sumqayit-partayish2

Partyalan zavodu Rövnəq Abdullayev ələ keçirmək istəyirmiş

sumqayit-partayish2Sumqayıtdakı “Məişət malları” ASC-də baş verən faciə ilə bağlı yeni təfərrüatlar

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Sumqayıtda baş verən partlayışla bağlı birgə məlumat yayıb.Məlumatda bildirilir ki, sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş verib və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili Işlər nazirliklərinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və helikopterləri gələrək yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.
Ilkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN və Baş Prokurorluq ölənlərin sayının 3 nəfər göstərsə də, Sumqayıtda tələfatın çox olduğunu deyirlər. Adının çəkilməsini istəməyən tibb işçilərindən biri “Azadlıq”a bildirib ki, partlayış zamanı ən azı 10 nəfər ölüb: “Iki nəfərin ölməsi inandırıcı deyil. Çünki həmin gün xəstəxənalar tam gücü ilə işləyib. Xeyli sayda çox ağır vəziyyətdə xəstəxənaya gətirilib və mən bir tibb işçisi kimi onların çoxunun həyata qaytarıldığına inanmıram”.
Həmçinin bildirilir ki, ölənlərin meyitləri hələ ki, yaxınlarına verilməyib.
Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, bu zavod “Azərkimya”nın sabiq rəhbəri Fikrət Sadıqova məxsus olub. Fikrət Sadıqov “vurulandan” sonra zavod onun əlindən çıxıb.
Bəzi məlumatlara görə, zavodu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ələ keçirmək istəyib. Lakin ARDNŞ prezidentinin cəhdləri nəticəsiz qalıb.
“Azadlıq”ın əməkdaşı dünən zavoda baş çəkərək, hadisə yerində olan Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə söhbət edib. Onlar baş verənlər barədə geniş açıqlama verməsələr də, bəzi məqamları diqqətə çatdırıblar. Bəlli olub ki, yanğın 12 saata söndürülüb. Baş prokurorluğun və FHN-nin əməkdaşları da hadisə zamanı 3 nəfərin öldüyünü bildirib. Onlar həmçinin hadisənin təxribat olması versiyasını istisna ediblər.

Hikmət