Ucarın işıq idarəsinin müdiri nəqliyyat şefinin müdaxiləsindən sonra sərbəst buraxılıb
Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları Ucar rayonunun işıq idarəsinin müdiri Faiq Hacıyevi saxlayıb. Bu barədə “Azadlıq”a rayondakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hadisə bir neçə ay əvvəl olub. Lakin Faiq Hacıyevin saxlanılması rəsmiləşdirilməyib.
Səbəb isə onun nəqliyyat naziri Ziya Məmmədovun qohumu olmasıdır. Mənbənin sözlərinə görə, nəqliyyat naziri qohumunun saxlanılması barədə məlumat alan kimi məsələyə müdaxilə edib. Faiq Hacıyev müvəqqəti olaraq sərbəst buraxılıb və tutduğu vəzifədən kənarlaşdırılıb. Bundan sonra işıq idarəsində sahə rəislərindən biri saxlanılıb. Bildirilir ki, həmin şəxsin saxlanılması Faiq Hacıyevin əleyhinə ifadə almaq məqsədi daşıyır. Lakin həmin sahə rəisi də artıq sərbəst buraxılıb. Bununla belə iş bağlanmayıb. Hazırda bu işlə bağlı araşdırmalar davam etdirilir.
Mənbə deyir ki, bu hadisədən sonra Faiq Hacıyev rayonu tərk edib. “O, arada bir Ucarda görünür. Ola bilər ki, bu işə görə çağırırlar”,- deyə mənbə vurğulayıb. Mənbənin sözlərinə görə, Faiq Hacıyevin qarşısında müəyyən şərtlər qoyulub. Ehtimal olunur ki, o, şərtə əməl etməsə, həbs olunacaq və bu barədə dərhal ictimaiyyətə məlumat veriləcək.
Hikmət