İP Koordinasiya Şurası növbədənkənar toplanır

Müsavat başqanı İsa Qəmbər qurumdan istefa verənlərlə görüşüb

Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və Köçəri Nağıbəylinin istefasına münasibət bildirib.
İsa Qəmbər “Media forum” saytına açıqlamasında deyib ki, Türkiyədə səfərdə olduğu üçün Koordinasiya Şurasının sentyabrın 19-da keçirilən toplantısında iştirak etməyib: “Məlumatları yeni almışam. İlkin bildiklərimizə görə, dostlarımızın istefa niyyəti Müsavat və AXCP-nin Yeni Azərbaycan Partiyası ilə birgə imzaladığı müraciətlə birbaşa bağlı deyil. Yəni istefa niyyəti daha çox İctimai Palatanın daxili prosedurları, siyasi partiyalarla vətəndaş cəmiyyəti nümayəndələrinin rolu və münasibətləri kontekstində ortaya çıxan bir mövqedir”.
İsa Qəmbər bildirib ki, artıq məsələni istefa vermək niyyətində olan şəxslərlə müzakirə edib: “Dostlarımızla söhbət etmişəm. Hesab edirəm ki, bu məsələ bir daha dəyərləndirilməlidir. Məsələ Koordinasiya Şurasında müzakirə olunmalıdır. Bundan sonra hər kəs öz mövqeyini bildirə bilər. Amma hər halda bir daha dəyərləndirməyə ehtiyac var və belə bir dəyərləndirmə olacaq. Buna razılaşmışıq. Qalan məsələləri zaman göstərəcək”.
Yeri gəlmişkən, İP Koordinasiya Şurasının sentyabrın 21-də növbədənkənar toplantısı çağırılıb. Bu barədə “Azadlıq”a KŞ üzvlərindən biri deyib. Toplantı KŞ üzvü Vidadi Mirkamalın təşəbbüsü ilə çağırılıb.