İctimai Palatada heç bir istefa olmadı

Yaranmış nisbi gərginlik Koordinasiya Şurasının növbədənkənar iclasında həllini tapdı

Sentyabrın 21-də İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı olub. KŞ üzvü Vidadi Mirkamalın təşəbbüsü ilə çağırılan toplantıda qurumun 3 üzvü – Zəfər Quliyev, Pənah Hüseyn və Köçəri Nağıbəylinin istefa niyyəti müzakirə olunub və məsələ çözülüb.
V.Mirkamal qəzetimizə deyib ki, adları çəkilən KŞ üzvlərinin də iştirak etdiyi müzakirənin sonunda kompromis əldə olunub və onların hər üçü qurumda qalıblar.

Bu məsələ ilə bağlı KŞ-nin qəbul etdiyi qərarda deyilir:

Məlum olduğu kimi “Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı  Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən  siyasi partiyalar tərəfindən bu quruma etiraz müraciəti ünvanlanmışdı. Həmin etiraz müraciəti üzvləri İctimai palatada təmsil edilən siyasi partiyalar tərəfindən də imzalanmışdı. IP Koordinasiya Şurası 19 sentyabr 2012- ci il tarixli iclasında bu məsələni müzakirə etmiş və müvafiq bəyanat qəbul etmişdi.    Bundan sonra  siyasi mühitdə və ictimai rəydə    bu sənədə İctimai Palatanın da qoşulduğu şəklində məlumatlar yayılmışdır. Habelə Bəyanatın qəbul edilməsi ilə bağlı İP KŞ- nin üç üzvü etiraz ifadə etmiş və Koordinasiya Şurası tərkibindən çıxmaq barədə niyyətlərini açıqlamışdı. Yaranmış vəziyyəti dəyərləndirərək İP Koordinasiya Şurası məsələni yenidən müzakirə edilməsini lazım bilmiş və aşağıdakı qərarları qəbul etmişdir. Bu zaman nəzərə alınmışdir ki, İP KŞ- nin 19 sentyabr tarixli Bəyanatı iclasda iştirak edən üzvlərin konsensusi ilə deyil səs çoxluğu ilə qəbul edilmişdi.
 Qərara alınır:
1. Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənəddə Ramil Səfərovla bağlı müddəaların qeyri-obyektiv olması və ikili standartlar xarakteri daşıması haqqında siyasi partiyaların mövqeyi ilə həmrəylik ifadə edilsin.
2.  Avropa Parlamentinin müvafiq qətnaməsi ilə əlaqədar Azərbaycanın siyasi partiyalarının birgə müraciətini imzlamış İP üzvləri olan siyasi partiya liderlərinin bu addımı müxalifətin ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələrlə əməkdaşlığa hazır olmasının nümayişi kimi təqdir edilsin.
3. Diqqətə çatdırılsın ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciəti yalnız həmin sənədi imzalayan siyasi partiyaların mövqeyini ifadə edir. Siyasi partiyalar öz fəaliyyətlərini həyata keçirərkən tam müstəqildirlər. Siyasi partiya üzvlərinin həm də İP üzvü olması həmin partiyaların üzərinə hər hansı öhdəlik və vəzifələr qoymur. Eyni zamanda İP siyasi partiyaların hərəkətləri, imzaladağı sənədlər, o cümlədən Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciəti ilə bağlı deyil və hər hansı məsuliyyət daşımır.
4. Bildirilsin ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə   müraciətinin imzalanması iqtidar-müxalifət dialoqu kimi qiymətləndirilə bilməz. Xatırladılılsın ki, İP-in “Azərbaycanda demokratiyaya keçidin yol xəritəsi” sənədində iqtidar–müxalifət dialoqu vasitəsi ilə demokratik islahatlara nail olmaq təklifi bir ildən çox vaxt keçməsinə baxmayaraq, cavabsız qalıb və bu istiqamətdə iqtidar tərəfi hər hansı alternativ təşəbbüslə də çıxış etməyib.

***

V.Mirkamaldan aldığımız məlumata görə, KŞ-nin növbədənkənar iclasında Müsavat fəalı Nigar Yaqublunun müdafiəsi məsələsi və Türkiyənin “Yeni Şafak” qəzetində PKK-ya terrror əməliyyatları üçün istifadə etdiyi dinləmə qurğularının Azərbaycan üzərindən ötürülməsinə dair dərc olunmuş məlumat da müzakirə olunub. Sonuncu fakt Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirən amil kimi dəyərləndirilib və Azərbaycan hüquq müqhafizə orqanlarından bu məsləyə aydınlıq gətirilməsini tələb etmək qərara alınıb.

İnformasiya şöbəsi