I Təhmasib vaqeəsi

Dünən sosial şəbəkələrdə hansısa türk filmində Azərbaycan şahının təhqir edildiyi xəbəri yayılınca, fırtına qopdu. O filmin müəlliflərinə, aktyorlarına söyüşlər, hədələr, bir sözlə şivənlik, qaraqışqırıq aldı başını getdi.
Əslində, hər şey bir andaca oldu: əvvəlcə filmdən həmin “təhqir səhnəsi” paylaşıldı, ardınca da aləm qarışdı. Necə deyərlər, kim tutar bizi, kim tutar?
Haqqında danışılan Azərbaycan şahı I Təhmasibdir.
Haqqında danışılan film isə “Möhtəşəm yüzil” adlı türk serialı.
Filmdə I Təhmasibə həqarət kimi qəbul olunan söz isə “dəyyus”dur. O söz serialın qəhrəmanlarından Sultan Süleyman Qanuninin sədrəzəmi Parğalı Ibrahimin dilindən səslənibmiş.
Sosial şəbəkələrdə I Təhmasibə “dəyyus” deyilməsini sinəyə çəkə bilməyən azərbaycanlılar az qala, dünya müharibəsi başlatmışdılar, mən hətta bir ara qorxdum ki, proseslər “Müsəlmanların məsumiyyəti” filmi ətrafında cərəyan edən hadisələrə dönüşə bilər.
Mən bu sətirləri yazarkən “facebook”da 5 əsr öncəki Azərbaycan şahına həqarətə təpkilər, hirsli, qəzəbli, söyüş, təhqir dolu etirazlar davam edirdi.
Mən o anlarda düşünürdüm: xeyri yoxdu, hər nə qədər yazsaq, hər nə qədər anlatmağa, hər nə qədər başa salmağa çalışsaq da, bu toplum öz şahsevənliyi ilə qürur duyur. Öz şahsevənlik duyğularından vaz keçmək fikrində deyil. O qədər şahsevəndir ki, hətta 5 əsr əvvəlki bir şahına həm də bir filmdə ağır toz qondurulmasını həzm edə bilmir.
Dərd orasıdır ki, bir filmdə I Təhmasibə “dəyyus” deyilmiş deyə, yeri-göyü inlədən o adamların çoxu real həyatda hər cür həqarəti qorxaqcasına, müticəsinə sinəyə çəkənlərdir.
Bir “JEK” müdiri qarşısında dili topuq vuranlardır.
Üstlərinə polis qışqıranda rəngi avazıyanlardır.
Bugünkü şahlıq sisteminin onları hər addımda alçaltmasına göz yumanlar, məmur qapılarında süründürülərkən, aşağılanarkən, haqları əllərindən alınarkən “mıkk” eləyə bilməyənlərdir.
Di gəl ki, bir filmdə hansısa Azərbaycan şahına güldən ağır söz deyildiyi üçün şirə-pələngə dönüblər. Tarix təəssübü çəkən olublar. Vətən, millət təəssübkeşinə çevriliblər.
Bu saxtakar, bu riyakar təbiətlə biz hara gedirik? Nəyə nail ola bilərik?
Baxın, başqa bir Azərbaycan şahı – Şah Ismayıl Xətai. Onun haqqında təzəlikcə Qənirə Paşayevanın Azərbaycana gətirdiyi, qarış-qarış gəzdirdiyi Isgəndər Palanın “Şah və Sultan” romanında nələr yazdığını bilən, oxuyan varmı? Şah Ismayıla nə ağır suçlamalar yazdığından kimsə xəbərdardırmı? Şah Ismayıla xüsusi nifrətlə yazılan o romanın müəllifi günlərdir bu ölkənin ən mötəbər qonağıdır, kimsəyə də isti-soyuğu yoxdur.
Haşa, mən hədəf göstərmirəm. Bir yazıçını, bir əsəri hədəf göstərmək də, o əsərlə, o müəlliflə söyüş, zor dilində danışmaq da əxlaqsızlıqların ən böyüyüdür. Heç mənim Şah Ismayıla münasibətim də xoş deyil. Zamanında Osmanlıdan yediyi həqarətlərin yanında bu gün haqqında nə yazılsa, boşdur, filfilodur mənim üçün.
Sadəcə, bir şeyi anlatmağa çalışıram: toplumu başına alıb gedən yalançı qəhrəmanlıq, saxta vətənpərvərlik duyğularını…
I Təhmasibə görə dünən aləmi bir-birinə vuranlar Şah Ismayıla görə niyə narahat deyillər? Parğalı Ibrahimi oynayan aktyoru harda görsələr didəcəklərini deyənlər Isgəndər Palaya niyə səssizdirlər? Çünki Palanın yanında sevimli, qibtə etdikləri, adından-sanından, imtiyazlarından qorxub-hürkdükləri, amma necə mandat aldığı veclərinə olmayan bir deputatları var, ona görə.
Inanın, sabah Qənirə Paşayeva Parğalı Isgəndər rolunu canlandıran aktyoru da Bakıya gətirsə, bu gün onu baltalamaq üçün “facebook”da növbə tutanlar onunla şəkil çəkdirmək, ondan avtoqraf almaq sıraya düzüləcəklər.
Bir filmdə bir epizodla, bir sözlə Azərbaycanın keçmişinin, dünəninin təhqir olunduğunu düşünənlər Azərbaycanın bu gününün monarxiya ilə, hüquqsuzluqla, ədalətsizliklə, azadlıqların boğulması, köləliyin çiçəkləndirilməsilə təhqir edilməsinə səssiz qalırlarsa, pardon, o zaman belələrinin vətən, millət, dövlət təəssübkeşliyinə bir quş. Belələri bir az da özlərinə kənardan baxsınlar, o zaman nə qədər komik, idbar göründüklərini anlayacaqlar.
Bir ölkə onun yüzillər əvvəlki bir şahına bir filmdə, bir romanda “dəyyus” deyilməklə heç nə itirməz. Nə alçalmaz, nə təhqir olunmaz.
Amma bir ölkə XXI əsrdə hələ də şahlıqla idarə olunarsa, bax o zaman hər şeyini itirər. O ölkə üçün bundan böyük həqarət də olmaz, dərd də, azar da.
Bu qədər sadə.