Məşhur ulduzlar Bakıya neçəyə gəlir?

Dünya şöhrətli müğənnilərin qonorarı yüzminlərlə ölçülür

Dünya şöhrətli sənətçilərin Azərbaycana gələcəyi xəbəri son günlər gündəmi əməlli-başlı işğal edib. Artıq gəlişi gözlənilən müğənnilərdən biri – Cenifer Lopez Azərbaycandadır və o, dünən Tofiq Bəhramov adına Respublika stadionunda 17 yaşadək qadınlar arasında dünya çempionatının açılış mərasimində çıxış edib. Bu gün isə onun “Crystal Hall”da keçiriləcək konsert proqramında çıxışı gözlənidir.
Onun ardınca digər tanınmış müğənnilərin – Şakira və Rihannanın da Azərbaycana gələcəyi bildirilir.  
Indi hamını ən çox maraqlandıran məsələ dünya ulduzlarının Azərbaycana nə qədər pulun müqabilində gəlməsidir. Təbii ki, bu rəqəm rəsmi səviyyədə açıqlanmır və bu səbəbdən də internetdə kiçik araşdırma aparıb hər üç müğənninin bu tip tədbirlərdə iştirakının neçəyə başa gəldiyini təqribi hesablamağa çalışdıq.

Milyonluq Cenifer Lopez…

Başlayaq elə hazırda ölkəmizdə olan 43 yaşlı dünya ulduzu Cenifer Lopezdən. Lopez kənardan gələn dəvətlərin müqabilində hər zaman böyük pullar tələb edib. Məsələn, onun yalnız bir mahınını 700 min avroya oxuduğu konsert proqramlarının olduğu bildirilir. Bundan başqa, C.Lopez həyat yoldaşı Mark Antoni ilə ayrıldıqdan bir həftə sonra  Ukraynadakı toylardan birində çıxış üçün 2 milyon dollar tələb edib. Ümumilikdə isə Cenifer Lopezi hər hansı ölkəyə gətirtməyin qiyməti 1,5 milyon dollardır.
Ceniferi bir neçə dəfə məkanına dəvət edən məşhurlardan biri də azərbaycanlı iş adamı, “AST” Şirkətlər Qrupunun rəhbəri Telman Ismayılovdur. 2006-cı ildə T.Ismayılovun 50 illik yubileyində iştirak edən Lopezə bunun müqabilində 1,5 milyon dollar qonorar verilib. Ismayılovun başqa bir dəvətində isə məşhur sənətçiyə on dəqiqəlik mahnı ziyafətinə görə 1,4 milyon dollar ödənib.

Rihanna “Forbes”in liderləri arasında…

Gözəlliyi və səsi ilə tez bir zamanda böyük tamaşaçı kütləsinin sevgisini qazanan 24 yaşlı Rihannaya gəlincə, onun qiyməti Ceniferdən çox da geri qalmır. Deyilənə görə, dünya şöhrətli müğənni çıxışının hər dəqiqəsinə görə qonarar tələb edir. Bu məbləğ də təxminən 6 min dollardır. Rihanna bu yaxınlarda “Forbes” jurnalının ən çox gəliri olan müğənnilərin onluğuna düşüb. Siyahının üçüncü yerində qərarlaşan Rihannanın illik gəlirinin 53 milyon dollar olduğu bildirilir.

Şakira – 800 min dollar

Özünəməxsus səsi və rəqsləri ilə tanınan Şakira da çıxışlarına görə fantastik məbləğdə qonorar alan müğənnilərdəndir. 35 yaşlı müğənnini ölkəsinə dəvət etmək istəyən bunun üçün 800 min dollarından keçməlidir.
Təşkilatçıların sözlərinə görə, hər bir sənətçinin istədiyi qonorar onların tək özləri üçün tələb etdikləri miqdardır. Yəni bu məbləğə konsert salonunun texniki avadanlıqla təmin edilməsi, sənətçinin özüylə gətirdiyi heyətin Bakı otellərindən birində yerləşdirilməsi, avtomobillə və mühafizə xidməti ilə təminatı daxil deyil. Bu işləri görmək təşkilatçıların öhdəsinə düşür. Bu siyahıya Bakı konserti üçün təşkilatçılar qarşısında irəli sürülən müxtəlif  tələblər də daxildir. Eyni zamanda bu sənətçilərin Azərbaycanda konsertlərinin təşkili üçün onların arzu etdikləri səhnəni qurmaq mütləqdir. Əks-təqdirdə, həmin sənətçilər son anda səhnəyə çıxmaqdan imtina edirlər. Belə sənətçilərin qonorarı adətən konsertdən əvvəl nağd şəkildə ödənilir. Bu vaxta kimi Azərbaycanda verdiyi konsertin müqabilində ən böyük qonorarı Elton Con alıb. O, Bakı səhnəsində çıxış etmək üçün nə az, nə çox – 2 milyon avro qonorar tələb edib. Müğənni bu qonorarı aldıqdan və bütün istəklərinin həyata keçiriləcəyinə əmin olduqdan sonra Bakıda konsert təklifini qəbul edib.