«İslamın məsumiyyəti»nə etirazlar davam edir
ABŞ-da çəkilən və Islam dünyasının qəzəbinə səbəb olan “Islamın məsumiyyəti” adlı filmə etirazlar davam edir. Dünən Cümə namazından sonra Pakistanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib. “Həzrəti Məhəmmədə sevgi günü” adlı mitinqlər Kəraçi, Lahor, Pişəvər şəhərlərində və paytaxt Islamabadda baş tutub.
Islamabadda keçirilən aksiya zamanı nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Polisin aksiyaya müdaxiləsi zamanı 15 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Aksiyanın keçirildiyi meydanın yaxınlığındakı iaşə obyektlərinə, bank və restoranlara zərər dəyib. Islamabadda təxminən min nəfərdən ibarət qrup ABŞ səfirliyinə doğru hərəkət edərkən polis onların qarşısını kəsməyə çalışıb.
Lahor şəhərindəki ABŞ konsulluğu da pakistanlı etirazçıların hədəfi olub. Konsulluq binası qarşısında toplaşan bir qrup etirazçı diplomatik korpusa daş və molotof kokteyli atıb.
Iranda isə Fransada nəşr olunan jurnalda Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasının yayımlanmasına qarşı etiraz aksiyası keçirilib. Fransa səfirliyinin qarşısında baş tutan aksiyaya 200-ə yaxın tələbə qatılıb. Aksiya iştirakçıları Fransa, Amerika və Israil hökumətinə qarşı şüarlar səsləndirərək, bu ölkələrin bayraqlarını yandırıblar. Aksiyada həmçinin, Islam peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” adlı filmə qarşı etiraz səsləri eşidilib. Etirazçılar filmin istehsalçılarına və ona dəstək olanlara lənət yağdırıblar: “Onlar yenidən peyğəmbərimizi təhqir etdilər. Bu dəfə Fransa fitnəkar üzünü göstərdi. Biz peyğəmbərimiz üçün canımızı qurban verməyə hazırıq”.