“AŞPA-nın payız sessiyası Əliyevlər üçün ağır keçəcək”
AŞPA-nın qarşıdan gələn payız sessiyası Azərbaycan hakimiyyəti üçün heç də asan keçməyəcək. Əvvəla ona görə ki, bu sessiyada AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserin hesabatı dinlənəcək.
Azərbaycan hakimiyyətinin təzyiqlərinə və şirnikləndirici təkliflərinə baxmayaraq, alman məruzəçi bu hesabatın hazırlanmasından vaz keçmədi. Ikinci əsas məqam Ramil Səfərov məsələsinin son anda AŞPA-nın payız sessiyasının gündəliyinə salınmasıdır ki, hakimiyyət buna görə daha bir ciddi sorğu-sualdan keçmək məcburiyyətində qalacaq. Və nəhayət Ilham Əliyevin bir müddət əvvəl Avropa Şurası rəhbərliyinə göndərdiyi ultimativ ismarış da hakimiyyətin bu sessiyada çətin duruma düşəcəyini göstərir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı də hesab edir ki, AŞPA-nın payız sessiyası Əliyev hakimiyyəti üçün ağır keçəcək: “Birincisi, bu sessiyada siyasi məhbuslar məsələsi müzakirəyə çıxarılacaq. Əvvəlkilərdən fərqli olaraq bu dəfə problemə daha sərt münasibət ifadə olunacaq. Çünki Azərbaycan hakimiyyəti bundan əvvəl Ştrasserin məruzəsinin qurumun müvafiq komitəsindən keçməsinin qarşısını almağa çalışmış, amma buna nail olmamışdı. Bununla yanaşı, Azərbaycan hakimiyyətinin Avropa Şurası ilə bağlı ”kürü diplomatiyası” da əvvəlki illərdə olduğu qədər təsir gücünə malik deyil. Bu məsələnin Ştrasser tərəfindən ictimailəşməsi AŞPA-nın bir çox deputatlarını məsələyə daha ehtiyatla yanaşmağa sövq etdi. Deməli, hakimiyyətin təsir imkanları əvvəlki dövrlərlə müqayisədə keçərli deyil. Böyük ehtimalla müzakirələr çox gərgin keçəcək. Nəzərə almaq lazımdır ki, Ramil Səfərovla bağlı məsələ də beynəlxalq ictimai rəydə müəyyən narahatlıq yaradıb. Bütün bunlar hakimiyyət çətin sınaq qarşısında olmasından xəbər verir”.