“Azərbaycanda yeni ölçü vahidləri istifadəyə daxil edilə bilər”,- mətbuat yazır.
Mənimçün burdan beləsi elə də maraqlı deyil. Əsas olan yaranmış ilk təəssürat, ilk assosiasiyadı. Oxuyan kimi gülməyim gəldi. Bu barədə Milli Məclisdən xəbər verən mənbəyə (o, hər kim olur olsun), xəbərlərin bu qədər gec çatdığına təəccübləndim. Yəni bu mənbə indiyə qədər harda yatıbmış ki, Azərbaycanda ölçülərin dəyişdiyindən belə gec xəbər tutub.
Bu ölçülər əslində banisi ata Əliyev olan yeni Azərbaycanın təməli atıldığı gündən dəyişilib və yurdumuzda elə bir adam ola bilməz ki, bu dəyişiklikdən xəbəri olmasın. Hamı bilir ki, dediyimiz zamandan sonra dünyanı hansı ölçülərlə qiyaslamalısan ki, birinci növbədə bu həyatda, heç olmasa bu ölkədə sağ qala biləsən. Bu yeni ölçülər artıq etalona çevrilib və kimsə bu ölçülərdən yana çıxırsa, onu Don Kixot və ya sadəcə, dəli adlandırırlar. Həm də, məsələn, o adamlar ki, sən məhz onların bu murdar ölçü sistemindən azad olması üçün yaxanı cırırsan, gününü-güzəranını bu yolda qurban verirsən, hər acıya, sitəmə, əzaba qatlaşırsan; övladlarının ömrünü puç eləyirsən, onlara öz uşaqlıqlarını yaşaması üçün heç bir imkan tanımırsan və o məsum körpələri də öz yoluna salırsan, oliqarxların təbirincə desək, “müvəqqəti çətinliyə görə” üzr istəyirsən. Əslində sənin dərdin heç də sənə dəli deyən o cahil və sevimli, biçarə və bir az da kələkbaz həmvətənlərinin gün-güzəranı deyil. Səni bu ölkənin sabahı düşündürür. Bilirsən ki, bu gedişlə, Molla Nəsrəddin demişkən, yel belə əssə, bu ölkədə sabah müqəddəs amalı olan bircə insan tapa bilməyəcəksən. Çünki sabahın insanı bu gün yetişir və onların yetişdirildiyi cəmiyyət, təhsil sistemi onları yalnız korlamaqla məşğuldu. Təhsil sistemi təhsilsizləşdirmə, simasızlaşdırma, kütləşdirmə üstündə qurulub və sabah bu ölkə bu sistemin yetişdirdiyi, daha doğrusu kallaşdırdığı insanlardan formalaşacaq.
Bəli, bu ölkədə bütün ölçülər çoxdan dəyişib. Indi bunların dəyişdirmək istədiyi nədi, bilmirəm. Yoxsa qanunun əvəzinə tətbiq olunan rüşvəti yenidən qanunla əvəzləyəcəklər? Yoxsa karyera yolunda mövcud ölçü olan yerlibazlıq, qohumbazlıq, rüşvət, yapçılıq, yaltaqlıq, dəyyusluq, vicdansızlıq ölçüləri indi yalnız savad, bacarıq və peşəkarlıqla dəyişəcək yerini? Bəlkə bundan belə dövlətin yuxarıdan aşağı bütün məmurları öz vəzifəsindən korrupsiya üçün deyil, yalnız bu ölkənin çiçəklənməsi, xalqın durumunun yaxşılaşması üçün yararlanacaq və quru maaşa baxaraq çalışacaqlar? Belə bir şey mümkünmü? Parlament belə bir qanun qəbul edə bilərmi? Buna gücü, səlahiyyəti çatarmı? Axı bu inqilab demək olardı – qansız, qadasız, topsuz-tüfəngsiz inqilab! Axı bu, mövcud hakimiyyətin sonu demək olardı! Təsəvvür eləyin, qəfildən ölkədə əsas ölçü qanunlar olmağa başlayır. Onda mənzərə necə olardı, bir düşünün. Qanun şah olan kimi, məmurlar ucdantutma cinayət məsuliyyətinə cəlb olunmalı və son nəfərinə kimi həbs edilməli, vəzifə hesabına yığdıqları milyonlar, milyardlar müsadirə edilərək xalqa qaytarılmalıydı. Mümkünmü?..
“Quru maaş” dedim. Fikrim ayrı səmtə yönəldi. Siz bu ifadədəki alçaqlığı və çarəsizliyi hiss edirsizmi? Görəsən zamanın hansı çağında yaranıb bu ifadə? Bu ifadə təpədən-dırnağa narazılıqla doludu. Ikrah, ironiya var bətnində. Yəni adam necə təkcə maaşa baxar? Təfəkkürə görə, bununla kifayətlənmək acından ölmək və ya sadəcə dəlilik deməkdi. Korrupsiyaya bulaşmış cinayətkar rejimlərdə bu ifadə həmişə aktiv olub, indi aktivdi, milli gəlir ədalət və qanun çərçivəsində bölünməyənə qədər də aktiv olacaq.
Nə isə. Məsələnin canı beynəlxalq ölçü və standartlara keçiddi. Ancaq iş azadlığın, ədalətin, demokratiyanın metrlə, kilometrlə və ya millə, yardla ölçülməsi deyil, ümumiyyətlə, mövcud olmasıdı. Olmayan şeyi necə ölçməyin nə mənası ki…

Olmayan şeyin ölçülməsi
•
•