penah huseyn-yeni

“Hadisələrin belə olacağını Elçibəy 25 il əvvəl demişdi”

penah huseyn-yeni“YAP-ın təşəbbüsü ilə keçirilən tədbir iqtidar-müxalifət münasibətlərini dəyişmir”

Pənah Hüseyn: “Ilham Əliyevin üçüncü dəfə namizədliyinə beynəlxalq yanaşma ölkə ictimaiyyətindən asılı olacaq”

Azərbaycanda növbəti prezident seçkilərinə təxminən bir il qalır. Vaxt daraldıqca 2009-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklə bir nəfərin ardıcıl iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin aradan qalxması məsələsi ətrafında müzakirələr yenidən qızışır. Artıq Ictimai Palata Ilham Əliyevin bu dəyişiklikdən yararlanmaq niyyətinə sərt reaksiya verib. Ictimai Palata son sessiyasında bəyan etdi ki, Ilham Əliyevin 3-cü dəfə prezidentliyə namizəd olması yolverilməzdir.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynlə söhbətə də elə bu mövzu ilə başladıq:

– Ilham Əliyevin üçüncü dəfə namizədliyini iərli sürməməsi üçün Ictimai Palata hansı addımlar ata bilər?
– Üçüncü dəfə prezidentliyə namizəd olmaq bəri başdan legitimliyi şübhə altına alır. Diqqət yetirilməli əsas məsələ məhz budur. Eyni zamanda, məsələnin hüquqi tərəfi də bu addımın atılmasını mümkünsüz edir. Çünki Konstitusiya bu dəyişikliklər son prezident seçkisindən sonra baş vermişdi. Bir çox hüquqşünasların rəyinə görə, qanunun geriyə qüvvəsi olmadığından, bu, hazırkı dövlət başçısına aid edilə bilməz.
Digər tərəfdən, sivil dünyanın öz dəyərləri var. Bu dəyərlər içərisində ardıcıl üçüncü dəfə namizədliyin irəli sürülməsi yolverilməz sayılır. Məsələn, Avropa Şurasına üzv ölkələr arasında yalnız Lukaşenko ardıcıl üçüncü dəfə seçkiyə gedib. Əgər Ilham Əliyev də eyni addımı atsa, bu, ikinci belə bir hal olacaq. Qonşu ölkələrin, o cümlədən Gürcüstanın, Rusiyanın, hətta demokratik olmayan Ermənistanın belə, addımları göstərir ki, bu prinsipə sadiqlik sivil dünyanın bir hissəsi olmaq üçün əsas şərt sayılır, ona görə də bu prinsiplə razılaşmağa məcburdurlar.
Təkcə Ictimai Palatanın deyil, bütövlükdə Azərbaycan ictimaiyyətinin mövqeyini hakimiyyətə və beynəlxalq aləmə çatdırmaq üçün addımlar atılacaq. Bu istiqamətdə tədbirlər müəyyən sənədlərin qəbulu, kampaniya aparılması formalarında həyata keçiriləcək.

Hakimiyyət seçkiyə özünəməxsus formada “hazırlaşır”

– Qarşıdan gələn seçkilərə həm müxalifət, həm də hakimiyyətin özünəməxsus formada hazırlaşdığı hiss olunur. Ictimai Palata seçki ərəfəsində cəmiyyəti aktivləşdirərək siyasi proseslərə cəlb etmək üçün hansı addımları atmağı planlaşdırır?
– Hakimiyyətlə müxalifətin seçkiyə hazırlığını eyniləşdirmək olmaz. Iqtidar ənənəvi olaraq, tam başqa müstəvidə seçkiyə hazırlıq görür. Hazırkı situasiyada şəxsən mənim mövqeyim budur ki, mütəşəkil, təşkil olunmuş kütləvi, dinc aksiyalar keçirilməlidir. Bu istiqamətdə biz fəaliyyət göstərəcəyik. Amma eyni zamanda, hüquqi, siyasi müstəvidə həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar səviyyəsində addımlar atacağıq.

– Hazırda dünyada demokratikləşmə dalğasının getdiyi bir zamanda Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsi ona nə vəd edir?
– Təəssüflə bunu deməliyik ki, beynəlxalq aləm Ramil Səfərovla bağlı məsələdə Azərbaycana etdiyi təzyiqi demokratiya ilə bağlı etmir. Beynəlxalq aləmin konkret olaraq Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürəcəyi təqdirdə hansı addımlar atacağına gəlincə, bunu zaman göstərəcək. Amma hər halda, beynəlxalq aləmin mövqeyinin müəyyənləşməsində Azərbaycan ictimaiyyətinin reaksiyası müstəsna əhəmiyyət daşıyacaq.

YAP-ın təşəbbüsü siyasi situasiyanı dəyişmir

– Ötən həftə YAP-ın təşəbbüsü ilə Ramil Səfərovla bağlı sənədin qəbul edildiyi toplantıda Ictimai Palataya daxil olan partiyaların nümayəndələri iştirak edib. Bu məsələ birmənalı qarşılanmadı…
– Bu tədbirdə iştirak edən şəxslər Ictimai Palataya daxil olan partiyaların üzvləri olsalar da, bu təşkilatı təmsil etməyiblər. Son dövrlər mətbuatda məlumatlar bəzən təhrif olunur. Amma reallıq odur ki, bu tədbirə Ictimai Palataya daxil olan partiyaların üzvləri qatılıb. Güman ki, bu məsələ Koordinasiya Şurasında müzakirə olunacaq. Çünki cəmiyyətdə bu barədə diskussiyalar gedir. Ictimai Palatada fəaliyyət göstərmək siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmır. Bir də ki, fikrimcə, YAP-la hakimiyyəti fərqləndirmək lazımdır. Çünki bu cür təmasları hakimiyyətlə dialoq kimi dəyərləndirməyə çalışırlar. Azərbaycanda real siyasi vəziyyət elədir ki, YAP-la təmaslar hakimiyyətlə təmaslar demək deyil. Hakimiyyətlə təmaslar Prezident Administrasiyası və dövlət başçısının səlahiyyət verdiyi şəxslə ola bilər. Amma son illər Azərbaycanda belə təmaslar yoxdur. Ona görə də YAP-ın təşəbbüsü ilə keçirilən bu tədbiri heç iqtidar-müxalifət dialoqu kimi də qələmə vermək olmaz. Sadəcə, Azərbaycan müxalifəti ümummilli maraqlar məsələsindən çıxış edərək bu addımı atıb. Amma bu, bir epizoddur və ölkənin siyasi proseslərini kardinal şəkildə dəyişə bilməz. O cümlədən iqtidarla müxalifət arasındakı münasibətləri də dəyişmir.

– Bəzi ekspertlər hesab edir ki, son zamanlar Azərbaycan hakimiyyətinin Türkiyə ilə yaxınlaşması sırf 2013-cü il prezident seçkiləri ərəfəsində beynəlxalq təzyiqlərdən yayınmaq məqsədi daşıyır. Siz necə düşünürsünüz?
– Məqsədindən asılı olmayaraq, Türkiyə ilə münasibətləri müsbət hal sayıram. Hazırda atılan addımlar Azərbaycan müxalifətinin Türkiyə ilə münasibətlərdə tələb etdiyi məqamlardandır.
Bütöv Azərbaycan mütləq olacaq!

– Amerikalı konqresmen Dana Rohrabacherin hazırladığı Cənubi Azərbaycanla bağlı qətnamə layihəsi də son vaxtların əsas müzakirə mövzularından biridir. Sizcə bu məsələdə rəsmi Bakı hansı mövqedən çıxış etməlidir?
– Əslində, hadisələrin məhz belə olacağını 25 il əvvəl Əbülfəz Elçibəy söyləmişdi və Azərbaycan xalqına buna hazırlaşmağı tövsiyə etmişdi. Hazırda regionda geosiyasi hərəkətlilik var. Cərəyan edən əsas proseslər Iran ətrafında baş verənlərdir. Amma hədəflərimizi doğru-düzgün müəyyən etməliyik. Bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. Burada əsas məsələ Cənubdakı hərəkət təmsilçilərinin mövqeyidir.

– Bir sıra ekspertlər hesab edir ki, baş verən olaylar Azərbaycan xalqı üçün bir tarixi şans kimi də dəyərləndirilə bilər…
– Mən bu olayın regionumuza, Cənubi Qafqaza təsirini proqnozlaşdırmağı vacib sayıram. Ona görə də tələsik nəticələr çıxarmaq doğru olmazdı.

– Dünyada proseslər elə sürətlə gedir ki, tarix hər an dəyişə bilər. Məsələn, SSRI-nin o zaman dağılmasını çox az adam proqnozlaşdıra bilərdi. Amma bu baş verdi. Bu baxımdan Bütöv Azərbaycan ideyasının reallaşmasına necə yanaşırsınız?
– Bütöv Azərbaycan mütləq olacaq. Azərbaycan xalqı mütləq bir dövlətdə yaşayacaq. Amma bunun hansı formada, hansı şərtlər daxilində baş verəcəyini tarix göstərəcək.

Xəyal