Bu gün oxuduğum üç xəbər bir-birilə qırılmaz tellərlə bağlıdı.
Bir: “Nazir məhbuslara işgəncəyə görə istefa verdi”. Gürcüstanın cəzaların icrası işləri üzrə naziri Xatun Kalmaxelidzenin istefası. Səbəb sentyabrın 18-də həbsxanada məhkumların döyülməsi və təcavüzünü əks etdirən videokadrların internetdə yayılması olub. Nazir xanım deyib: “Rəhbərliyim dövründə insan hüquqlarının qorunmasına çalışdım, lakin görünür, bu səylər kifayət etməyib”.
Iki: “Gürcüstanda işgəncə faktı daxili işlər nazirini də ”apardı””. Nazir Bacho Akhalaia deyib ki, o, Gürcüstan həbsxanalarında işgəncənin kökünü kəsə bilmədiyi üçün özünü “mənəvi və siyasi cəhətdən cavabdeh” sayır.
Üç: “Daha çox qarapaltarlılar qəddarlıq edirdilər”. Burada söhbət 14-cü “zon”da baş verən qiyamdan, onun yatırılmasından, ümumiyyətlə, 14-cü kalon başda olmaqla həbsxanalarımızdakı durumun nə qədər acınacaqlı olmasından gedir, bu məsələ haqda vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi Isgəndərli “mediaforum” saytı üçün danışır.
Vidadi bəyin danışdığı faktlar dəhşət doğurur. Bu haqda Qənimət Zahidin “Ölüm korpusu” kitabında çox əhatəli və detallı şəkildə yazılıb. Ancaq Qənimət bəyin – keçmiş vicdan məhbusunun həbsdən çıxmasından bir neçə il ötür, lakin Vidadi bəyin dediklərindən aydın olur ki, həbsxanalarda şərait nəinki yaxşıya doğru dəyişib, əksinə daha dözülməz və dəhşətli şəkil alıb: “Təsəvvürünüzə gətirin ki, 1950-ci ildə tikilmiş bu kolonda su və kanalizasiya sistemi sıfır vəziyyətindədir. Yayda və qışda həftələrlə su olmur. 120-130 nəfərlik barakda nə istilik, nə də havalandırma sistemi var. Dustaqlar qışda soyuqdan, yayda isə dəhşətli istidən əziyyət çəkirlər. Yayda bir də ağcaqanad əlindən yatmaq olmur”. Bu, işgəncə deyil də, nədi? Məgər adama yalnız fiziki təzyiq göstərilməsi işgəncə faktı sayılır? Halbuki elə olduğu halda belə həbsxanalarımızda o cür faktlar da gen boldu.
Məsələn, bu sətirləri həyəcansız oxumaq olmur: “Cəzaçəkmə müəssisəsində yuxudan qalxmaq vaxtı səhər saat 7, yatmaq vaxtı 21:30-dur. Bu müddət ərzində xəstəsi də, yaşlısı da, əlili də daxil olmaqla heç bir dustağın beş dəqiqə olsun öz yatağında oturmaq hüququ yoxdur. Müəssisədə iki nəfərdən artıq dustağın bir yerə yığılması, söhbət etməsi, bir yerdə oturması, çörək yeməsi, ünsiyyət qurması qəti qadağandır. Bu yazılmamış qanunları pozan hər bir məhkum döyülür və cərimə təcridxanasına salınır. Ən yüngül cəza 6-7 saat üzü divara ayaqüstə dayanmaqdır. Yüzlərlə belə haqsızlıq faktları sadalaya bilərəm”. Qoy oxucularımız məni uzun sitatlara görə qınamasınlar. Nə yazırsan yaz, hətta ən qatı söyüşlə yaz, yenə bu faktlar qədər effektli olmayacaq. Qənimət Zahidin kitabında da bu haqda yazılmışdı, ancaq orada məsələ xoşluqla yoluna qoyulmuşdu. Demək bu, heç də qanun deyil, sadəcə, insanlara işgəncə vermək üçün düşünülmüş mexanizmin tərkib hissəsidi. 6-7 saat üzü divara dayanmaq nə deməkdi? Yəqin çoxlarının başına gəlib bu – orta məktəbdə oxuyanda şagirdi tək ayağı üstə üzü divara saxlardı müəllimlər. Intizamsızlıq edəndə, dərsi bilməyəndə və s. Ancaq burada söhbət 45 dəqiqədən yox, 6-7 saatdan gedir və keçmişi xatırlamaqla adamda haqlı bir qənaət yaranır – biz Azərbaycan vətəndaşları elə azad həyatda da, “içəridə” də məhbəs həyatı yaşayırıq, ömrümüz bu ölkənin harasında və hansı yaşda olur-olsun işgəncə altında keçir və guya bununla bizləri “islah eləməyə” çalışırlar.
Ramil Səfərovun ekstradisiya xəbərini oxuyan kimi ağlıma gəldi ki, sanatoriya tipli həbsxanadan sonra indi Ramil Azərbaycanın həbsxana rejiminin murdar qurallarına, şəraitinə necə dözəcək? Yanlışlığı, doğruluğu bir yana qalsın, yaxşı ki, Ramil o cəhənnəmi görmədi. Necə ki biz heç vaxt heç bir nazirin belə faktlara görə istefa verməsini görməyəcəyik…

Üç işgəncə
•
•