Türkiyənin baş naziri “The Washington Post”a nələri danışdı?
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “The Washington Post” qəzetinə müsahibə verib. Ərdoğan Lali Veymotun Suriya, PKK, regional gərginlik və Türkiyədə qarşıdan gələn prezident seçkilərilə bağlı suallarını cavablandırıb. Baş nazir Suriyadakı hadisələrlə bağlı suala cavabında Bəşər Əsəd əleyhdarlarının hər ötən gün gücləndiyini deyib. Ərdoğan Bəşər həmçinin Əsəd rejiminin devriləcəyinə qəti şəkildə əmin olduğunu söyləyib.
“Tarixə baxsaq, xalqlarına əziyyət verən rejimlərin ayaqda qala bilmədiyini görərik. Suriya rejiminin xalqına divan tutduğunun şahidiyik. Bəşər Əsəd siyasi baxımdan ölüb” deyən Türkiyənin baş naziri Suriya hakimiyyətinin devrilməsi üçün Rusiya və Çinin mövqeyini dəyişdirməsinin vacib olduğunu bildirib. Ərdoğanın sözlərinə görə, Rusiya və Çin də Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə inanır.
Suriya üzərində uçuşa qadağan bölgəsinin yaradılması ehtimalına toxunan baş nazir bunun BMT-nin qərarı olmadan reallaşdırıla bilməyəcəyini deyib. Türkiyənin baş naziri Suriya tərəfindən silahlı hücuma məruz qalacaqları təqdirdə lazımı cavab verəcəklərini də sözlərinə əlavə edib. Ərdoğan xalqın istədiyi hakimiyyətin Suriyada da qurulacağına əminliyini ifadə edib.
Daha sonra qarşıdan gələn prezident seçkilərilə bağlı sualı cavablandıran baş nazir xalqın və partiyasının qərarı olacağı təqdirdə, namizədliyini irəli sürəcəyini deyib.