Peyğəmbəri təhqirə Bakıda etiraz edildi

İlqar İbrahimoğlu: “Bu gün dünya birliyində Islama qarşı qeyri-adekvat rəftar artmaqdadır”

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) təşkilatçılığı ilə “Mənəvi terrora etiraz” mövzusunda konfrans keçirilib. Tədbir Məhəmməd Peyğəmbər (s.) haqqında ABŞ-da çəkilmiş film və fransız jurnalında yer almış karikaturaya etiraz olaraq keçirilib.
Çıxış edən DEVAMM sədri Hacı Ilqar Ibrahimoğlu deyib ki, Məhəmməd Peyğəmbərə (s.) qarşı rəzil, eybəcər, qeyri-insanı hərəkətlər edilib: “11 sentyabr hadisələrdən sonra Islama qarşı baş verənlərin bir adı var: mənəvi terror. Bu gün danışılmayan və üstündən keçilən terror baş verir. Bu 1, milyarddan çox insanın mənəviyyatına yönələn, insanların ən incə hisslərinə toxunan terrordur. Bunun əsası və məsuliyyəti daha ağırdır”.
I.Ibrahimoğlu onu da deyib ki, bu gün dünya birliyində Islama qarşı qeyri-adekvat rəftar artmaqdadır, bunun bir çox səbəbləri var:”Bunun əsas səbəbi Islamın dünyanın ən önəmli paytaxtlarında yer almasıdır. Bu gün bir sıra Avropa ölkələrində Islama maraq artıb. Statistikaya görə, 2020 və 2050-ci ilə qədər Islam Avropada daha nüfuzlu olacaq, Buna görə də Avropada bir qorxu var. Ikinci ciddi səbəb odur ki, müsəlman əhalisi cavandır. Müsəlman ölkələrində cavanlar hərəkətverici potensialdırlar. Onlar Islami inancdan, birlikdən qorxurlar”. Tədbir digər çıxışlarla davam etdirilib.