“Səidin dəstəsi” və dövlət maraqları

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Idris və ehtimal ki, onunla birlikdə həbs edilən bir neçə nəfərin hamısı, əslində nəyə görə həbs edildiklərini hələ də bilməyən sadəlövh gənclərdir. Rus və ingilis dillərində danışmağa daha çox meylli olan, Bakıdakı Avropa şirkətlərilə işləyən, siyasətlə, ümumiyyətlə maraqlanmayan, gündə üç dəfə 17 rükət namaz qılmaqdan başqa dini-ruhani həyatla heç bir özəl bağlantısı olmayan, tərtəmiz Əli şiəsi olan uşaqlardı. Idris istintaq və məhkəmə zamanı, sonra zona köçürüləndə, ondan sonra burada qaldığı zamanlarda həbsinin səbəblərini çox anlaşılmaz amillərlə bağlamaq istəyir, həbsdə keçirəcəyi 11 ili yox, bu anlaşılmazlığın nəticəsini necə aradan qaldırmağın mümkün ola biləcəyi haqqında da yox, daha çox onu düşünürdü ki, bu bir dəstə gənc nəyə görə həbs edilib: onlar nə zaman dövlət çevrilişi etmək istəyiblər, hətta bunu ediblər, çevirdikləri bu dövləti əllərinə alıb nə sayaq idarə ediblər…
Buna görə də ilkin təmasdan sonra birinci qayğım bundan ibarət oldu ki, “Səidin dəstəsi” kod adı ilə yaxalanan bu dəstənin başbilənlərindən olan Idris Mikayılova izah edim ki, onların hamısı Azərbaycanın dövlətçilik maraqları naminə həbsxanadadırlar və bu uca maraqların təminatçısı olaraq, onlar bu cəza müddətindən qürur duymalıdırlar: “Vətənimiz balaca bir ölkədir. Dünyəvi bir dövlətdir. Demokratiya yerinə maraqlı və əsrarəngiz bir mafiya idarəçiliyi var, amma əsas olan bu deyil. Əsas olan budur ki, bizim bu balaca ölkəmiz dünyada Islam fundamentalizmini yayan böyük dövlətlərin və dini qruplaşmaların təcavüzünə qarşı duruş gətirə bilməz. Ona görə də, zaman-zaman sizin kimi vətənpərvər gəncləri Islam fundamentalisti, radikal müsəlman dini qruplaşmalarının üzvü kimi tutub həbsə atmaq lazım gəlir ki, Amerika bizim ölkəmizin iqtidarının çox çətin idarəetmə şərtləri altında işlədiyini görsün; bu iqtidara radikal islamçılardan müdafiə olunmaq üçün mənəvi, siyasi və ən başlıcası da maddi dəstək versin. Indi bu qədər nəhəng proyektin müqabilində beş-altı nəfərin həbsxanada 10-15 il keçirməsi nə boyda fədakarlıqdır ki, bunu vətənimizə əsirgəyirsiniz. Bizimkilər o boyda akademiki və millət vəkilini – Ziya Bünyadovu öldürüb ”Hizbullah”ın üstünə də ona görə atmışdılar ki, Amerika və başqa Qərb dövlətləri Azərbaycanda Islam fundamentalizmi təhlükəsinin olduğunu görüb Əliyev iqtidarına “gözün üstə qaşın var” deməsin, əksinə, onun gözünün üstünə daha bir qaş taxsın…”
Əlbəttə, Idris oxumuş adam idi, siyasətlə işi olmasa da, dünyada nələrin baş verdiyini bilənlərdən idi. Ən müasir idarəetmə texnologiyalarını, ictimai münasibətləri nəzəri olaraq əxz etmiş gənclərdən idi. Amma hətta bu boyda izahatdan sonra da qəbul eləmək istəmirdi ki, niyə məhz, o?! Açığı, “niyə məhz, mən” sualına mən də cavab verə bilmirdim və buna görə də bu sualın cavabı yerinə ağlıma gələni uydurmağa çalışırdım: “Ona görə ki, xeyir ola, siz şiə namazı qılırsız və ingilis, rus dillərində danışır, Qərb mədəniyyətində mütərəqqi meyllər axtarırsız? Mən də olsam, şübhələnərəm. Şiə namazı qılırsan, yeri get, Iranla maraqlan, oradakı ictimai münasibətləri örnək al. Indi Eldar Mahmudov, Zakir Qaralov olmasın, mən olum, sən ol. Sən fikirləşməzsən, bu məsələlərin üstündə?”
Əlbəttə, “yox”, deyir Mikayıl və mən də bilirəm ki, bu suala “hə” cavabı vermək üçün abdal olmaq lazımdır. Təbii, bu “dövlətçilik maraqları naminə”, filan kimi məsələlər sadəcə, mənim ironik yanaşmamın da məhsulu deyil, onları məhz bu məntiqsizliklə həbs ediblər; heç bir başqa səbəb, heç bir dövlət çevrilişi, ona cəhd-filan da olmayıb. Sadəcə, Özbək diktator Islam Kərimovun Misir kimi ərəb ölkəlrindən ixrac edib post-sovet ölkələrinə gətirdiyi bu standart geosiyasi fırıldağı Azərbaycan diktatoru da qəşəngcə əxz edib, Azərbaycanda Islam terrorçuları “ifşa etməklə” məşğuldur. Təki, Qərbi inandırmaq mümkün olsun ki, bunların siyasi iqtidarının alternativi yoxdur. Idrisin burnundakı artıq sümük çıxıntısını isə həbsxanada da kəsib tullamaq üçün lazımi şərait var.
Idris Mikayılovla keçirdiyim zamanı həbsxana təəssüratı saymaya da bilərəm. Amma burada əziyyətlərimin əsasını Azər Qafar oğlu Rəhimov adlı dustaq təşkil edəcəkdi. Bizim palatadakı 40-45 yaşlarında, arıq, cansız-çəlimsiz, bir qədər anlaşılmaz və inadkar xarakterli adam mənə it zülmü verəcəkdi, amma mən bu zülmü qəbul etdim.
Xəstəxanadakı üçüncü günümdə Mürsəl müəllim gəldi. Məni dəhlizin bir başına çəkib:
– Bəlkə, palatanı dəyişəsən, uşaqlara tapşırım, sənin üçün iki nəfərlik olanı boşaltsınlar, – dedi.
– Yox, təşəkkür edirəm, burada da pis deyil.
– Səndən rəis-dustaq kimi yox, dost kimi də bir xahiş etmək istəyirəm. Burada yazı-pozu işi ilə məşğul olma.
– Bayılda mənə “dost kimi” başa saldınız bunu. Yazı yazmamağa da öyrəndim. O iş də artıq, Avropa Məhkəməsindədir. Sizin üzərinizdən çıxdı, hökumətin üzərinə düşdü. Ona görə də daha bizim aramızda bir-birimizə xüsusi acıq verəsi motiv də qalmayıb.
Mürsəl müəllim güldü və razılıq edib getdi.
Mən Bayıldan çıxanda əlyazmalarımı alıb müsadirə etmişdilər. Buna görə Penitensar Xidmətin rəisi Nazim Ələkbərovu və Bayıl türməsinin rəisini məhkəməyə vermişdim. Bu çəkişmə artıq Avropa Məhkəməsində davam edir. Mən də bunu xatırladıb Mürsəl Əliyevin “damarını yoxlayırdım”.
Bu Mürsəl müəllim qəribə adamdır və onun haqqında çox qəribə dustaq rəvayətləri dolaşır. Qəribəliyi bunda idi ki, başqa rəislərdən fərqli olaraq, özünü də, personalı da fiziki işlərə atmaqdan çəkinmirdi. Bir də görürdün, başının dəstəsini – müavinlərini, şöbə rəislərini toplayıb həyətdə kol-kos təmizləyir.
Haqqında geniş yayılan rəvayətlərdən biri isə onun gənclik illərindəki fəaliyyəti ilə bağlıdır. Guya o, həddən artıq qəddar adam imiş, işgəncəsi altında saysız-hesabsız dustaq məhv olub və s. Hətta qardaşının da Bayıldakı “ölüm korpusu”nda cəllad ştatında işlədiyini deyirdilər. Qardaşı ilə işim yoxdur, tanımıram, amma oğlunu və özünü tanıyıram. Oğlu “17″-də Əməliyyat şöbəsinin müfəttişidir. Pis cavan deyil, amma bir-iki ağır hərəkəti var ki, bu barədə danışmaq istəmirəm. Ən azı, atası ilə ”salam-əleyküm”üm var və mən də onu bu sayaq proteksiya edəcəyəm. Və günün birində oğlu ilə görüşəndə iradlarımı ona bildirərəm. Təbii, onun həmin hərəkətlərinin mənə heç bir aidiyyəti yoxdur: o bilirdi ki, atası ilə məhkəmə çəkişməm var, buna görə də mənimlə çox kənardan, lap çox kənardan davranmağa üstünlük verirdi. Mürsəl Əliyevin özünün isə nə zamansa işgəncələr kralı olduğuna inanmağım gəlmir: adam qocalanda bütün mahiyyəti ilə dəyişə bilməz!
Onun “palatanı dəyiş” təklifini cəmi yarım saat sonra “komendant” da verdi. Amma komendant bunu daha əsaslandırılmış şəkildə irəli sürdü:
– Müəllim, o palatada qalmağı məsləhət görmürəm. Azər xərçəng xəstəsidir. Dəhşətli ağrıları olur. Həm də nə zaman öləcəyi bilinmir. Hər an ölə bilər. Orada sənin üçün ağır olacaq. Rəis də mənə tapşırdı ki, səni 1-ci palataya köçürək. Ora iki nəfərlikdir. Indi orda bir nəfər var, bir-iki gündən sonra çıxıb gedəcək. Kimi istəsən yanında yerləşdirə bilərsən…
– Yox, sağ olun. Qaldığım yerdə qalıram, – dedim.
Bunu ona görə etməmişdim ki, Azərə qanım qaynamışdı və ya bizi hansısa dəyərlər birləşdirirdi. Hər gün ölə biləcək bir adamı atıb getməyi özümə sığışdıra bilmədim. O, insandır, ağrıları var, ağır xəstə olduğuna görə rahatlığa, dincəlməyə, ağrılarını kəsməyə ehtiyacı var…

ardı var