Gülər Əhmədova isə Elşad Abdullayevin söylədiklərinə aydınlıq gətirməkdənsə, jurnalistləri hədəfə götürdü
Baş Prokurorluq bir müddət əvvəl fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin ittihamlarına cavab hazırlayır. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov əməkdaşımızla söhbətində bildirib. O deyib ki, Elşad Abdullayevin ittihamları bu gün cavablandırılacaq.
Deputat Gülər Əhmədova da Elşad Abdullayevin onun barəsində dediklərini cavablandırmayıb. Gülər Əhmədova ittihamlara aydınlıq gətirməkdənsə, “facebook” səhifəsində bu məsələyə görə jurnalistləri ittiham edib. Deputat iddia edib ki, bu müraciət “5-10 manat” müqabilində dərc edilib.
Xatırladaq ki, Elşad Abdullayev müraciətində Gülər Əhmədovaya 2 milyon dollar rüşvət verdiyini iddia edib. “Gülər Əhmədova 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsilə məndən Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna verəcəyi adıyla 2 milyon dollar almışdı. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşım Mahirin sağ-salamat qaytarılacağına söz vermişdi. Lakin o, vədinə əməl etmədi, pulumu geri istədikdə isə məni həbslə və fiziki cəhətdən məhv etdirəcəyilə hədələdi”. Elşad Abdullayev bildirib ki, Gülər Əhmədova və onun rəfiqəsi ilə söhbətlərinin videoçəkilişini və telefon danışıqlarının audio yazısını aparıb.
Hikmət