Sülhəddin Əkbər: “PKK-ya avadanlıq ötürən şirkət Azərbaycanda özbaşına fəaliyyət göstərə bilməzdi”
Ərəstun Oruclu: “Bu, Azərbaycan hakimiyyətinin PKK-ya açıq dəstəyidir”
“PKK-nın Azərbaycanda fəaliyyəti, bu təşkilatın ölkəmizlə əlaqələri barədə vaxtaşırı danışılıb. Amma Türkiyə ilə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında saziş imzalayan, yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradan Azərbaycan bu məsələdə qardaş ölkə ilə yaxından əməkdaşlıq etmir. Bunu, ACP sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Türkiyənin ”Yeni Şəfəq” qəzetində çıxan məqaləyə münasibət bildirərkən deyib. Qeyd edək ki, məqalədə Türkiyədəki dəhşətli terror aktları ilə bağlı şok faktlar açıqlanıb. Bildirilir ki, terrorçular Türkiyə təhlükəsizlik qüvvələrini dinləmək üçün Israildən avadanlıqlar alıblar. Həmin avadanlıqlar da PKK-ya Azərbaycanda qurduqları şirkət vasitəsilə ötürüblər.
S.Əkbər hesab edir ki, Türkiyə bu məsələdə Azərbaycana lazımi qədər təzyiq göstərmir. Yoxsa PKK Azərbaycanda bu qədər geniş imkanlara sahib olmazdı: “Bu günə qədər biz Azərbaycan hakimiyyətinin PKK ilə bağlı hansısa ciddi addım atdığının şahidi olmamışıq. Halbuki PKK Türkiyəyə qarşı açıq silahlı mübarizə aparır və Türkiyənin parçalanmasını qarşısına məqsəd qoyub. Bu baxımdan Türkiyə tərəfinin üzərinə böyük iş düşür. Türkiyə öz strateji tərəfdaşı olan Azərbaycan qarşısında ciddi tələblər qoymalıdır. Çünki söhbət, Türkiyənin milli təhlükəsizliyindən və ərazi bütövlüyündən gedir. Biz dəfələrlə mətbuatda bu məsələyə öz münasibətimizi bildirmişik. Dəfələrlə demişik ki, Azərbaycan hakimiyyəti PKK-nı rəsmən terror təşkilatı kimi tanımalı və bundan irəli gələn hüquqi, siyasi addımları atmalıdır. Bu addımlar müxtəlif sahələrdə ola bilər. Maliyyə və ticarətdən tutmuş, xüsusi təhlükəsizlik tədbirlərinin görülməsinə qədər. Düzdür, Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə PKK-nı terror təşkilatı kimi tanıdığını bəyan edib. Amma bunun siyasi, hüquqi bazası yaradılmayıb. Azərbaycan hakimiyyəti terror təşkilatlarını rəsmən tanımaq prosedurunu müəyyən etməlidir. Bəzi ölkələrdə bunu hökumət, bəzilərində Ali Məhkəmə edir. Bu, hər bir ölkənin qanunvericiliyindən asılıdır. Azərbaycanda da bu təcrübədən istifadə oluna bilər”.
S.Əkbər avadanlıqları Azərbaycandan ötürən şirkətə də toxunaraq bildirib ki, ən yüksək səviyyədə razılıq olmasaydı, həmin şirkət heç bir halda ölkəmizdə fəaliyyət göstərə bilməzdi: “Nəzərə almalıyıq ki, Azərbaycanda bütün sahələr kimi, ticarət, əmlak, kommersiya da ciddi nəzarətdədir. Azərbaycan demokratik ölkə olsaydı, əsas gətirərdilər ki, iqtisadi azadlıqlar var və bir terror təşkilatı uzun müddət başqa ad altında fəaliyyət göstərib. Amma Azərbaycanda bütün sahələrdə yüksək inhisarçılıq olduğu üçün burada nəzarətdən kənar heç nə baş verə bilməz”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyir ki, Türkiyə mətbuatında, xüsusən də Ərdoğana yaxın qəzetlərdə Azərbaycanın adının PKK ilə birgə hallandırılması yenilik deyil. Amma “Yeni Şəfəq”in Azərbaycanla bağlı son məqaləsi artıq ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda qeydiyyatdan keçmiş, lakin heç bir fəaliyyəti olmayan şirkətin Israil istehsalı olan qurğuları alıb Şimali Iraq vasitəsi ilə PKK-ya ötürməsi çox ciddi məsələdir. Azərbaycan mətbuatında da dəfələrlə bu barədə məlumatlar gedib. Hətta Azərbaycanda PKK-nın təlim bazalarının olduğu bildirilib. Təəssüf ki, bütün bunların fonunda biz Azərbaycan rəsmilərindən PKK ilə bağlı cəmi bir bəyanat eşitmişik. Ilham Əliyev Ərdoğanın Bakıya səfəri zamanı PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan edib. Amma məsələ ondadır ki, bu bir bəyanatdır. Bəyanat tanımaq demək deyil. PKK-nı terrorçu təşkilat kimi tanımağın hüquqi bazası olmalıdır. Bu barədə parlamentdə qanun qəbul olunmalıdır. Həmin qanunda bu fəaliyyətlərin qarşısını almağın mexanizmləri göstərilməlidir. Maliyyə sanksiyaları, yoxlamalar, təhlükəsizlik tədbirləri və s.”.
Ə.Oruclu bildirir ki, ABŞ-ın, Qərbi Avropa ölkələrinin, NATO ölkələrinin terrorçu təşkilat kimi tanıdığı PKK-nın Azərbaycanda tanınmaması bir çox müəammalardan xəbər verir: “Bu göstərir ki, Azərbaycanda rəsmi dairələrdə PKK-ya loyal bir münasibət var. ”Yeni Şəfəq”dəki məqalə bir daha təsdiq edir ki, Azərbaycanla Türkiyə arasında ciddi problemlər var. Amma bu artıq problem müstəvisindən də çıxıb. Baş verənlərin bir adı var – düşmənçilik. PKK-ya bağlı şirkət Azərbaycan vasitəsilə hansısa ölkədən qurğu alırsa, bu artıq terrora açıq dəstəkdir. Ola bilməz ki, Azərbaycanın rəsmi orqanlarının bu şirkətin fəaliyyətindən xəbəri olmasın. Ayda 2 min manat gəliri olan şirkətin boğazına çöküb ondan xərac tələb edirlər. Necə olur ki, bu boyda böyük əməliyyat keçirən şirkətdən xəbərsizdilər? Özü də dinləyici qurğuların ötürülməsi leqal əməliyyat deyil. Bu, ciddi nəzarətdə olan bir sahədir. Əgər bu barədə məlumatları yoxdursa, bu, Azərbaycanın xüsusi xidmət orqanlarının çox bərbad vəziyyətdə olmasından xəbər verir”.