şey var.
Mənim qənaətimə görə, bu proseslərdə Şərqlə Qərb bir daha bir-birini anlamadığını biruzə verir. Bəli, şərqli insan qərblini, qərblisə öz növbəsində şərqlini dərk etmir. Emosional Şərq soyuqqanlı və hər şeydə dəqiq maraq, haqq-hesab güdən Qərbi başa düşmür. Qərb də öz növbəsində hisslərini cilovlamağı və bəzən də idarə etməyi bacarmayan Şərqi başa düşməkdə acizdir. Amma bu prosesdə mənə elə gəlir ki, üstünlük bütün hallarda Qərbin tərəfindədir. Ən azı, o səbəbə görə ki, o, şərqli insanın xarakterini və onun bir sıra məsələlərə yönəlik reaksiyasını çox gözəl proqnozlaşdırmağı öyrənib. Başa düşməyə cəhd etsək, qərbli insanın da bu proseslərdəki niyyətini və umacaqlarını bir analitik süzgəcdən keçirmək o qədər də çətin məsələ deyil. Bəli, soyuqqanlı tərzdə mühakimə yürütsək, qərblinin də davranışı başadüşüləndir.
Qərbli insanı hansı motivlər hərəkət etdirir?
Insanlar, ümumiyyətlə, yeri gəldi, gəlmədi, ümumiləşdirmələri çox sevirlər. Əksər hallarda bütün bu proseslərin bir yüksək səviyyədən idarə edildiyini güman edirlər. Bu, nə qədər həqiqətə uyğundur? Mənə elə gəlir ki, qərblilər əslində, bu proseslərdə öz cari maraqlarını güdürlər. Bu maraq isə tanınmaq və reklam olunmaq, bunun müqabilində pul və sərvət qazanmaqdır.
Mən bu proseslərə bir şou-biznes kimi baxıram. Müxtəlif insanlar qalmaqal yaradıb bundan öz biznesləri üçün istifadə etmək istəyirlər. Qərbin reklam qanunu çox sadədir: “Mənim haqqımda nə yazırsan, yaz! Amma adımı və familiyamı düzgün qeyd elə!”. Qərbdə qalmaqal yaradıb tanınmaq, özünü, filmini və ya jurnalını reklam etmək adi bir işdir. Təəccüblənməyin, amma karikaturaların dərcilə məşhurlaşan jurnalın redaktoru deyib ki, əvvəllər insanlar bu jurnalı əllərdə görmürdü və adamlar, hətta onu açıb baxmırdılar, amma indi tapmaq belə olmur. Bəli, məsələ bundadır. Karikatura dərc etdin, Islam dünyasını və dindarları ayağa qaldırdın, bir neçə gün dünya efirini zəbt etdin və yaxşıca pul qazandın! Qərb insanı yalnız bu aspektdən düşünür.
Əvvəldə S.Rüşdini yada saldıq. Elə onu da oxşar motivlər idarə edir. Bir nəfər yazıçı bir neçə il bundan əvvəl onun haqqında yazmışdı: “O elə adamdır ki, Nobel mükafatı almayana qədər sakitləşməyəcək!..” Biz isə bu problemlərin kökündə siyasi və hətta geosiyasi motivlər axtarırıq. Amma bir çox məsələlərin çox sadə və bəlkə də primitiv izahı var.
Təkcə müsəlmanlar hədəfə götürülübmü?
Bəzən düşünürük ki, Qərbli insanlar, necə deyərlər, bizi əməlli-başlı hədəfə götürüb, işləri-gücləri yalnız bizdən yazmaq və bizləri yaxşıca araşdırmaqdı. Bizə elə gəlir ki, yalnız Islam müqəddəsləri haqda nəsə yazırlar. Amma belə deyil. Bir neçə il bundan əvvəl D.Braunun “Da Vinçi kodu” romanı və onun əsasında çəkilən film bütün xristian dünyasını silkələmişdi. O vaxt Vatikan ierarxiyasında Roma Papasından sonra ikinci adam olan keşiş A.Amato lap açıq qibtə hissilə demişdi ki, əgər belə yalan və böhtanlar Quran haqqında deyilsəydi, dünyada haqlı olaraq qiyam olardı!.. Amma keşişin arzu və istəyi reallaşmamış qaldı, Qərbdə üsyan olmadı. Çoxlu tənqid, müzakirələr oldu. Fəqət, bunlar kitaba olan marağı azaltmadı, əksinə, artırdı. Səhv etmirəmsə, həmin kitabın dünya üzrə tirajı 50 milyonu keçib.
Budur, Qərbin stili və onun reklam texnologiyası! Doğrudanmı, bu, belə anlaşılmazdır? Mənə elə gəlir ki, hər şey çox sadədir. Bir Azərbaycan filmində deyildiyi tək: portağal soymaq qədər sadə və asandır.
Ümumiyyətlə, onsuz da mürəkkəb olan və heç kimə güzəşt etməyən bu həyatı mürəkkəbləşdirməyə əsla dəyməz. Mürəkkəbliyi sadələşdirəndə onu dəf etmək də asan olur…