İntellektə sərmayə qoymağın zamanıdır

Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
N.Gəncəvi
Təxminən min il əvvəl Azərbaycanın dahi şairinin qələmə aldığı bu misra əsla aktuallığını itirməyib. Tarix müdrik şairin dahiyanə fikrini isbatladı. O xalqlar ki, bütün parametrlərdən inkişafa yalnız və yalnız elm sayəsində nail olmağın mümkünlüyünü qəbul etdi, tərəqqi etdilər, xoşbəxtliyə və firavanlığa qovuşdular. Elmə xüsusi diqqət göstərən millətlər həm də intellektual potensiallarına rəğmən dünya düzəninə təsir edəcək gücə çevrildilər. Bu gün ingilisin, fransızın, almanın, yaponun dünyada söz sahibi olduğuna kimsə şəkk edə bilməz. Qərb dünyasının bizdən xeyli irəli olmasının əsas səbəblərindən biri, bəlkə də ən birincisi elmə olan münasibətdir. Amerika Birləşmiş Ştatları başda olmaqla Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa və digər bu tipli dövlətlər həm mükəmməl təhsil sistemi yaratmağa nail olub, həm də elmin inkişafı üçün büdcədən gərəkən vəsait ayırırlar. Çünki elmə qoyulmuş sərmayənin itməyəcəyinə əmindirlər. Bilirlər ki, ərsəyə gətirdikləri mütəxəssis mütləq dövlətin qalxınmasına xidmət edəcək.
Bir anlığa düşünün, gündən-günə modernləşdirilən elektron sənayesi məhsulları, hərbi texnika, tibbi avadanlıqlar, dərman preparatları və sair nədən məhz qərb dünyasında meydana çıxır? Nədən ən çətin əməliyyatlar Qərbdə gerçəkləşir, nədən ən unikal dərmanlar Qərbdə icad olunur, mükəmməl texnoloji qurğuların vətəni yalnız Qərbdir?
Tək səbəb Qərb dünyasının elmə pozitiv yanaşmasıdır. Bu gün ABŞ və Qərb dövlətlərinin elmi labaratoriyalarında elmin bütün sahələrində çox ciddi araşdırmalar aparılır və o labaratoriyada çalışanlar dövlətin tərəqqisi, insanların rifahı, sağlamlığı üçün baş sındırırlar.
Indi Azərbaycana nəzər yetirməyin zamanıdır.
O Azərbaycana ki, təhsil sistemininm bərbadlığı MILLI GENEFONDU təhlükə altına qoyub.
O Azərbaycana ki, Milli Elmlər Akademiyasında plagiatlıqla, rüşvətlə “elmlər namizədi”, “elmlər doktoru” diplomu almış QISIR TƏFƏKKÜRLÜ “alimlər ordusu” səmərəsiz fəaliyyətlə məşğuldur.
O Azərbaycana ki, ali məktəblərə qəbul imtahanının keçid balı ildən-ilə aşağı salınır.
O Azərbaycana ki, minlərlə on minlərlə universitet məzunu diplomunu harasa tullayıb və gündəlik çörəkpulu qazanmaq üçün mücadilə edir. Dərinə getməyək, bu durumda Azərbaycanda elmin varlığından söhbət açmaq utanc gətirir. Bu savadla, bu ağılla biz hansı elmi uğura, hansı elmi nailiyyətə imza ata bilərik?
Nədən Bakının az qala hər küçəsində işığı Biləcərə düşən saysız-hesabsız restoranlar, şadlıq, şərab, çay evləri, hər türlü “xanalar” açılır, ancaq vunderkinq, istedad evləri, dərrakəli uşaqlar klubları gözə dəymir?
Nədən büdcədən on milyonlarla manat əcnəbi idmançılara xərclənir? Nədən dövlət Avropada deyək ki, “IYIRMI ILƏ IYIRMI MIN MÜTƏXƏSSIS” proqramı hazırlamağı qarşısına məqsəd qoymur? Neft gəlirləri hesabına lap belə 2 milyard manat xərcləyib beş min həkim, beş min mühəndis, on min də digər sahələr üzrə müasir standartlara uyğun mütəxəssis yetişdirmək dövlətin möhkəmlənməsi, eləcə də millətin sağlamlığı, rifahı üçün əlahiddə rol oynayar.
Müqayisənin kimlərinsə xoşuna getməyəcəyini bilsəm də yazmaq fikrindəyəm. Ermənistan London Olimpiadasında Azərbaycan qədər medal qazana bilmədi. Əvəzində ermənilər üçüncü dəfə Ümumdünya Şahmat Olimpiadasının qalibi oldu. Üstəgəl Ermənistan “Nə? Harada? Nə vaxt?” (Çto? Qde? Koqda?) intellektual yarışmasında yüksək nəticələr göstərir. Hər iki sahədə – həm şahmatda, həm də intellekt yarışmada bir vaxtlar yüksək nəticələr əldə etdiyimizi xatırlayın. O legionerlərə sərf olunan vəsait şahmatın və intellektual klubların inkişafına yönəldilsə, dövlətin də, millətin də başı uca olar.
Intellekti Azərbaycanın brendinə çevirmək barədə ciddi düşünmək zamanıdır. Böyük Nizami Gəncəvi dediyi kimi yalnız elm sayəsində qüvvətli, güclü olmaq mümkündür. Yumruq, təpik atmağa, daş qaldırmağa sərmayə qoymaqla nə dövlət güclənir, nə də millət qürurlu olur…