Səməd, ay Səməd, eşitmirsən…?!

Hesablama Palatası Azərbaycan Dövlət Dillər Universitetində aşkar olunmuş korrupsiya faktları barədə sensasion məlumat yayıb. Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq, kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa, Təhsil Nazirliyinə göndərilməsi, həmçinin bu faktlarla bağlı Milli Məclisə məlumat verilməsi qərara alınıb.
Hamıya bəllidir ki, bu ali məktəbin rektoru Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovdur. Bununla yanaşı, ixtisası uyğun gəlməsə belə, o, Dillər Universitetində Dissertasiya Müdafiəsi Şurasının sədri vəzifəsinə də yiyələnib.
Bəri başdan deyim ki, bu qədər vəzifələrin hamısını Seyidov yarıtmaz icra edir.
Maraqlıdır, Səməd Seyidov bu vəzifələrdən qabaq harda idi və o, birdən-birə necə parladı?
Bütün bu yüksək postlardan qabaq yoldaş Seyidov Dillər Universitetində prorektor vəzifəsini tuturdu. Elmlər namizədi idi. Yüksək pafosla kimlərinsə aforizmlərini söyləməyi xoşlayardı. O, Dillər Universitetinin demokratik və əsl alim rektorunun kölgəsində özü üçün gün keçirirdi. Başqa sözlə, məqam gözləyirdi. Yadımdadır, ancaq bir dəfə o, nədənsə möhkəm “ilişmişdi”. Nazir müavinlərindən biri onu möhkəm danladı. Deyəsən, tələbə köçürməsilə bağlı Səməd müəllim səhvə yol vermişdi. Şahidiyəm ki, bu hadisənin ən maraqlı tərəfi Seyidovun vəzifəsini itirmək qorxusu ilə bağlı keçirdiyi həyəcan idi. Mərhəmətli və demokratik rektor onu bu məngənədən xilas edə bildi. Müdrik rektor onu xoşbəxt elədi. Ancaq Seyidov həmin rektoru əvəz edən kimi Universitetə yoxlama komissiyası çağırdı. Ali məktəbdə xərclənən vəsaitləri qəpiyinə qədər yoxlatdırdı. Deyəsən, tarix təkrarlanır. Seyidovun özünü yoxlayırlar.
Ümumiyyətlə, bu şəxsin bütün hərəkətləri yoxlanılmalıdır.
2005-ci ilin Parlament seçkilərində Adil Ismayılov və Sabit Bağırov faktlarla sübut etdilər ki, Seyidov deputat seçilməyib. Ona yalnız qadın kalonu və hərbi hissədən səs veriblər. Nədənsə təriflədiyimiz Qross və Herkel əllərində bir çamadan fakt ola-ola, bir dəfə də olsun Səmədin saxta seçilməsini dillərinə gətirmədilər.
Səməd Seyidovun doktorluq dissertasiyası ekspertizaya verilməlidir. Dissertasiyadan qabaq onun çap etdirdiyi “Psixologiya menecmenta” monoqrafiyası sanki SSRI dövründə yazılıb. Lenindən gətirilən sitatlar, yeni ədəbiyyatlardan istifadə olunmaması, anlayışların səhv verilməsi buna sübutdur.
Qardaşlar, Dillər Universiteti hara, menecment psixologiyası hara? Nədən bu sahə sonradan dirçəlmədi? Bu “istiqamət” bir nəfərin professor adı alması, rektor təyin olunması üçün idi?
Onun rəhbərlik etdiyi Elmi Şurada müdafiə olunmuş işlərin ekspertizası aparılmalıdır. Burda dəhşətli faktlar ortaya çıxa bilər. Dissertasiyaların əksəriyyətinin müdafiəsində qohumbazlıq, dostbazlıq, tapşırıq və digər amillər mühüm rol oynayıb.
Seyidov rektor təyin olunandan indiyə qədər xeyli sayda nüfuzlu alim bu ali məktəbdən ya didərgin salınıb, ya da vəzifələrini itirib. Budaq Budaqov, Yaqub Mahmudov təfəkkürlü bir insan guya, universiteti cavanlaşdırmaq istəyir. Halbuki, incidilmiş professorların tam əksəriyyəti Seyidovdan mütərəqqi insanlardır.
Bu ali məktəbdə 2000-ci ildən başlayaraq tələbə köçürmələri yoxlanılmalıdır. Mütərəqqi sayılan bir insan 30-40 bal toplayan birisinin 500-600 bal toplayan başqa birisilə eyni auditoriyada əyləşməsinə sərəncam verə bilərmi?
Açığı xəbərim yoxdur, Bəlkə də Səməd müəllim Fransadan qayıdan kimi dərhal korrupsiya ilə bağlı təcili iclas çağırıb. Yəqin ki, əlini stola çırparaq bunları deyib: “Yaramazlar, mən Avropada ölkəmizi layiqincə təmsil edən zaman, siyasi məhbus əmsalını sıfra salmaq üçün dəridən qabıqdan çıxan zaman siz burda nə işlə məşğul olmusunuz? Mən bunu Hesablama Palatasının irəliyə doğru atdığı bir addım sayıram. Palata bunları aşkarlamasaydı, mən sizləri tanımayacaqdım”.
Azərbaycanın bu günü üçün ən aktual əsərlərdən biri də Andre Cidin “Saxta pulkəsənlər” romanıdır. Romanın qəhrəmanları cəmiyyət və dövlət üçün istənilən əclaflıqları edirlər. Gecələr isə toplaşıb Platondan, Kantdan, Spinozadan mübahisələr aparır, fəlsəfi söhbətlər edirlər.
Rəhmətlik Azad Mirzəcanzadənin Səməd müəllimlə çox maraqlı bir “Şprot” söhbəti olub. Bunu Hesablama Palatasının yoxlamasının nəticərindən sonra yazacam. Fərqi yoxdur, Səməd Seyidov bu əməllərinə görə “Şöhrət” ordeninə layiq görülsə belə, yazacağam.