aliyev-mammadyarov

Əliyev səfirləri niyə Bakıya yığır?

aliyev-mammadyarovDiplomatlarla görüşdə nələr müzakirə olunacaq?

Bugünlərdə Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərləri Bakıya gələcək. Səfirlər ölkəmizə diplomatların IV müşavirəsi çərçivəsində toplaşacaqlar. Xatırlayırsınızsa, bir neçə il əvvəl belə müşvirlərin birində Ilham Əliyev diplomatik missiya rəhbərləri ilə Qərb dövlətlərinə maraqlı mesaj yollamışdı.
I.Əliyev “bizə demokratiyadan dərs keçənlərə deyin ki, gedib güzgüdə özlərinə baxsınlar” deyərək diplomatları və demokratik dünyanı bir xeyli təəccübləndirmişdi. Maraqlıdır, budəfəki müşavirədə də Əliyevdən Qərbə ismarış gedəcəkmi? Nəzərə almaq lazımdır ki, qarşıdan seçki gəlir və bu da “demokratiyadan dərs keçənlərin” məlum tələblərinin daha da artacağı deməkdir.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, Ilham Əliyev budəfəki müşvirədə də Qərbə analoji mesajlar göndərə bilər: “Bunu istisna etmək olmaz. Mümkündür ki, Qərbin demokratiya və insan haqları ilə bağlı artan tələbləri qarşısında Ilham Əliyevdən oxşar açıqlama gəlsin”.   
Lakin N.Məmmədlinin fikrincə, Ilham Əliyevi narahat edən əsas məsələ hakimiyyətin maraqlarının ölkə xaricində necə qorunmasıdır: “Ziyafət Əsgərov açıqlama verərək bildirib ki, dünya birliyi Ermənistanın bütün oyunlarına dözür, hətta terrora çağırış da dünyanı tərpətmir. Belə olan halda, Azərbaycanın analoqsuz xarici siyasətinin və diplomatik fəaliyyətinin olduğunu deyənləri necə başa düşək? Azərbaycanın xarici siyasəti daxili siyasətinin davamıdır. Daxildə korrupsiyalaşmış bir idarəetmə var. Məqsədləri də hakimiyyətin ömrünü mümkün qədər uzatmaq və xalqı mümkün olduğu qədər qarət etməkdir. Ilham Əliyevin nə deməsindən asılı olmayaraq, bu rejim qaldıqca Azərbaycanın xarici siyasətində bu yanaşma davam edəcək. Çoxlu sayda faktlar var ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri dövlət maraqlarını təmin etməkdən çox, ailənin maraqlarına xidmət edən biznes strukturlarının yaradılması və idarəsi ilə məşğuldur”.