Bəşər Əsəddən növbəti qansızlıq

Hökumət qüvvələri yanacaqdoldurma məntəqəsini bombaladı: 54 ölü, 100-dən çox yaralı…

Suriyada vətəndaş müharibəsi davam edir. Hökumət qüvvələri müxaliflərə qarşı hücumlarını artırıb. Rakka vilayətindəki bir yanacaqdoldurma məntəqəsi hökumət qüvvələrinin hava hücumuna məruz qalıb. Qırıcılardan atılan bombalar nəticəsində yanacaqdoldurma məntəqəsində güclü parlayış baş verib. Nəticədə 54 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.
Bu arada, Iranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşən Bəşər Əsəd deyib ki, Suriyaya qarşı sui-qəsd yalnız Suriyaya deyil, bütün müqavimət düşərgəsinə qarşı yönəlib. Salehi Iranla Suriya arasında güclü və sabit əlaqələrin mövcudluğunun hamıya məlum olduğunu və Suriya böhranının yalnız region ölkələri tərəfindən həllini tapa biləcəyini açıqlayıb. Salehi eyni zamanda, suriyalı həmkarı Vəlid əl Müəllimlə Xarici Işlər Nazirliyinin binasında müzakirələr aparıb.
Ərəb Ölkələri Liqasının başçısı Nabil Əl Ərəbi Misirdə keçirdiyi mətbuat konfransında Suriya münaqişəsinin həllində BMT missiyasının işinin “mümkünsüz tapşırıq” olması fikrilə razılaşıb. Baş katib BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahiminin bu etirafının həqiqiliyinə şübhə etmədiyini bildirib. Bununla belə, Ərəbi bu fikri də sözlərinə əlavə edib: “Hər zaman mümkünsüz deyil, beynəlxalq vəziyyət dəyişənə kimi mümkünsüzdür”.