Vətənpərvərlik mövzusu gündəmdən düşmək bilmir. Daha doğrusu, bunca nefti, qazı, qızılı olmasa, bu vətənə gözünün ucu ilə də baxmayacaq adamlar və onlardan mayalananlar, qidalananlar, yallananlar bu vətənin bütünlüyü, azadlığı, uyğarlığı üçün min cür məhrumiyyətdən, oddan-alovdan keçən, keçməyə hazır olan insanların vətən sevgisini sorğulamaqda davam edirlər.
Əslində biz buna çox yaxşı ad qoymuşuq – vətənşüvənlik. Abrı, həyası olanlar bundan öz dərsini götürər.
Vətəni qarnı boyda…
Cibi boyda…
“Cip”i boyda…
Kabineti boyda…
Neft buruğu, qaz yatağı boyda…
Bank hesabı boyda görənlərdən və belələrinə züy tutanlardan abır gözləmək, həya ummaq sadəlöhvlükdür bilirəm, amma yenə də bir son ümidlə və son kəs yazıram, bəlkə vicdanları oyandı, zəkaları çatdı, susdular artıq.
Vətənpərvərlik vətəndaşına ədalət istəməkdir. Vətənpərlik vətəndaşına ədalət verməkdir.
Vətənpərvərlik vətəndən oğurlamamaqdır.
Vətənpərvərlik sadəcə, Kəlbəcərdəki qızıl yataqlarını yadellilər çapıb-talayarkən susmamaq deyil.
Vətənpərvərlik Çovdardakı qızıl yataqlarının da talanmasına səssiz qalmamaqdır.
Vətənpərvərlik vətəndaşını öldürəni milliyyətinə görə ayırmamaqdır, Salatın Əsgərovaya güllə atanı düşmən elan edərkən Elmar Hüseynova silah çəkənə yarınmamaqdır.
Vətənpərvərlik Isa bulağının davasını döyərkən, hasarlanan Xəzərin də davasını döyə bilməkdir.
Vətənpərvərlik Qarabağı öz adına çıxanları “yalançı” deyə damğalayarkən, Azərbaycanın müstəqilliyini də öz adına çıxanlara “siz yalan danışırsınız!” deyə bilməkdir.
Vətənpərvərlik yalnız “Şuşa qayıtsın”, “Laçın bizim olsun” deməklə olmaz.
Vətənpərvərlik həm də adamlarda “Şuşa qayıtsa, Laçın bizim olsa, hansı oliqarxın nəzarətinə keçər?” suallarının yaranmadığı bir ölkə qurmaqdan, bunun üçün savaşmaqdan, mücadilə etməkdən keçər.
Bilmirəm, anlada bildinmi?
Orta təhsil 12 il olsa, nə dəyişər?
Dünən dünyanın ən qədim təhsil naziri Misir Mərdanov (onun bu vəzifəyə nə vaxt təyin olunduğu haqqında dəqiq məlumatlar yoxdur, bu təyinatın şahidləri konkret gün, ay, il xatırlamırlar, dediklərinə görə, Mərdanov təhsil naziri təyin edilən il regionun lider dövləti olan Mannada Urartu ilə müttəfiqlikdə olan Ullusunu Assur tərəfdarı olan qardaşı Azanı hakimiyyətdən salıbmış) Azərbaycanda orta təhsilin 12 il ola biləcəyindən danışıb.
Guya 11 illik təhsili yarıdıb qurtarmışdılar, qalıb 12 illik təhsil.
Bu hakimiyyətin elmə, bilgiyə, mədəniyyətə ögey münasibəti sürdükcə…
Bu recim gücünü, dayanıqlılığını cəhalətdən, savadsızlıqdan almağa davam etdikcə…
Bu ölkə insanına elmi ilə, bilgisi ilə bir yerlərə gəlmək şansı tanınmadıqca, ona həyatını, karyerasını qurmağın ən yaxşı yolu kimi ya mikrafon, ya güləş döşəyi göstərildiyi müddətcə…
Məktəb tikintiləri korrupsiya saçdıqca…
Müəllimin bu rejimin gözündə dəyəri seçkidən seçkiyə artıqca, müəllim adı seçki saxtakarlığı ilə assosiasiya edildikcə…
Orta məktəb dərslikləri yaltaqlıq mətnləri ilə doldurulduqca, şagirdlərə bilgi adı ilə yalnız məddahlıq, köləlik dərsləri verildikcə, orta təhsil istəyir 12 il olmasın, 112 il olsun, bir faydası olmaz.
Ölkə cəhalətə gömülməkdə, toplum savadsızlığa təslim olmaqda davam edər.
Neft, qaz, media…
Dünən Bakıda “Neft, qaz və media” adlı bir konfrans başlayıb. 25 ölkədən bir sürü adamın qatıldığı konfransın məqsədi guya mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji tərəfdaşları arasında əlaqələri inkişaf etdirmək, enerji istehsalçısı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir.
Konfransın dəstəkçilərindən biri təzəlikcə qoçularının jurnalist Idrak Abbasovu qanına qəltan etdiyi ARDNŞ-dirsə, əlavə sözə ehtiyac qalmır.
Qalmır qalmasına da, sadəcə mənim xoşuma o konfransın adı – neft, qaz və media sözlərinin yanaşı yazılması gəldi.
Neftdən, qazdan yağmalanan pullarla bunca qəzetin, qəzetçinin satın alındığı…
Neft, qaz sövdələşmələri hesabına toxunulmazlıq qazanan, güclənən bir rejimin azad, həqiqi medianı susdurduğu, yox etdiyi bir ölkədə “neft, qaz, media” sözlərini yanaşı yazmaq lətifə olsun gərək.

Vətənpərvərlik vətəndaşına ədalət verməkdir
•
•