Fikir plüralizmi olmayacaqsa, kimə lazımdır rəqəmsal TV?

Azərbaycanda televiziyaların gələcəyi müzakirə olundu

«Amerikalının, almanın, yaponun istehsal etdiyi avadanlığı, texnologiyanı gətirib Azərbaycanda quraşdıraraq, «Biz böyük işlər görürük» demək o qədər də əsaslı fikir deyil. Mən çox istərdim ki, Azərbaycanda tamaşaçılara 60-cı illərin ağ-qara televizorlarından versinlər, amma telekanallara baxmaq mümkün olsun. Verilişlər insan üçün maraqlı olsun. Əks-halda rəqəmsal televiziyaya keçməyin nə əhəmiyyəti var? Efirdə fikir plüralizmi olmayacaqsa, o rəqəmsal yayım kimə, nəyə lazımdır və ümumiyyətlə nə üçündür?».

Bunu sentyabrın 20-də Bakıda keçirilən «Azərbaycanda Yayım Mediasının Gələcəyi» adlı milli konfransda “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib. O, hesab edir ki, hazırda Azərbaycan televiziyalarının verilişlərində  savadsız, səviyyəsiz adamlar saatlarla oturub bir-biri ilə qeyri-ciddi söhbətlər edirlər. Ölkənin savadlı, intellektual adamlarına isə yer verilmir. Bu səbəbdən də yeni texnologiyaların tətbiqinin mənası yoxdur.

Konfransda müzakirə mövzularından biri də İctimai Televiziyanın fəaliyyəti olub. Beynəlxalq Mediaya Dəstək (IMS) təşkilatının proqram rəhbəri Gülnarə Axundova hesab edir ki, bu telekanal «İctimai Televiziya və Radio Yayımı haqqında» Qanunun 7-ci maddəsinin 1-ci bəndini pozur.

İTV QANUNU POZUR

Qanunun 7-ci maddəsi ictimai yayımçının vəzifələrini özündə ehtiva edir. Gülnarə Axundovanın dediyi 1-ci bənddə isə qeyd olunur ki, ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi ictimai yayımçının vəzifəsidir.

TƏNQİD İTV-Nİ QANE EDİR, AMMA…

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və monitorinq qrupunun rəhbəri Tahir Məmmədov isə deyilənlərlə razılaşmayıb. O, hesab edir ki, televiziyanın daimi izləyicisi proqramlar haqqında konkret nəsə deyə bilər. Tahir Məmmədov deyib ki, təmsil etdiyi qurum «İctimai Televiziya və Radio Yayımı haqqında» Qanuna əməl edir. Amma bunun kimi nə dərəcədə qane etməsi barədə deyilənlər artıq hər kəsin subyektiv fikridir: «İctimai Teleradioda çalışanlar proqramların balanslı, baxımlı, keyfiyyətli olmasını heç də auditoriya, müxtəlif ekspertlər, beynəlxalq təşkilatlar, bu deklarasiyaları yazanlar, eləcə də qanunun tətbiqinə nəzarət edən Yayım Şurasından az istəmir. Əksinə, daha çox istəyirik. İctimai Televiziyanın tənqidi bizi qane edir. Biz təhlil və tənqid olunmağımızı istəyirik. Amma bu, o demək deyil ki, biz bütün fikirləri doqma kimi qəbul etməliyik və proqram siyasətimizi ayrı-ayrı fərdlərin subyektiv rəyləri əsasında tərtib etməliyik».

TELEVİZİYANIN MÜSTƏQİL OLMA İMKANLARI

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyib ki, əslində qanunda göstərilən hər bir bəndə uyğun olaraq İTV-də məlumatlar verilir. Onun fəaliyyətini izlədikdə bunları görmək mümkündür. Amma bunların tarazlaşdırılması, balanslı təqdim edilməsi, fikir plüralizmi əlbəttə ki, yoxdur: «İTV-də fikir plüralizmi, xüsusilə də hakimiyyətin fikrindən çox fərqli ola biləcək fikirlərin səsləndirilməsi yoxdur və bunun olması da çox çətindir. Amma əlbəttə ki, biz mümkün qədər İTV-ni tənqid edirik və çalışırıq ki, orada müəyyən pəncərələr açılsın».

Rəşid Hacılı yalnız İTV-ni müstəqil olmamaqda təqsirləndirməyin da əleyhinədir. O, deyib ki, Azərbaycanda dövlət televiziyası və özəl telekanallar siyasi baxımdan nə qədər müstəqildirlərsə, İTV də o qədər müstəqildir. Onun fikrincə, bu məsələdə telekanalları bir-birindən fərqləndirmək düz deyil. Çünki hazırda Azərbaycanda vəziyyət elədir ki, televiziyanın müstəqil olmaq imkanı yoxdur (“Azadlıq” radiosu).