Rəsmilərsə vətəndaşların təhlükəsizliyinin təmin olunduğunu deyir
Zərdüşt Əlizadə: “Vətəndaş deyəndə bunlar hakim zümrəni, öz ailələrini nəzərdə tutur, onlar da bədbəxt hadisələrdən sığortalanıb”
Ölkə başçısı, həmçinin hakimiyyətdə təmsil olunan digər şəxslər Azərbaycanda sabitliyin hökm sürdüyünü, vətəndaşların təhlükəsizliyinin təmin olunduğunu təkrarlamağı xoşlayır. Lakin son aylarda baş verən hadisələr insanların hər an təhlükəylə üzləşə biləcəyini deməyə əsas verir.
Insan tələfatı ilə nəticələnən avtobus qəzası və Sumqayıtda zavoddakı partlayış, Binədə 150-ə yaxın insanın zəhərlənməsi, bundan başqa, ardıcıl bir neçə yerdə yanğınlar vətəndaşların həyatının təhlükələrdən sığortalanmadığını göstərir. Hakimiyyət təmsilçilərinin Azərbaycanı müqayisə etdiyi inkişaf etmiş ölkələrdə hətta təbii fəlakətlərdə də itkilərin və dağıntıların az olması üçün bütün mümkün tədbirlər görülür. Azərbaycanda isə avtobusun qatarın altına girməsi, yanacaq dolu çəndə qaynaq işlərinin aparılması adi hala çevrilib. Müvafiq qurumlar isə bu kimi faciələrin qarşısını almaqda acizdi. Bu halda hansı təhlükəsizliyin qorunmasından söhbət gedə bilər? Politoloq Zərdüşt Əlizadə deyir ki, hakimiyyət təmsilçiləri öz məntiqlərində tamamilə haqlıdırlar. Çünki onlar vətəndaş deyəndə özləri, yaxınları, ya da hakim zümrəni nəzərdə tuturlar. Qalanları vətəndaş deyil. Vətəndaşın hüququ, ləyaqəti olar. Bunlar yoxdu. Hakim zümrə, onların dostları, yaxınları, tanışları, ailəsi, ən ali təbəqəyə məxsus olanların hamısı terrordan, başqa bədbəxt hadisələrdən sığortalanıb: “Özlərinin təhlükəsizlikləri tam təmin olunub. Qalan iki ayaqla gəzənlər vətəndaşlara daxil deyil. Ona görə də onların təhlükəsizliyindən danışmaq yersizdir”.
Fizzə