Bakı Kristal Zalın sahibi tapıldı

Bakı Kristal Zalı özəl yox, dövlət mülkiyyətidir. Bu barədə “Turan”a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov bu idman-konsert kompleksinin mülkiyyət formasının transformasiyası barədə KIV-də gedən informasiyanı şərh edərkən bildirib. Obyekt bu il mayın 7-də istismara verilib. Tikintinin sifarişçisi ƏMDK tenderlə bu iş üçün “Alpine Bau Deutchland AG” şirkətini seçib.
“Sarayı deyilən müddətə tikdik və onun sonrakı taleyini hökumət müəyyən edəcək”, deyə Xəlilov bildirib. O qeyd edib ki, saray şəxsi əllərə keçə bilməz.
Dövlət vəsaiti ilə tikilən obyektlərin dövlət qurumlarının balansına verilməsi baş nazirin sərəncamı ilə olur. Amma Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli Bakı Kristal Zalının kimin balansında olması barədə məlumat verməkdən imtina edib. Iyunda mədəniyyət naziri Əbülfəz Qarayev mətbuata bildirib ki, saray onun qurumunun balansında deyil.
Dövlət mülkiyyətinin icarəyə və idarəçiliyə verilməsi ƏMDK məlumatlandırılmaqla və ya onun sərəncamı ilə baş verir. Çox funksiyalı idman kompleksi 23 min nəfər tutur.