AXCP rəhbərliyi sentyabrın 22-də Ucarda partiyanın yerli şöbəsinin tədbirində iştirak etmək üçün rayona yollanıb. Amma onların gəlişi və yerli şöbənin tədbir keçirmək istəyi rayonda əməlli-başlı fövqəladə vəziyyət yaradıb.
AXCP-dən aldığımız məlumata görə, rayon rəhbərliyi tədbirin qarşısını almaq və Bakıdan gedənlərin geri qaytarılmasına göstəriş verib. Dərhal da polis hərəkətə keçib.
AXCP-nin tədbiri üçün yer ayrılmayıb, buna görə də cəbhəçilər yerli şöbənin sədri Şıxəli Hüseynovun evində toplaşmaq istəyib. Lakin polis Ş.Hüseynovun evini mühasirəyə alıb və onun özünü saxlamağa cəhd göstərir. Məlumata görə, Ş.Hüseynov barəsində hansısa bəhanə ilə protokol tərtib etmək istəyirlər.
AXCP-nin Bakıdan gedən rəhbər şəxsləri Ali Məclisin sədri Həsən Kərimov və partiya sədrinin müavini Gözəl Bayramlıdır. Hazırda onlar Ucardadır.
Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.