Türkiyə Suriyaya hücum edə bilər

Sərhəddəki hərbi birliklər döyüş hazırlığına gətirildi; müxaliflər Bəşər Əsədin daha bir qırıcısını vurdu

Suriyada müxaliflərlə hökumət qüvvələri arasında qarşıdurmalar davam edir. Üsyançılar Bəşər Əsədə bağlı qüvvələrə aid daha bir qırıcı təyyarəni vurduqlarını açıqlayıblar. Qırıcının Suriyanın şimalındakı Atarib qəsəbəsində vurulduğu bildirilir.
Qəsəbə yaxınlığındakı hərbi bazaya basqın edən üsyançılar həmin vaxt havada olan qırıcını raketlə vurublar. Lakin rəsmi mənbələr faktla bağlı məlumat vermir, həmçinin təyyarənin modeli dəqiqləşdirilmir.
Müxtəlif mənbələrin yaydığı məlumata görə, müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusunun komandanlığı tezliklə paytaxt Dəməşq istiqamətində genişmiqyaslı hücuma keçəcəklərini açıqlayıb. Tərəflər arasında Təl Abyat qəsəbəsində gedən döyüşlər artıq Türkiyə sərhədinə dirənib. Məlumata görə, Türkiyə Suriya ilə sərhəddə yerləşən Şanlıurfa vilayətinin Akçakala kəndi yaxınlığına tanklar və raket qurğuları yeridib. Sərhədə yerləşdirilən bölmələr bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Türkiyə ordu birləşmələrinin Suriya ərazisinə daxil olaraq hərbi əməliyyatlar keçirəcəyinə dair xəbərlər yayılıb. Hücumun yaxın günlərdə baş verəcəyi gözlənilir.
Bu arada, ölkələrindəki olaylar üzündən qaçan daha 2 suriyalı general və 1 polkovnik Türkiyəyə sığınıb. Adları açıqlanmayan generalların və polkovnikin müxaliflərin tərəfinə keçəcəyi bildirilir. Azad Suriya Ordusu bunun üçün onlarla danışıqlara başlamağı planlaşdırır.
Bundan başqa, Azad Suriya Ordusunun mərkəzi komandanlıq qərargahının Türkiyədən Suriyaya köçürüldüyü açıqlanıb. Azad Suriya Ordusunun rəhbərlərindən biri, general Mustafa əl Şeyx “Associated Press” agentliyinə açıqlamasında bu addımın bütün üsyançı qrupları birləşdirmək məqsədilə atıldığını bildirib. Əl Şeyx komandanlıq mərkəzinin dəqiq yeri barədə sualları cavablandırmayıb.
Azad Suriya Ordusunun komandiri Riyad əl Əsəd video açıqlamasında komandanlıq mərkəzinin müxaliflərin nəzarətindəki bölgələrdən birinə köçürüldüyünü deyib.