ali kerimli-yeni2

AXCP sədri son günlərin əsas məsələsindən danışdı (VİDEO)

ali kerimli-yeni2Əli Kərimli YAP-la birgə Ramil Səfərovu müdafiə müraciətinin imzalanma səbəbi və doğuracağı nəticələri şərh etdi

AXCP sədri Əli Kərimli “Azərbaycan saatı”na müsahibə verib. Ölkədəki son durum, ciddi müzakirələrə səbəb olmuş Avropa Parlamentinə müraciət və bir sıra başqa məsələlərlə bağlı söhbətin oxucularımız üçün də maraq doğuracağı qənaətindəyik.

– Avropa parlamentinə qəbul edilən müraciətlə bağlı Azərbaycanda qızğın müzakirələr gedir. Ilk sualımız bu müzakirələrin mahiyyəti ilə bağlıdır. Həmin müraciətdə söhbət nədən gedir?
– Bilirsiniz ki, bu günlərdə 9 il cəza çəkəndən sonra Ramil Səfərov Azərbaycana ekstradisiya olundu və azad edildi. Bundan sonra isə beynəlxalq təşkilatlardan Azərbaycana qarşı kampaniya başlandı. Demək olar ki, əksər nüfuzlu qurumlar bu məsələyə münasibət bildirdi, Azərbaycanın hərəkətini pislədilər. Hətta Ramil Səfərovun yenidən həbs olunmasını tələb etdilər. Bizim müraciətimiz bununla bağlı idi ki, nəyə görə vaxtilə Ermənistan heç öz vətəndaşı olmayan erməni millətindən olan terrorçuları azad edib onları Ermənistanda qəhrəman kimi qarşılayanda həmin Qərb, Avropa Birliyinin qurumları susmuşdu. Həmin o terrorçular sonradan gəldilər Qarabağda Azərbaycana qarşı vuruşdular, Xocalı soyqırımında iştirak etdilər. Amma onlar azad olanda heç kim ittiham olunmadı. Ramil Səfərov həmin terrorçularla heç müqayisəyə gəlmir. Bilirsiniz ki, o, mütəmadi təhqirlərə məruz qalıb. Bu Qarabağ bölgəsindən olan qohumları, yaxınları müharibədə şəhid olmuş bir insanın təhqirinə görə baş vermiş bir hadisədir. Artıq 9 il də cəza çəkib. Ona görə də biz hesab etdik ki, bu, bütövlükdə Azərbaycanın problemidir. Biz Ramil Ramil Səfərovu həmişə müdafiə etmişik. Son vaxtlar hakimiyyət Ramil Səfərovun azad olunmasından daha çox özünün piarı üçün istifadə edir. Biz bunu doğru saymırıq. Amma onun həbsdə olduğu 9 ilə qədər müddətdə həmişə onu diqqətdə saxlamışıq. Çünki o, əməlinə adekvat olmayan cəza almışdı. Erməni lobbisinin təsiri ilə bütün obyektiv hallar araşdırılmamışdı və əslində almalı olduğundan daha sərt cəzaya məruz qalmışdı. Biz müxalifət olaraq onu həmişə müdafiə etmişik. Indi biganə qala bilmərik ki, Azərbaycanın vətəndaşına, zabitinə qarşı belə bir qərəzli münasibət olsun. Ona görə də ölkənin siyasi partiyaları, o cümlədən müxalifət partiyaları birlikdə Azərbaycanın siyasi partiyaları adından Avropa Parlamentinə müraciət qəbul etdik. Bu müraciət də yalnız Ramil Səfərovla bağlı qətnamədəki yanlış müddəalarla bağlıdır. Biz açıq dedik ki, bu qətnamədə Ramil Səfərovla bağlı müddəalar obyektiv deyil, ikili standartdı. Çünki eyni münasibəti siz vaxtilə Ermənistana göstərmədiniz.

– Azərbaycan xalqına da birgə çatdırmaq istədiyiniz mesajlar, deyəcəyiniz bir söz var idi?
– Əlbəttə, burda bir tərəfdən Azərbaycan xalqına çatdırmaq istədik ki, biz Azərbaycanın hər bir vətəndaşını müdafiə edirik. Hər bir dara düşən vətəndaş hiss etməlidir ki, Azərbaycanın aparıcı siyasi qüvvələri, müxalifət partiyaları onların arxasında dayanıb. Bizim siyasətimiz hər bir vətəndaşımızın hüquq və azadlıqları üçün olan siyasətdir. Birincisi, bu mesajı vermək istəyirdik, ölkənin vətəndaşları bunu bilməlidir. Ikinci mühüm mesaj ondan ibarətdir ki, son illər ərzində Azərbaycan hökuməti müxalifətə qarşı faktiki az qala düşməncəsinə davranıb. Bütün vasitələrlə Azərbaycan hökuməti bizə qarşı kampaniyalar aparıb. Amma bu qədər təzyiqlərə baxmayaraq, məruz qaldığımız bu repressiyalar,  bizi kinli və qisascıl etməyib. Biz yenə də hesab edirik ki, ölkənin mənafelərindən, vətəndaşın mənafeyindən söhbət getsə, biz yenə də ölkənin siyasi qüvvələri, o cümlədən iqtidar partiyası, hökumətin özü ilə bir masa ətrafında oturub problemlərimizi həll edə bilərik. Bu, Azərbaycan müxalifətinə olan qeyri-sivil münasibətə baxmayaraq, onun hələ də sivil, dinc mübarizəyə üstünlük verməsinin göstəricisidir. Biz köklü dəyişiklər üçün çalışırıq. Amma biz köklü dəyişikliklərin ərəb ölkələrində olduğu kimi qanlı, böyük qarşıdurmalarla olmasını istəmirik. Biz bunun daha məxməri, daha dinc, sivil yolla olmasını istəyirik. Ona görə də Azərbaycan cəmiyyəti bilməlidir ki, bizə qarşı olan bütün bu aqressiv münasibətə baxmayaraq, biz hələ də dövlət, millət mənafeləri gələndə masa arxasında oturub bütün məsələləri müzakirə etməyə hazır siyasi qüvvələrik. Cəmiyyətə vermək istədiyimiz daha bir mesaj isə Azərbaycanın əsgərinə, zabitinə, ordusuna olan mesajdı. Azərbaycanın torpaqları hələ işğal altındadır. Hələ Azərbaycana qəhrəmanlar, əsgərlər, döyüşən insanlar çox lazım olacaq. Biz əlbəttə ki, istəyirik torpaqlarımızı dinc yolla geri qaytaraq. Amma Azərbaycanın vətəndaşları vuruşmağa, vətən üçün ölüb-öldürməyə hazır olmalıdır. Onlar əmin olmalıdır ki, onların arxasında ölkənin siyasi qüvvələri dayanacaq. Bunu Azərbaycan Xalq Cəbhəsindən yaxşı kim başa düşə bilər. AXC sıralarından Qarabağ uğrunda döyüşlərdə minlərlə şəhid verilib, onlarla milli qəhrəman yetişib. Ona görə də bizim bu müraciəti imzalamaqda, Ramil Səfərova arxa olmaqda bir məqsədimiz, bir mesajımız da Azərbaycanın əsgərinə, zabitinə, ordusuna verilən mesajdı. Onlar bilməlidir ki, biz hökumətə müxalifət olsaq da, dövlətə, orduya müxalifət deyilik. Hər bir əsgər, hər zabit, Azərbaycan üçün vuruşan hər bir insan arxasında Azərbaycanın milli demokratik qüvvələrini, Xalq Cəbhəsini və prinsipial mövqedə olan başqa partiyaların olduğunu bilməlidir.

– Yeni Azərbaycan Partiyasının müxalifətlə birgə imzaladığı sənəd qəribə gəldi. Yəni uzun illərdi Azərbaycan hakimiyyəti müxalifətə saymazyana münasibəti ilə seçilib, müxalifət Qərbə işləməkdə, Qərbdən maliyyələşməkdə ittiham edilib. Ancaq belə bir məqam yetişdi ki, milli məsələdə onlar Azərbaycan müxalifətindən kömək istəməli oldular. Baş verən hadisə Sizə yönələn ittahamların saxta olduğunun etirafı idimi?
– Əlbəttə, xeyli dərəcədə. Azərbaycan hökumətinin özündən yaxşı kim bilir ki, bizə qarşı deyilən bu ittihamlar, iddialar hamısı saxta olub, heç bir əsası olmayıb. Əlbəttə ki, AXCP, onun Ictimai Palata üzrə müttəfiqləri həm də real qüvvədirlər. Necə olur ki, bütün az-çox seçkiyə oxşayan seçkilərin hamısında biz qalib gəlmişik, müttəfiqlərimiz qalib gəlib. Necə olur ki, 19 ildir bütün resurslar bir tərəfdədir. Amma yenə də heç bir seçki qutusundan haram qatmadan, saxtalaşdırma etmədən Azərbaycan hökumətinin təmsilçisi çıxa bilmir. Onların müxalifəti saymaması üçün əsası yoxdu. Ikincisi də, bu, milli, millətin bağrından çıxmış bir qüvvədir. Bu qüvvə heç kimə bağlı deyil. Bizim bağlı olduğumuz ancaq Azərbaycan xalqıdır. Biz Azərbaycan xalqının mənafeyi üçün hesab edirik ki, Azərbaycan Qərbə, Avropa Birliyinə inteqrasiya etməlidir. Amma ona görə yox ki, onlara xoş gəlsin. Biz Azərbaycan xalqı üçün bu inteqrasiyanı istəyirik. Yox, biz inteqrasiya üçün üz tutduğumuz ünvandan haqsızlıq görsək, əlbəttə ki, Azərbaycan xalqının mənafeyi bizim üçün hər şeydən üstündür. Azərbaycan xalqı çox aydın şəkildə bilməlidir ki, bizim üçün onun mənafeyi ən üstündür. Azərbaycan vətəndaşlarının mənafeyi tələb edərsə, biz o mənafeləri Qərbdən də, Cənubdan da, Şimalda da, bütün istiqamətlərdən qorumağa hazırıq. Bizim üçün xalqdan və vətəndaşlarımızın hüquqlarından üstün bir dəyər yoxdu.

– Son olaraq aydınlaşdırmaq istəyirik ki, bu birgə müraciətdən sonra aparıcı müxalifət partiyalarının Yeni Azərbaycan Partiyasına, Azərbaycan hökumətinə və Avropa Parlamentinə münasibətdə nəsə dəyişib?
– Əvvəlcə axırıncıdan başlayaq ki, Avropa Birliyinə və onun parlamentinə hər hansı bir prinsipial münasibət dəyişikliyi yoxdu. Bir neçə il bundan qabaq Avropa Birliyi Parlamenti Azərbaycanla bağlı çox prinsipial bir qətnamə qəbul etmişdi. Azərbaycanda insan haqlarının, demokratiyanın tapdalanması, siyasi məhbuslarla bağlı ciddi tələblər var idi. Hətta həmin qətnamədə göstərilirdi ki, Azərbaycanda demokratik islahatlar olmasa, Azərbaycan hökumət məmurlarına qarşı konkret sanksiyalar olacaq. Biz o qətnaməni müdafiə etdik. Bizim məqsədimiz Azərbaycan hökumətinə dəstək vermək deyil. Avropa Birliyi Azərbaycan hökumətinə qarşı sanksiya tətbiq edəndə biz demişik ki, bəli, bu məmurlar sanksiyaya layiqdilər. Biz ona dəstək vermişik. Sonra Avropa Birliyi Qarabağla bağlı qətnamə qəbul edib. Yeri gəlmişkən, imzalanmış sənəddə biz onu qeyd etdik ki, o sənəddə obyektiv olaraq Avropa Birliyi Qarabağla bağlı Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Nəhayət, Yeni Azərbaycan Partiyasını sövq elədik, razı saldıq, imzalanmış birgə sənədə əlavə olundu ki, ora imzanı qoymuş partiyalar Azərbaycanın gələcəyini Avropaya inteqrasiyada görür və Avropa Birliyi ilə Assosiativ sazişi müdafiə edir, ona sadiqdi. Avropa Birliyi ilə Assosiativ saziş Azərbaycanın bütün həyatını, yol hərəkət qaydalarından seçki məcəlləsinə qədər, məhkəmə sistemindən polisin işinə qədər, Avropanın standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Azərbaycanın demokratikləşməsi üçün olduqca önəmli sənəddən, 500 səhifəlik sazişdən söhbət gedir. Biz nail olduq, bizimlə yanaşı Yeni Azərbaycan Partiyası da imza qoydu ki, Azərbaycan həmin o Assosiasiya sazişinə sadiq olacaq, onu imzalayacaq. Bizim Avropa Birliyi ilə münasibətlərimizdə hər hansı konfrantasiya olmayacaq. Amma biz Avropa Birliyindən də, bütün dünyadan da tələb edəcəyik ki, bizə hörmətlə yanaşsın. Biz, əlbəttə, onun fərqindəyik ki, Azərbaycanın bu gün təklənməsinin daha çox məsuliyyəti Azərbaycan hökumətindədir. Bu, Ilham Əliyevin apardığı xarici siyasətin iflasıdır ki, bütün dünya Azərbaycanı təkləyib, təzyiq edir. Başa düşürük, Azərbaycan hökuməti zəifdi, bacarıqsızdı, işin öhdəsindən gəlmir. Bəs bu dünyanın nəzarəti harda qalıb. Qarabağı azad etmək də Azərbaycan hökumətinin vəzifəsidir, o bunun öhdəsindən gələ bilmir. Amma bu bizə mane olmur ki, biz BMT, ATƏT-ə irad tutaq ki, sən axı işğalçı ilə işğala məruz qalana bərabər yanaşa bilmərsən. Biz təşkilatlardan öz haqqımızı, millətimizin haqqını istəyəcəyik. Amma bu həmin Qərblə, beynəlxalq təşkilatlarla konfrantasiya mənasını vermir. Indi hökumətə, YAP-a münasibətin dəyişməsi barədə. Əvvəla, ümummilli məsələlərlə bağlı indiyə qədər bizim təcrübəmizdə bir neçə dəfə olub ki, biz Azərbaycan hökuməti ilə eyni addımları atmışıq. Xocalı soyqırımı ilə bağlı, onun dünyada tanınması ilə bağlı eyni mövqedən çıxış etmişik. 1997-ci və 2009-cu ildə iki dəfə YAP və bütün müxalifət partiyaları birlikdə Qarabağla bağlı birgə bəyanat qəbul edib. Qarabağın geri alınması üçün, yaxud da Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkədə milli həmrəyliyə nail olub eyni mövqedən çıxış edəcəyik. Məgər onlar bizim mövqeyimizi dəyişdi. Bir məsələni çox aydın başa düşmək lazımdır. Ümummilli məsələlərdə Azərbaycanın maraqlarından çıxış etmək iqtidar kimi müxalifətin də vəzifədir. Bu, müxalifəti müxalifət olmaq missiyasından kənarda saxlamır. Biz Azərbaycan hökumətinə müxalifətik. Azərbaycan hökumətini yarıtmaz hesab edirik. Hesab edirik ki, nəinki bir il, bir ay, bir gün bu hökumətin davam davam etməsi Azərbaycanda yüz minlərlə insanın hüquqlarının pozulması deməkdir. Yüz minlərlə yeni ədalətsizlik deməkdir. Azərbaycanda milyonlarla, milyardlarla sərvətin yenidən talan edilməsi deməkdir. Ona görə də bizim mübarizəmiz çox açıq-aydın ifadə olunur ki, biz ölkədə köklü dəyişiklərə nail olaq uğrunda mübarizə aparırıq. Nəinki bu dəyişikliklərə, rejim dəyişiklikliyinə nail olmaq uğrunda mübarizə aparırıq. Biz bu rejim dəyişikliyinə nail olacağıq. Heç kim, hər hansı bir qüvvə, hansı bir səbəb bizi bu hədəfdən yayındıra bilməz. Bizim vətəndaşlarımız da bunu bilməlidirlər. Tərəfdarlarımız da əmin olmalıdır, mübarizəyə daha ürəkdən qoşulmalıdır. Əgər kimlərdəsə narahatçılıq var idisə, onlarda da bu narahatçılıq aradan qalxmalıdır. AXCP-nin, onun Ictimai Palata üzrə müttəfiqlərinin Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq, rejim dəyişikliyinə demokratik yollarla, vasitələrlə nail olmaq hədəfi əsas hədəf olaraq qalır və heç nə bu hədəfi dəyişə bilməz.