Azərbaycan hakimiyyəti 2013-ə görə Rusiyadan niyə ehtiyat edib?
“Ayaz Mütəllibova eks-prezident statusu verilməsi və onun Azərbaycana gəlişi YAP iqtidarının Rusiyadan narahatlığı ilə bağlıdır”. Bu sözləri “Azadlıq”a Ayaz Mütəllibova yaxın olan şəxslərdən biri deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti 2013-cü il prezident seçkisində Rusiyanın Mütəllibov faktorundan istifadə edəcəyindən ehtiyatlanıb. Rəsmi Bakı ilə Moskvanın münasibətlərinin normal olmaması hakimiyyətdə belə qənaət yaradıb.
Məlumat üçün deyək ki, Azərbaycan hakimiyyəti ilə Kreml arasında hələ də həllini tapmayan məsələlər var. Ilk sırada təbii ki, Qəbələ RLS-lə bağlı məsələ gəlir. Hakimiyyət RLS-ə görə icra haqqını artırıb, Rusiya isə bundan ciddi narazıdır və hələ ki, Bakı ilə Kreml ortaq məxrəcə gələ bilməyib. Bundan başqa Azərbaycan hakimiyyəti Rusiyanın Avrasiya ittifaqına yox deyib ki, bu da Kremlin ürəyincə deyil. Azərbaycan hakimiyyəti həmçinin Rusiyanın əleyhinə olduğu Transxəzər qaz layihəsini dəstəkləyir. Rusiyanın ciddi narazılığına səbəb olan məsələlər sırasında Azərbaycan hakimiyyətinin Gürcüstana yardım etməsi, Iranla qarşıdurmaya getməsini, VAZ-ın istehsal etdiyi avtomobillərin ölkəyə gətirilməsinə qadağanı da qeyd etmək olar.
Ayaz Mütəllibovun yaxın ətrafına daxil olan və adının açıqlanmasını istəməyən şəxs iddia edir ki, Azərbaycan hakimiyyəti Rusiya ilə problemləri nəzərə alaraq oradan gələcək təhlükəni önləməyə çalışıb. Onun sözlərinə görə, hakimiyyətin emissarları Ayaz Mütəllibovla Moskvada görüşərək ona eks-prezidentlik statusu təklif ediblər. Həmçinin bildiriblər ki, Azərbaycana dönəcəyi zaman onu yaxşı perspektiv gözləyir. Ayaz Mütəllibov Bakıya dönəndən sonra isə hakimiyyət eks-prezident qarşısında növbəti şərtini irəli sürüb. Ayaz Mütəllibova bildirilib ki, o, həmsədri olduğu Azərbaycan Sosial Demokrat Partiyasından istefa verməli və siyasətlə məşğul olmayacağını bəyan etməlidir. Ayaz Mütəllibov da bu şərti qəbul etməyə məcbur olub. Eks-prezidentin yaxını onu da bildirir ki, Ayaz Mütəllibovun Bakıya dönüşündə Paşayevlərin rol oynadığı barədə yazılanlar da əsassız deyil. Mütəllibovla danışıqlarda onun Paşayevlərin namizədinə dəstək verməsi məsələsi qırmızı xətlə keçib.