Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Burası mülki xəstəxanaya bənzər bir yerdi. Iki, dörd və daha artıq nəfərlik palatalarda xəstələr məskunlaşdırılıb və bura nə məqsədlə yerləşdiklərini Allah bilir. Önümə ilk çıxan adamın burun deşiklərində yumruq boyda ağ tıxac vardı və görünürdü ki, onun burnunda cərrahiyyə əməliyyatı aparılıb. Amma adamın bədən mütənasibliyi də qaydasında deyildi. 25-26 yaşı olan bu gəncin bel qovşağında da hansısa problemin olduğu hiss olunurdu. Ayaqlarını sürüyüb aparan adam kimi görünürdü. Amma sonradan bildim ki, onun burada məskunlaşması elə burun əməliyyatı ilə bağlıdır. O, məni özünün qaldığı palataya gətirdi. Burası dörd nəfərlik idi və bir yer boş idi.
Palatada burnu tamponlu oğlandan başqa hündür boylu, təhər-tövründən xəstəyə oxşamayan və daha çox, hələ həbs edilməmiş cinayətkara bənzəyən bir gənc, bütün görkəmindən illərin xəstəsinə və illərin dustağına oxşayan 40-45 yaşlı başqa bir adam vardı. Gənc məni gülər üzlə qarşıladı. Adını “Elnur” dedi. “Bələdçi”min adı isə Ramin idi. Məni o qədər də məmnuniyyətlə qarşılamayan “qoca”nın adı isə Azərdi. Onun məni niyə bu qədər zəhrimarla qarşılamasının səbəbini bilmədim, ən azı, bu onun ağrıları ilə də izah edilə bilməzdi. Adam məmnun deyildi, vəssalam. Bu qeyri-məmnunluq özünü onda göstərdi ki, ilkin salamdan sonra “bələdçi”min üstünə çımxırdı: “Qanacağın olsun, bə! Adamı götürüb gəlmisən palataya, bir stəkan çay verə bilməzsən?!”
Qeyri-məmnunluğun səbəbini bu anda anladım. Belə başa düşdüm ki, Raminin ondan icazəsiz, ən azı, onunla məsləhətləşmədən palataya yeni adam gətirməsi Azərin xoşuna gəlməyib. Bu, elementar “liderlik” məziyyəti idi və deyəsən, Azər bu palatada özünü liderlik göstəriciləri ilə fərqləndirə bilmişdi. Bir qədər sonra öyrəndim ki, o, təkcə palatada yox, bütün korpusda bu keyfiyyətini həzm elətdirməyə macal tapıb. Birinci baxışdan şübhəli qaldım ki, hansı göstəricilərinə görə? Elə axıra qədər də anlaya bilmədim. Bu adam xəstə idi və qayğıya ehtiyacı vardı. Liderlik keyfiyyətləri ilə adamların diqqətini cəlb etmək isə ona lazım deyildi. Amma iş belə gətirmişdi və onun ətrafındakı proseslərin belə cərəyan etməsində mənim heç bir iştirakım yox idi. Bundan sonra da olmayacaqdı.
Palatada məni xüsusi narahat eləyən bir cəhət vardı ki, onun da həllini qismən tapa bildim. Bu, Elnurun qeyri-insani avazla xoruldaması idi. O, fasiləsiz xoruldayırdı, fasilələr, yalnız yenidən nəfəs götürüb xorultunu təkrarən canlandırmaq üçün göstərilən qeyri-ixtiyarı cəhdlərin arasında yaranırdı və bu fasilə adlanacaq an parçası növbəti təkanın başlanğıcı kimi daha dəhşətli idi. Birinci gecəni çox ağır, mümkünsüz təəssüratlarla, zorla yuxuya getdim. Nəzərə alaq ki, “Voronok” adamı yorur, buna baxmayaraq, yuxuya getmək üçün bir neçə saat sərf etməli oldum. Amma ikinci gecəni yata bilməyəcəkdim. Gün ərzində bunu fikirləşdim. Ictimai müzakirəyə çıxartdım. Azər də, Ramin də təsdiq etdi ki, bu, dəhşətdir, ona qarşı mübarizə aparırlar, amma effekt çox cüzi olur. “Məsələn, gecə məcbur oluram, durub bunun çarpayısını tərpədim, beş-altı dəqiqə fasilə verir onda”, – Ramin dedi.
Mənə elə gəldi ki, bu qədər bəsdir. Bir ip tapdım və ikinci gecə yatmamışdan əvvəl Elnurun çarpayısına bağladım. Effekt alındı! Adam xoruldamağa başlayan kimi ipi dartdım. Fasilə. 10 dəqiqə! Ikinci dəfə. Yenə! Üçüncü dəfədə isə artıq hamı yatmışdı və mən də onun ipini növbəti dəfə dartıb yuxuya getdim.
Səhər tezdən Azərin sifətindən nur çiləndiyini gördüm. Adam, olmaz dərəcədə xoşbəxt görünürdü: “Allah ömrünü uzun eləsin! Harda qalmışdın?! Bu adam bizi iki həftədir dəli eləyib”.
Mən qalib görkəm alıb təntənəli şəkildə bildirdim: “Yaradıcı olmaq lazımdır. Ixtira öz işini görür. Amma bu kəşfin müəllifi olaraq mən başqa bir səmərəli təklifin də müəllifliyinə iddia edirəm. Burada mən yaşca və ixtiranın da təsdiq etdiyi kimi, həm də başca bir az… qocayam. Buna görə də bilirəm ki, siz rəva görməzsiz, mən gecələri Elnurun ipini dartım. Bu missiyanı palatanın ən gənc və ən perspektivli sakini Raminə həvalə edəcəyik. O, cinayət aləminin pilləkənləri ilə üzü yuxarı qalxan uzun bir yolun əhəmiyyətli mərhələsindədir. Bu etimadı doğrultmağa borcludur və nəhayət, bu qədər gənc, bu qədər mükəmməl olmasına baxmayaraq, indiyəcən bu ixtiranı ortalığa qoymamağın da məsuliyyəti onun üzərindədir. Buna görə də bundan sonra sutkanın yarısında, yəni gecələr Elnurun ipi Raminin əlində olacaq. Başqa təklif yoxdursa, qərarı qəbul edilmiş sayaq”.
Ikicə gün sonra başa düşdüm ki, bu rahat, isti, həbsxanaya heç oxşamayan və sir-sifətindən arxayın bir rayon xəstəxanasına bənzəyən bağlı-bağatlı binada mən həbsxana əziyyəti çəkəcəyəm. Yox, təcrid olunma vəziyyətinə öyrəşmişdim, buradakı hərəkət məhdudluğu məni sıxa bilməzdi. Demək olar ki, heç bir rejim qaydası da yox idi: səhər tezdən, bir də axşam – saat 6-damı, 7-dəmi – yoxlama vardı. Qalan bütün vaxtlarda tam sərbəstlik idi. Ye, iç, yat, dur, oyna, mayallaq aş, kitab oxu, qeybət elə, qərəz, bu xəstəxanada normal və ağlı başında olan bir insan nə eləyə bilərsə, onu da eləmək mümkündü. Buradan təqaüdə hazırlaşan rəis Mürsəl Əhmədovun yuxarıların gözünə girmək və yerini bərkidib daha yuxarılara sıçramaq kimi bir dərdi olmadığından, dustaqların həyatını mürəkkəbləşdirəcək heç bir inadı-cığallığı da yox idi.
Burada gözümə dəyən və diqqətimi çəkən ilk adamlardan biri Idris Mikayılov oldu. Burnunda nəsə problem olduğuna görə cərrahiyyə şöbəsinə gəlmişdi. Idris dönəmin ünlü dustaqlarından olmalı idi, çünki ittihama inansaq, Azərbaycanda dövlət çevrilişi etmiş, bir ay, hətta bəlkə daha artıq Azərbaycan prezidentinin səlahiyyətlərini icra etmiş Səid Dadaşbəylinin sağ əli olmuş, sonra isə hamılıqla geriyə çəkilib həbsxanaya girməli olmuşdular. Inanmamağa da haqqım yox idi: onu həbs edən zaman MTN və Baş Prokurorluq kimi iki mühüm dövlət orqanı bu sayaq bəyanat vermişdilər…
ardı var