Koordinasiya Şurasının 3 üzvü istefa niyyətini açıqladı; məsələ yenidən müzakirə olunacaq
Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinə Azərbaycan siyasi partiyalarının birgə etiraz məktubunun mətni ilə bağlı söz-söhbət hələ də səngimir. Məlumdur k, YAP-ın təşəbbüsü ilə hazırlanan sənədə AXCP və Müsavat da imza atıb. Lakin bu partiyalar ilk mətnə dəyişiklik təklif ediblər və təklif qəbul olunub. Bununla belə, xüsusən də sosial şəbəkələrdə bəziləri müxalifətin təklifinin Avropa Parlamentinə göndərilən variantda əks olunmadığını iddia edirlər.
YAP aydınlıq gətirdi: müxalifətin şərti qəbul olunub
YAP-ın rəsmi saytında isə sənədin Avropa Parlamentinə göndərilən mətni yerləşdirilib və orada AXCP ilə Müsavatın təklifinin öz əksini tapdığı görünür.
Xatırladaq ki, sənədin ilkin mətnində Azərbaycanın beynəlxalq təşkilatlarda layiqincə təmsil olunduğu bildirilirdi, lakin AXCP-nin təklifi ilə sənəddən “layiqincə” sözü çıxarılıb.
YAP-ın rəsmi saytında sənədin müvafiq ünvanlara göndərildiyi haqda 19 sentyabr tarixli məlumatdan həmin hissəni olduğu kimi təqdim edirik: “Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur…”.
İctimai Palatada müzakirə
Avropa Parlamentinə göndərilən birgə müraciət sentyabrın 19-da İctimai Palatanın Koordinasiya Şurasının iclasında da müzakirə olunub. Müzakirələrin yekunu kimi İP Koordinasiya Şurası AXCP və Müsavatı müdafiə etmək qərarına gəlib və bu barədə məlumat vermişik.
Lakin bu gün İP Koordinasiya Şurasının iclasından sonra qurumun üzvləri Zəfər Quliyev, Pənah Hüseyn və Köçəri Nağıbəylinin bu məsələdə fərqli mövqedə olduqları üçün istefa verdikləri haqda məlumat yayıldı.
Zəfər Quliyev məlumatla bağlı qəzetmizə bildirib ki, doğrudur, iclasın sonunda istefa qərarlarını elan ediblər, ancaq bunun qəbul olunub-olunmadığı sonra bilinəcək.: “Koordinasiya Şurasında qərarlar indiyədək konsensus yolu ilə qəbul olunub. Amma bu məsələ ilə bağlı konsensus əldə olunmadı. Ona görə də məsələ səsverməyə çıxarıldı. Koordinasiya Şurasının on bir üzvündən səkkizi AXCP və Müsavatın addımını dəstəklədi. Bizim mövqeyimiz isə fərqli oldu və biz istefa vermək niyyətimizi elan etdik. İstefamızın qəbul olunub-olunmamasına gəlincə, bunun üçün prosedur qaydalar var, məsələyə baxılmalıdır”.
Pənah Hüseyn isə APA-ya açıqlamasında deyib ki, onlar qurumda fəaliyyət göstərmək məsələsinə yenidən baxacaqları haqqında mövqe açıqlayıblar. P.Hüseyn İctimai Palatada fəaliyyətini davam etdirəcəyini, Koordinasiya Şurasının üzvlüyündən çıxmaq məsələsi haqda isə geniş açıqlamasının sonra olacağını deyib.
Koordinasiya Şurası növbədənkənar toplanır
Bu arada İP Koordinasiya Şurasının sentyabrın 21-nə növbədənkənar toplantısı çağırılıb. Toplantının çağırılmasına KŞ üzvü Vidadi Mirkamal təşəbbüs göstərib. İclasda haqqında danışılan istefa məsələsi müzakirə olunacaq.
Yeri gəlmişkən, məsələ sentyabrın 20-də Z.Quliyev, P.Hüseyn və K.Nağıbəyli ilə Müsavat başqanı İsa Qəmbər arasında baş tutmuş görüşdə də müzakirə olunub.
Xatırladaq ki, İ.Qəmbər İP Koordinasiya Şurasının 19 sentyabr iclasında Türkiyədə olduğu üçün iştirak edə bilməyib.
Görüş barədə “Media forum” saytına açıqlama verən İ.Qəmbər deyib ki, məsələ bir daha dəyərləndirilməlidir və belə bir dəyərləndirmə olacaq. O, görüşdə bu barədə razılıq əldə edildiyini bildirib.
Əldə etdiyimiz son məlumata görə isə İP Koordinasiya Şurasından hər hansı istefa gözlənilmir. Belə ki, etibarlı mənbədən əməkdaşımıza bildirilib ki, adları hallanan 3 KŞ üzvü istefa niyyətləri barədə məlumatı daha çox müzakirə məqsədilə ictimailəşdiriblər. Lakin xüsusən də iqtidara yaxın media bunu şişirdərək bir növ prosesi geridönməz vəziyyətə gətirmək istəyiblər. Mənbə inamla bildirib ki, İP Koordinasiya Şurasının 21 sentyabr iclasında məsələn öz həllini tapacaq və heç kim istefa verməyəcək.
İnformasiya şöbəsi