“Elşad Abdullayevə cavab” yazan Çingiz Qənizadəyə cavab

Keçmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayevin son ittihamı – Milli Məclisin deputatı Gülər Əhmədovanın PA rəhbəri Ramiz Mehdiyevə vermək adıyla ondan 2 milyon dollar rüşvət alması – Çingiz Qənizadəni qəzəbləndirib və adam çox maraqlı bir yazı yazıb.Deputat həmkarının və Ramiz Mehdiyevin müdafiəsinə qalxan Çingiz Qənizadə yazıda o qədər ədalətli və ritorik suallar ünvanlayıb, bir çox mətləblərə elə gözəl işıq salıb ki, ona qarşı getmək ədalətsizlikdir; əksinə, bu ritorik sualların cavablandırılmasında yardımçı olmaq bir borcdur hər birimizə.

Tələsməyək, bəzi məqamlara Çingiz Qənizadə ilə birlikdə aydınlıq gətirək.

Hamıya ətək-ətək rüşvət verdiyini və bunu audio-video yaddaşa köçürdüyünü iddia edən Elşad Abdullayevə vaxtilə ünvanladığımız sualı bu dəfə Çingiz Qənizadə dilə gətirib: “Elşad Abdullayevdə milyonlarla pul haradan idi?”.

Adam doğru deyir də: bir özəl universitetin rektorunda Gülər Əhmədovaya rüşvət olaraq verəcəyi 2 milyon dollar nə gəzirdi?
Məsələ burasındadır ki, hələ “San Marino2 adlanarkən bu universitetin dağıstanlı iş adamlarının əlindən alınmasında və mənimsənilməsində Elşad Abdullayev hakimiyyətə müstəsna xidmət göstərmişdi. Universitetdə adi müəllim işləyən E.Abdullayev qayınatası, Heydər Əliyevin qardaşı Aqil Əliyevin yaxın dostu, çox hörmətli alim Hüseyn Əhmədovun hakimiyyət elitasındakı əlaqələrindən istifadə etməklə, dağıstanlı iş adamlarının ölkədən qovulmasında və ”San Marino”nun ABU-ya çevrilməsində rol almışdı.
Xatırlatma: əslən Göyçənin Toğulca kəndindən olan Hüseyn Əhmədov YAP-ın icra katibi Əli Əhmədov da daxil olmaqla hakimiyyətin yuxarı qatlarında vəzifə tutan çox yekə kişilrlə qohumdur.
ABU-nun (“San Marino”nun) ələ keçirilməsində və buranın rüşvət yuvasına çevrilməsində Elşad Abdullayevə çox böyük imkanlar tanınmışdı. Niyə?
Bu suala Çingiz Qənizadə cavab vermir.
ABU-dakı rüşvət və korrupsiya faktlarından Azərbaycan hakimiyyətinin xəbəri yox idimi?
Bu suala isə… cavab verir və yazır ki, qardaşım oğlu Elvin Qənizadə TQDK xəttiylə, qanuni yolla ABU-ya qəbul olunsa da, ondan 1000 manat rüşvət istənilirdi. Elşad müəllimi axtarıb, tapa bilməyən Qənizadə məcburiyyət qarşısında birbaşa Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edəsi olur. Yalnız bu müraciətdən sonra Elvin Qənizadədən rüşvət istənilməsinə son qoyulur.
Çingiz Qənizadə yazdığı bu sözlərlə birbaşa təsdiqləyir ki, Elşad Abdullayevin rüşvətxor olmasını Fuad Ələsgərov da bilirmiş – ən azı ona görə ki, hüquq müdafiəçisi rüşvət faktıyla bağlı Ələsgərova şəxsən məlumat veribmiş.
Bəs, niyə bu yaramaz rüşvətxor haqqında tədbir görülməyib? Niyə Korrupsiyaya qarşı Mübarizə Idarəsi hərəkətə keçməyib? Milli Təhlükəsizlik Nazirliyi hara baxırmış? Kim imiş hüquq-mühafizə orqanlarının qarşısını kəsən?
Çingiz Qənizadənin “yalançı, rüşvətxor, fırıldaqçı” saydığı Elşad Abdullayevə 16 il meydan sulamağa, rüşvət yığmağa imkan tanıyan kimdir?
Bu ritorik sualın cavabını hamı bilir, ancaq desək, pis olmaz: Elşad Abdullayev bu hakimiyyətin rüşvət və korrupsiya şəbəkəsinin bir vintciyi, iqtidarın suç ortağıdır!
“Hardan idi onda bu qədər milyonlar” sualının da cavabı çox sadədir: Azərbaycanın məmurlarında – elə universitet rektorlarında da – övladları üçün xaricdə villalar almağa, ən bahalı maşınlar kolleksiyası yığmağa, milyonluq ayı yeməyə… pul hardandırsa, Elşad Abdullayevdə də ordandır.

Elşad Abdullayev niyə deputat deyil?

Çingiz Qənizadənin yazısında qəşəng, hətta unikal, cavabı özündə olan bir sual var: “Əgər E.Abdullayev 2 milyon ABŞ dolları pulu Milli Məclisə düşmək üçün Gülər xanım Əhmədova vasitəsilə Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə göndərmişdisə, onda nə üçün deputat seçilməyib və bu gün Strasburqda məskunlaşıb?”.
Bu ritorikadan belə bəlli olur ki, E.Abdullayev yalan deyir, çünki həqiqət olsaydı – yəni Ramiz Mehdiyevə 2 milyon rüşvət versəydi, indi Milli Məclisin deputatı olardı.
Diqqət edin: adam demir ki, 2005-ci il seçkilərində Elşad Abdullayev 2 milyon rüşvət vermək təşəbbüsü göstərsəydi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev onu dərhal həbs etdirərdi…
Əlavə şərhə ehtiyac hiss edirsiniz?

Plagiat əsəri dərslik kimi çap edən kimdir?

Hə, Çingiz Qənizadənin qaldırdığı ən ciddi problemə – Elşad Abdullayevin plagiat əsərə görə “elmlər doktoru” adı almasına gəlib çıxdıq.
Elşad Abdullayev – bu bisavad, rüşvətxor, fırıldaqçı, başabəla adam necə olub ki, elmlər doktoru, hətta professor adını ala bilir?
Çingiz Qənizadəni əsəbini pozan və onu cavab yazmağa məcbur edən həm də budur: əlində faktlar varmış, Fransa və Rusiyanın səfirliklərinə verəcəkmiş.
Çingiz müəllimə yardımçı olaq:
Elşad Abdullayevin rus alimləri Y.A.Tixamirov və A.N.Kozırinin əsərlərini “nöqtə-vergülünə qədər köçürtməklə” (ifadə Ç.Qənizadənindir) yazdığı doktorluq işi “Müqayisəli inzibati hüquq” adı ilə Təhsil Nazirliyinin 14 sentyabr 1998-ci il tarixli əmri, 612 nömrəli qriflə dərslik kimi çap edilmişdir.
Təhsil Nazirliyində bu plagiat monoqrafiyaya yaşıl işıq yandıran kimdir? Niyə bu vaxta qədər cəzalandırılmayıb? Elşad Abdullayevin plagiatlığı sübut olunubsa və elmi adı əlindən alınıbsa, bu dərsliyin onun adından çap edilməsinə şərait yaradan Təhsil Nazirliyinin saxtakar məsul şəxsləri hansı səbəbdən cəzadan yayınıb?
Plagiatlıqdan xəbərləri olmayıbsa, savadsız yığnağıdır Təhsil Nazirliyində bu qərara qol çəkənlər; xəbərləri varsa, rüşvətxor və korrupsioner yaramazlardır.
Hər iki halda onlar işdən qovulmalıydılar. Amma… qovulmayıblar!

AAK-ın “ciddi plagiatlıq faktı” tapdığı əsər

Elşad Abdullayev Moskvada hansı yollarlasa müdafiə etdiyi plagiat işini Prezident yanında Ali Attestasiya Komissiyasına təqdim edib  təsdiqlənməsi üçün. Uzun müddət ötəndən və səs çıxmayandan sonra Elşad Abdullayevin dərs dediyi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov işçisinin dissertasiyasının taleyi ilə maraqlanıb və rəsmi məktub yazıb.
Ali Attestasiya Komissiyasının Humanitar və Ictimai Elmlər şöbəsinin müdiri M.Mirzəliyevanın imzası ilə 2001-ci il mayın 2-də Abel Məhərrəmovun sorğusuna cavab məktubunda bildirilir:
“Hörmətli Abel müəllim! BDU-nun hüquq fakültəsinin dosenti E.Abdullayevin Moskva şəhərində ”Müqayisəli inzibati hüquq” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası təkrar attestasiya zamanı ekspertizadan keçirilmiş və xüsusi komissiya ciddi plagiatlıq faktı aşkar etmişdir. Bununla əlaqədar AAK RH-nın 27 aprel 2001-ci il qərarı ilə onun təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilmişdir”.
2001-ci ildə Elşad Abdullayevin doktorluq dissertasiyasının plagiat olduğunu Prezident yanında AAK rəsmən təsdiqləyib. Amma…

AAK “səhvini” necə düzəltdi

Məsələ burasındadır ki, 2001-ci ildə Abel Məhərrəmova bu cavab yazılanda AAK-ın sədri dünya şöhrətli alim Azad Mirzəcanzadə idi. Azad müəllim belə plagiat əsərlərə milyonların bahasına belə elmi ad verməzdi.
Ancaq 2001-ci ildə bu prinsipial alim bir elmlər namizədliyi dissertasiyasını təsdiqləmədiyi üçün məruz qaldığı təzyiqlərdən Heydər Əliyevə şikayətlə canını qurtarmağa çalışdı. Heydər Əliyev isə “çox müstəqil adam” adlandırdığı əzizindən keçə bilmədi və çıxılmaz vəziyyətdə qalan Azad Mirzəcanzadə həmin namizədlik işini… təsdiqləmədi, əksinə, hər şeyə tüpürdü və Rusiyaya üz tutdu, az sonra isə prezident Putinin enerji məsələləri üzrə müşaviri vəzifəsinə təyinat aldı.
Azad Mirzəcanzadənin yerinə gələn akademik Arif Mehdiyev isə AAK-ın 2001-ci il 27 aprel tarixli qərarını dəyişdirdi: 2003-cü ildə E.Abdullayevin həmən bu plagiat işinə “təkrar ekspertiza” təyin edildi. Təbii ki, “təkrar ekspertiza” müsbət rəy verdi və AAK Rəyasət Heyətinin qərarı, Arif Mehdiyevin imzası ilə Elşad Abdullayev 2003-cü il iyulun 9-da “Hüquq elmləri doktoru” alimlik dərəcəsi aldı.
Arif Mehdiyev bununla da kifayətlənmədi: 2006-cı il yanvarın 26-da Elşad Abdullayevə “Professor” elmi adını verdi.
Elşad Abdullayevin elmi dissertasiyasının plagiat olduğunu Arif Mehdiyev çox gözəl bilirdi, çünki bu barədə AAK-ın 2001-ci il 27 aprel tarixli qərarı vardı. Bəs, niyə E.Abdullayevin plagiat elmi işi “təkrar attestasiyaya” qaytarıldı və ona elmi titul verildi?

Rüşvət alınıbmı?

Bəli, cənab Qənizadə, Elşad Abdullayev saxtakardır, rüşvətxordur, korrupsionerdir – doğru deyirsiz. Bəs, onun cinayətkar ortaqları kimlərdir? Saxtakarlığına, plagiatlığına bilə-bilə göz yuman, onu şişirdib “professor” edən, rüşvət şəbəkəsini çiçəkləndirən kimlərdir?
Bir halda ki zəhmət çəkib, səfirliklərə gedirsiniz, onda bu faktları da təqdim edin, cənab Qənizadə!