neftci-etiraz

Neftçilər etiraza qalxdı (FOTOLAR)

neftci-etiraz“Qara qızıl” ustaları tətilə başlaya bilər; onlar normal iş şəraiti və əməkhaqqı tələb edirlər

Sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” kimi rəsmiləşdirilib. Balaxanı Neft-Qaz Çıxarma Idarəsinin (NQÇI) 100-dək fəhləsi isə dünən peşə gününü bayram etmədilər, onlar səhər saatlarında elə iş yerlərində etiraz aksiyası keçirdilər. Aksiya təxminən bir saat çəkdi. Rəhbərlikdə təmsil olunan bir neçə nəfərin fəhlələrin ünvanına təhqiramiz ifadələrini (“Ayıb olsun, ar olsun sizə, qudurmusuz…”) istisna etsək, aksiya dinc formada da yekunlaşdı.
Aksiya yerinə rəhbərlik gəldi. Amma gələnlər özlərini təqdim etməkdən yayınaraq, fəhlələri dağıtmağa çalışırdı. Aksiya iştirakçılarına “sonra aqibətiniz yaxşı olmayacaq” kimi hədə-qorxu dolu mesajlar da verilirdi.
Fəhlələr tələbləri əks olunan qətnaməni ora gələn məsul şəxslərə təqdim etdilər. Həmin tələblərin yerinə yetirilməsi üçün isə 4 gün vaxt verildi. Bildirildi ki, 4 günə problemlər həllini tapmasa, onlar fasiləsiz tətilə başlayacaqlar.
Fəhlələrin “Azadlıq”a bildirdiyinə görə, bu ilin yanvarında Balaxanı NQÇI-nə yeni rəhbərlik gələndən (Almaniyanın BOC.LTD) sonra onlara qarşı fərqli münasibət yaranıb, sərt tədbirlər daha da sərtləşib.

Fəhlələri etiraza qaldıran səbəblər

“Işçilərdən hər hansı birinin ailə üzvləri vəfat etdikdə belə, onlar məcburi qaydada ərizə yazmağa təhrik edilir. Işçinin olmadığı hər bir günün müqabilində isə digər gündəlik gəlirinin 2 misli həddində əməkhaqqıdan tutulur”, – deyə aksiyanın qətnaməsində bildirilir.

Zay geyim

Sənəddə o da qeyd olunub ki, yeni idarəçilər gələndən sonra fəhlələrə iş üçün verilən geyimlərin keyfiyyətsiz, orqanizm üçün zərərli olması onları narahat edir. Ona görə də fəhlərin çoxu bu geyimlərdən imtina edib.

Tibbi sığorta(sızlıq)

“Bizə verilən tibbi sığortadan isə ümumiyyətlə, danışmağa dəyməz. Çünki demək olar ki, əksər fəhlələrin tibbi sığorta kartlarının balansı bir qayda olaraq, sıfıra yaxın olur. Yaxud da balansda olan məbləğ simvolik həddə olur. Buna görə də biz sağlamlığımızın qeydinə qala bilmirik”.

Gigiyena qaydaları ayaq altında…

“Hamam və ayaqyolumuz elə bərbad vəziyyətdədir ki, ondan istifadə etmək mümkün deyil. Fəhlələr üçün yeməkxana da yoxdur. Onlara evdən gətirdikləri yeməyi yemək üçün ortabab şərait də yaradılmır”.

Hamını bəzər, özü lüt gəzər…

“Biz bu sahəyə qısamüddətli dövrdə və təsadüfən gəlməmişik. Uzun müddətdir ki, (20 ildən başlayaraq, 42 ilə qədər) bu sahəni özümüzə doğma sahə hesab etdiyimizdən burada çalışmışıq. Biz bilirik ki, ölkəmizin neft hasilatının ildən-ilə artmasıyla yanaşı, yeni qaz ixracatı imkanı da yaranmışdır. Məhz bunun sayəsində ölkəmizin dünyaya neft-qaz ixracatı imkanı genişlənib. Nəticədə ölkəmiz böyük neft-qaz gəlirləri əldə etməyə başlamışdır. Bu, əlbəttə ki, bizi bir neftçi və vətəndaş olaraq sevindirir. Amma aylıq gəlirimizə və sosial vəziyyətmizə baxanda bu sevincdən məhrum oluruq. Çünki biz – Balaxanı neftçiləri ayda iş şəraitindən asılı olaraq, 350-550 manat civarında əməkhaqqı alırıq. Başa düşə bilmirik ki, ölkədə orta aylıq əməkhaqqı (2011) 350 manat, neft sektorunda isə orta aylıq əməkhaqqı 1050-1100 manat  həddində olduğu halda, bizlər niyə ağır şərtlər altında 350-550 manat civarında məvacib almalıyıq? Özünüz də bilirsiniz ki, bu əməkhaqqı ilə biz heç gündəlik xərclərimizi qarşılaya bilmirik”.

Mənzildən məhrum etmə

“Bizlər uzun müddət bu sahədə çalışaraq, mənzil növbəsinə durmaqla, illərlə kirayələrdə yaşamaqdan qurtulmaq istəmişik. Amma müəssisəmizə yeni şirkət və idarəçilik gələndən sonra bizi bu mənzil növbəsi siyahılarımızdan da məhrum etdilər”.

Gizlədilən əmək müqavilələri

“Şirkətdə idarəçilər dəyişəndən sonra bizimlə əvvəlki əmək müqavilələri əsasında deyil, yeni əmək müqavilələri bağlamağa başlanıldı. Bu əmək müqavilələri isə müvəqqəti əsasla bağlanmışdı. Bu da hazırda qüvvədə olan Əmək Məcəlləsinin tələblərinə ziddir. Çünki Əmək Məcəlləsinin 63-cü maddəsində qeyd olunur ki, neft-qaz çıxarma idarələrinə yeni idarəçilər gələrkən mühəndis-rəhbər heyəti, o cümlədən mühasib istisna olmaqla, digər əmək kollektivilə əvvəlki əmək müqavilələri qüvvədə qalır. Üstəlik, bizimlə bağlanan müvəqqəti əmək müqavilələri də tanış olmaq imkanımız yoxdur. Yəni, həmin əmək müqavilələrinin surətləri belə, bizə verilməyib”.

Neftçilərin tələbi

1. Əmək müqavilələri Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə bizimlə daimi bağlansın və surəti bizə verilsin;
2. Əməkhaqlarımız 2 dəfə artırılsın;
3. Bərbad və dözülməz iş şəraitimiz yoxlanılaraq, təcili olaraq, onun keyfiyyəti yüksəldilsin;
4. Fəhlələrin tibbi sığorta kartlarının balansı kifayət edəcək miqdarda artırılsın;
5. Yuxarıda sadalanan tələblərimiz 4 gün ərzində yerinə yetirilməsə, biz aramsız tətillərə başlayacağıq.

Natiq