Dioqo Pinto: “Totalitar keçmişi olan ölkələrdə vətəndaş cəmiyyəti daha aktiv olmalıdır ki, hökumətin qərarlarına təsir göstərsin”
“Azərbaycanın vətəndaş cəmiyyəti 21 il ərzində daha effektiv formalaşa bilərdi”, – Beynəlxalq Avropa Hərəkatının (BAH) baş katibi Dieqo Pinto “Obyektiv TV”yə (obyektiv.tv) bildirib.
Avropanın iri QHT funksionerinin sözlərinə görə, Ramil Səfərovun əfv edilməsi ətrafında gərginlik Avropa və yerli mentallıq arasında fərqə əyanı nümunədir.
“Əgər bu zabit Bakıda kimisə öldürsəydi, o, türmədə oturardı, lakin o, Avropada başqa millətdən olan xidmət yoldaşını öldürüb və yerli hökumət onun ekstradisiyası və əfvi üçün mümkün olan hər şeyi edib. Avropalılar Qarabağ münaqişəsinin ağır, o cümlədən psixi nəticələrini başa düşürlər və bilirlər ki, Səfərov bu tarixi ədalətsizlikdən əziyyət çəkən regiondandır. Ancaq vahid Avropa ailəsinin üzvü olmaq istəyirsinizsə, cinayəti qanuniləşdirmək və qəhrəmanlıq kimi təqdim etmək olmaz. Bu, millətlərarası münaqişələrin iştirakçısı olan ölkələrdən asılı olmayaraq cinayətlərə aiddir”, – Pinto vurğulayıb.
O, daha sonra bildirib ki, Cənubi Qafqazın digər iki ölkəsi kimi, Azərbaycan da dövlətlərarası Avropa təşkilatlarına daxil olarkən könüllü öhdəliklər götürüb ki, bu da strateji tərəfdaşlığı nəzərdə tutur: “Lakin millətlərarası münaqişələr tam həcmdə əməkdaşlığa imkan vermir. Belə ki, Avropa Hərəkatının Ermənistan nümayəndələrinin noyabrda Bakıya tədbirə planlaşdırılan səfəri bu səbəbdən təxirə salınıb. Tiflisdə daimi toplantılar sülhə az xidmət edir, digər görüş və tədbirlərin keçirilməsi lazımdır.
Totalitar keçmişi olan ölkələrdə vətəndaş cəmiyyəti daha aktiv olmalıdır ki, hökumətin qərarlarına təsir göstərsin.
Azərbaycan Avropa Hərəkatı (AAH) bu ilin mayında BAH-a daimi üzvlüyün birinci mərhələsini keçib. Millətlərarası münaqişə nəzərə alınmaqla ölkədə ümumi vəziyyət gözləntilərə uyğundur”.
Yaxın şənbə günü Azərbaycan üzrə hesabat Brüsseldə BAH-ın Idarə Heyətinin iclasına təqdim olunacaq və yekun qərar qəbul ediləcək.