Baş prokurorun müavini gənc fəalı qatı cinayətkar kimi təqdim etdi
Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması onu cinayət məsuliyyətindən azad etmir”
Abşeron Rayon Məhkəməsi Müsavat Məclisinin üzvü Nigar Yaqublunu ev dustaqlığına buraxmayıb. Sentyabrın 20-də keçirilən prosesə N.Yaqublunun özünü də gətiriblər. Qapalı keçirilən prosesdə həbsin ev dustaqlığına dəyişdirilməsi vəsatəti təmin olunmayıb. Vəsatəti N.Yaqublunun vəkilləri qaldırmışdı(“Mediaforum”).
Baş prokurorun birinci müavini Rüstəm Usubov “Trend”ə müsahibəsində N.Yaqublunun işindən danışıb. O bildirib ki, istintaq zamanı əldə olunmuş sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsində iştirak etmiş “Kamaz” markalı avtomobilin sürücüsü Xəlilov Sadiq Cəfər oğlunun, hadisənin bilavasitə şahidləri Səfərəliyev Vəliyulla Nüsrəddin oğlunun, Rəhimov Xancan Qara oğlunun və Qasımov Hüseyn Məhəmməd oğlunun ifadələri, xüsusi kameraların video görüntüləri və keçirilmiş zəruri ekspertizaların rəyləri ilə hadisənin məhz Nigar Yaqublu tərəfindən törədilməsi müəyyən edilmişdir: “Respublika əhəmiyyətli yollarda quraşdırılmış nəzarət qurğularının kamera görüntülərinin videoyazısında 25.08.2012-ci il tarixdə saat 10:20-dən saat 10:35-dək olan müddət ərzində Bakı-Şamaxı-Yevlax yolunun 13-cü kilometrində Şamaxı rayonu istiqamətində hərəkətdə olan ”Peuqeot-206″ markalı 90-DP-573 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə qədər olan kamera görüntülərinin videoyazısında avtomobilin sükanı arxasında Nigar Yaqublunun olduğu və onun avtomobili yaşayış məntəqəsində yüksək sürətlə idarə edib əks hərəkət zolağına çıxmaqla “Kamaz” markalı avtomobillə toqquşduğu öz əksini tapmışdır”.
Cinayət işinin istintaqı gedişində Nigar Yaqublunun həbsə alınmasının hansı zərurətdən irəli gəldiyi barədə fikirlərini açıqlayan baş prokuror müavini bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsinin əsasları CPM-nin 155.1.1-155.3 və 157-ci maddələrində təsbit edilmişdir: “Həmin əsaslardan biri kimi cinayət törətmiş şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi ehtimalının olması müəyyən edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasında həbs qətimkan tədbirinin seçilməsi məhkəmə orqanlarının müstəsna səlahiyyətində olan məsələdir”.
R.Usubovÿmərhum Aydın Acalovun oğlu Rəşad Acalovun həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar N.Yaqubludan heç bir şikayətinin olmaması və sonuncu ilə barışmasına dair məlumatlara dair bildirib ki,ÿAzərbaycan Respublikası CM-nin 73-cü və CPM-in 40-cı maddələrində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilməsi nəzərdə tutulub: “Nigar Yaqublunun törətdiyi cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aiddir və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması onu cinayət məsuliyyətindən azad etmir. Bununla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin hüquq və vəzifələrini əks etdirən Azərbaycan Respublikası CPM-nin 106-cı maddəsində zərərçəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun olmadığı qeyd edilmişdir. Rəşad Acalov istintaq zamanı Aydın Acalovun hüquqi varisi qismində tanınaraq dindirilmiş və ona qanunun yuxarıda qeyd olunan tələbləri izah edilmişdir”.
N.Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apelyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Həbs müsavatçı A.Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Istintaq A.Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.