semed seyidov2

Səməd Seyidov niyə “vurulur”?

semed seyidov2Rektor-deputatın AŞ PA-dakı yarıtmaz fəaliyyəti rəqiblərinin əlinə fürsət verib

Hesablama Palatasının Azərbaycan Dillər Universitetində apardığı yoxlamaların nəticələri barədə yaydığı açıqlamanın səbəbləri barədə yeni məlumatlar əldə etmişik. Əvvəlcə xatırladaq ki, Hesablama Palatası deputat Səməd Seyidovun rektoru olduğu Azərbaycan Dillər Universitetində maliyyə pozuntuları aşkarlayıb.
Bu barədə Palatanın sentyabrın 18-də keçirilmiş kollegiya iclasında məlumat verilib. Azərbaycan Dillər Universitetinin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulub.
Bunları nəzərə alaraq kollegiya universitetdə aparılmış auditin nəticələri üzrə materialları Baş Prokurorluğa göndərməyi qərara alıb.
“Azadlıq” Səməd Seyidovun hakimiyyətdəki islahatçı komandaya daxil olduğunu və mühafizəkarların hədəfinə gəldiyini yazmışdı. Həmçinin qeyd olunmuşdu ki, 2005-ci ildə də Səməd Seyidova qarşı oxşar addım atılıb və onun müsahibi həbs edilib.
Dünən əldə etdiyimiz məlumata görə, o zaman islahatçı məmur kimi tanınan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra Səməd Seyidovun da həbsi gündəmə gəlib. Lakin hakimiyyətin mühafizəkar qanadının cəhdləri baş tutmayıb.
Indisə mühafizəkar qanadın əlinə yenidən fürsət düşüb. Məlumatlara görə, bu məsələnin Avropa Şurası Parlament Assambleyasının payız sessiyası ərəfəsinə düşməsi deyil. Məsələ burasındadır ki, AŞ PA-nın payız sessiyası çərçivəsində Ramil Səfərovun məsələsi ilə bağlı müzakirələrin aparılmasına dair sorğu daxil olub.
Həmçinin sessiyanın gündəliyinə Rusiya Avropa Şurası qarşısında öhdəlikləri, Avropa Şurasına üzv ölkələrin xarici siyasətində demokratiya və insan haqları, siyasi məhbus anlayışının müəyyənləşməsi (məruzə Kristofer Ştrasser tərəfindən təqdim olunub) daxil edilib. Iqtidarda düşünürlər ki, hakimiyyətin maraqlarına uyğun olmayan bu müzakirələr Səməd Seyidovun AŞ PA-dakı yarıtmaz fəaliyyətilə bağlıdır. Bu da mühafizəkar qanadın əlinə rektoru “vurmaq” fürsəti verib və dərhal Səməd Seyidovla bağlı kompromatlar işə düşüb.