nikoilbank

“Nikoil” bank pul qazandırmır, əksinə…

Bankın girovlarla qəddar rəftarının, müştəriləri müflis etməsinin mexanizmi “Azadlıq”da…

“Nikoil” bankın böhran keçirməsi, bankın faktiki müflisləşmənin kandarında dayandığını “Azadlıq”ın ötən saylarından birindəki məqalədə göstərmişdik. “Azadlıq”ın təhlilinə görə, bu ağır, eyni zamanda, Azərbaycan sərmayəçiləri üçün xoşagəlməz, arzuolunmaz durum  bankın daxilində hökm sürən sağlam olmayan mühitlə bağlıdır.
Əldə etdiyimiz məlumata görə, bank təkcə öz müştərilərinə qarşı yox, öz işçilərinə qarşı da qeyri-səmimi münasibət sərgiləyir. Amma bizi daha çox sadə vətəndaşların maraq və mənafeyi maraqlandırdığından “Nikoil” bankda onlara qarşı törədilən pozuntular və anti-insani hərəkətlərdən bəhs edəcəyik.

***

“Azadlıq” ayrı-ayrı müştərilərin başına gətirilən müsibətləri sənəd kimi əldə edib. Onlar zamanı çatdıqca və təbii ki, müştərilərin də razılığı alınaraq yayımlanacaq. Son söz, əlbəttə, hüquq-mühafizə orqanlarının olmalıdır. Çünki sənədlər göstərir ki, Azərbaycan vətəndaşlarının hüquqları açıq-aşkar pozulur, bank faktiki onlarla reket kimi davranaraq, pul qazandırmaq əvəzinə, müflisə sürükləyir, əllərində olan-qalanı da yoxa çıxarır. Bu yazı banka kredit borcunu verə bilməyən müştərilərin aqibətinə həsr edilir.

“Savalan” avtobazarı

Keşlədə keçmişdə “Oktyabr” adına mebel fabrikinin həyətində indi “Savalan” MMC yerləşir. “Savalan”ın həyətinə indi siz baş çəksəniz, orada müxtəlif markalı avtomobilləri görərsiniz. Bu, “Nikoil” bankın müştərilərin əlindən məhkəmə vasitəsilə və ya sadəcə, hədə-qorxu ilə alınan girov
avtomobillərdir. Avtomobillər satışa çıxarılıb. Bəli, kreditini verməyən müştərinin banka qoyduğu girovdan məhrum edilməsi təbii hadisədir. Təbii olmayan isə girovların dəyərləndirilməsi və satışı zamanı bank müştərisilə düşmən kimi rəftar edilməsidir.
Bu işin detallarına keçmədən aydınlaşdıraq: “Savalan”dakı avtomobilləri kim satır və onların buna nə qədər hüququ çatır?
Biz dəqiqləşdirdik, ordan bir avtomobili seçib almaq istədiyimizi bildirdik. Oradakılar isə alış-veriş etmək üçün bizi Elşən Babayev adlı şəxsin üzərinə yolladılar.

O kimdir?

Elşən Babayev Dövlət Statistika Komitəsinin yaxınlığında “Eratrans” sığorta şirkətində əyləşir və bura rəhbərlik edir. Avtomobillərin satışına da birbaşa özü nəzarət edir, bazarlıq şəxsən onunla aparılır.
Bax, bu məqamda iri bir sual yaranır: Bankın hesabına keçən avtomobillərin satışını niyə “Nikoil” özü yox, tam başqa şirkət, özü də dəxlisiz şirkət həyata keçirir? Ona görə ki, zahirən və formal baxımdan Elşən Babayev “Nikoil” banka dəxlisiz görünsə də, onun əsas həyat və yaradıcılığı elə banka bağlıdır. Əldə etdiyimiz məlumata görə, “Nikoil” bankın 2 və 3 şöbəsini faktiki o, idarə edir. Bunun özü ciddi pozuntu, bankın özbaşınalığıdır.
Ən dəhşətlisi isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir.
Biz konkret şəxslərə keçmədən hələlik ümumi qaydaları təqdim edirik.
Proses zamanı ilkin olaraq, kreditini ödəyə bilməyən müştərinin girov kimi qoyduğu əmlak qiymətləndirilir.  Qiymətləndirmə ikili aparılır. Birinci qiymətləndirmə açıq olur, onu məhkəmə icraçılarının təyin etdiyi qiymətləndirici təşkilatlar edir. Bu halda, əmlakın dəyəri müştəriyə bəlli olur. Amma bu “şəffaflıq” heç də bizim anladığımız, hər kəsi məmnun edən şəffaflıqdan deyil. Ona görə ki, qiymətləndirmədən öncə qiymətləndirici təşkilatlarla bank arasında separat anlaşma əldə olunur. Bu anlaşmaya görə, əmlak real dəyərindən ən pis halda, 2 dəfə az qiymətləndirilir. Belə xidmətə görə həmin təşkilata təbii ki, təkcə “afərin” deyilmir, realizasiyanın bəlli bir faizi qədər pul ödənilir.

İnsafsızlığın bu həddini gördünüzmü?

Ikinci qiymətləndirmə isə bankın özü tərəfindən aparılır və rəsmiləşdirilir. Bu ona görə edilir ki, bankın girovlar şöbəsi əmlakı özü istədiyi qiymətə satıb, rəsmiyyətə kefi istəyən qiyməti yazmasın. Müştərilərin mülkiyyətinin real dəyərindən dəfələrlə ucuz göstərilməsi hələ zülmün hamısı deyil. Diqqət edin, bank öz borclu müştərisi ilə necə kobud qisasçılıq aparır. Fərz edək ki, sizin avtomobiliniz girovdadır, 10 min manat kredit borcunuzu ödəyə bilmədiyinizə görə onu əlinizdən alıblar və qiymətləndirmə təşkilatı onu 11 min manata dəyərləndirib. Əksər hallarda bu əmlak 35-38 min manata satılır, amma guya, 8 minə satıldığı rəsmiləşdirilir. Yəni, bankın bu qədər artıq pul əldə etməsi belə, tamahgirlik ucbatından müştərinin borcunu tam bağlamağa imkan vermir. Bu minvalla bir müddətdən sonra daha bir məhkəmə qətnaməsi ilə müştərinin başqa bir əmlakına həbs qoyulur.

Birdən kimsə bilsə…

Əslində, hərracda satılan qiyməti (reallıqda heç bir avtomobil və ya mülk hərracda satılmır. Avtomobillər bazarda satılır, hərracdan isə xahiş edilir ki, filan əmlakın, filan qiymətə satılması haqqında sənəd versin) müştəriyə məktubla göndərilməlidir, bu isə edilmədiyindən bank öz “işini” rahat görür.
Təcrübədə belə hallar da baş verib: hansısa müştəri əldən çıxan əmlakının neçəyə satıldığını bilib haray qaldıranda bankın operativliyi dərhal işə düşür və o şəxsə borclarının tam bağlanması barədə arayış verilir…
Qeyd edilənlər hələ aysberqin görünən hissəsidir. “Azadlıq” növbəti saylarında “Nikoil”in ümumiyyətlə, Azərbaycanda biznes maraqlarının olub-olmadığını araşdırmağa çalışacaq. Bankın “atalıq qayğısı” nəticəsində intihara çatdırılan konkret talelərə toxunacaq; sirr dolu kredit siyasətinə işıq salacaq…

Natiq