Müsavatçılar gənc fəalın müdafiəsi ilə bağlı plan hazırlayıblar
Müsavat fəalı Nigar Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı Abşeron Rayon Məhkəməsinə vəsatət təqdim olunub. Vəkil Nemət Kərimlinin sözlərinə görə, Nigar Yaqublunun saxlanma şəraitindən şikayəti yoxdur: “Nigar xanım üç nəfərlik kamerada saxlanılır. Yanında iki nəfər təqsirləndirilən şəxs var. Saxlanma şəraitindən şikayəti yoxdur”.
Şakira, Cenifer Lopez və Rihannaya müraciət olunacaq
Dünən Müsavat Gənclər Təşkilatının təşəbbüsü ilə Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Qərar sentyabrın 18-də Müsavat Gənclər Təşkilatının növbədənkənar və genişləndirilmiş toplantısında qəbul olunub. Yeni yaradılan Müdafiə Komitəsinin üzvlərinə N.Yaqublunun kimliyi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin motivləri ilə bağlı məlumat bankının hazırlanması və nüfuzlu beynəlxalq təşkilatlara göndərilməsi tapşırılıb.
Eyni zamanda sentyabrın 22-dən Bakıda başlanacaq 17 yaşlı qadınlar arasında dünya çempionatı ilə əlaqədar FIFA, UEFA-ya və bu çempionatın açılışı münasibətilə Bakıya gələcək dünya şöhrətli müğənnilərə – Şakira, Cenifer Lopez, Rihannaya, həmçinin “Avroviziya 2012″ musiqi yarışmasının qalibi Lorinə Nigarın həbsinə dair müraciətlər göndəriləcəyi bildirilib.
Kütləvi aksiyalara start verilir?
Müsavatçı gənclər N.Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsinə etiraz olaraq kütləvi aksiyaların keçirilməsinə dair ilkin müzakirələr aparıblar. Bu aksiyalara digər siyasi partiyaların gənclər təşkilatlarının, müstəqil gənclərin və onların birliklərinin
cəlb olunması yönündə işlər görüləcəyi vurğulanıb. Müzakirələrdə bildirilib ki, N.Yaqublu barəsində həbs-qətimkan tədbiri seçilməsinə siyasi sifariş verənlərin və sifarişi icra edənlərin qınaq obyektinə çevrilməsi üçün kampaniya başladılacaq.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı deyib ki, etiraz aksiyaları ilə bağlı yekun qərar hakimiyyətin siyasi iradəsindən və Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsindən asılı olacaq.
N.Yaqublunun zaminə götürülməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edən deputat Iqbal Ağazadə prokurorluqdan cavab gözlədiklərini deyir. Onun sözlərinə görə, məsələnin müsbət həll olunacağına ümid etmək lazımdır: “Ümid edirəm ki, Nigar Yaqublu haqqında çıxarılan həbs-qətimkan tədbiri şəxsi zaminlik, ya da ev dustaqlığı ilə dəyişdiriləcək.
Amma ümumi əhval-ruhiyyədən və hakimiyyətin yanaşmasından da görünür ki, məsələ öz müsbət həllini tapacaq. Şəxsi zaminliklə bağlı baş prokuror Z.Qaralova müraciət etmişəm və cavab gözləyirəm”.
Hamlet İsaxanlıdan da reaksiya gəldi
“Nigar Yaqublunun həbsdə saxlanılmasına heç bir ehtiyac yox idi”. Bunu, Xəzər Universitetinin təsisçisi, universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet Isaxanlı deyib. N.Yaqublu 2011-ci ildə Xəzər Universitetinin humanitar və sosial elmlər fakültəsini bitirib. Hamlet Isaxanlı “Media forum”a açıqlamasında Nigar Yaqublunu belə xarakterizə edib: “Nigar çox fəal tələbə olub, yaxşı oxuyub, təhsilini vaxtında başa vurub. Xəzər Universitetini vaxtında qurtarmaq çox yaxşı tələbə olmaq deməkdir. Çünki bizim universitetdə təhsil almaq xeyli çətindir, heç kimə güzəşt yoxdur və ciddi oxumaq tələb olunur”.
H.Isaxanlı vurğulayıb ki, həyatda hər kəs qəza ilə üzləşə bilər: “Kimliyindən asılı olmayaraq heç kim bu cür hadisələrdən sığortalanmayıb. Təbii ki, məhkəmə bunu araşdırıb qiymət verəcək. Zərərçəkən tərəf şikayətçi deyilsə, Nigar azad olunacaq. Mənim buna heç bir şübhəm yoxdur. Qanunvericilik də buna imkan verir. Nigar xanımdır, Azərbaycan qızıdır. Biz başa düşürük ki, onun həbsxanada saxlanmasına ehtiyac yoxdur. Hətta şikayətçi olsa belə, Nigarın gənc bir qız olması nəzərə alınmalıdır. Onu zaminə götürmək olar, o da heç bir yerə getməmək şərti ilə məhkəməni gözləyər. Amma şikayətçi olmadığına görə, təbii ki, onu evə buraxmaq lazımdır. Sonra məhkəmədə nə olar, bu, başqa məsələdir”.
“Keçmiş tələbənizi zaminə götürə bilərsinizmi” sualına professor Hamlet Isaxanlı belə cavab verib: “Mən də daxil olmaqla Nigarı zaminə götürmək istəyənlərin çox olduğuna heç bir şübhəm yoxdur”.
Hacı Şahin nə deyir?
Bakıdakı Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsinə münasibət bildirib: “Əlbəttə, heç kim istəməzdi ki, belə bir hadisə baş versin. Xüsusən insan itkisi ilə nəticələnən bir qəza. Bu hadisə gənc bir xanımın həyatında mənfi iz buraxacaq. Düşünürəm ki, bu hadisə qəsdən törədilmədiyindən, bəlkə də hamıdan çox elə Nigar Yaqublunu məyus etdiyindən onu ciddi cəzalandırmağa ehtiyac yoxdur. Aydındır ki, onun həbsi istintaqla bağlıdır. Ölüm hadisəsi baş veribsə, hüquq-mühafizə orqanlarının belə addım atması normaldır. Bununla belə, ümid edirəm ki, onun həbsi ilə bağlı qərar yumşalacaq”.
Şahin Həsənli istintaq zamanı gənc bir xanımı həbsdə saxlamaqdansa zaminliyə buraxmağı daha məqbul hesab edir: “Bu, milli mentalitemizə daha uyğundur. Bir xanımı həbsdən qurtarmaq üçün hüquqi imkanlar varsa, bundan mütləq istifadə etmək lazımdır. Hər halda hakimiyyət nümayəndələrindən gələn mesajlardan bəllidir ki, məhkəməyə hansısa təzyiq göstərilməyəcək. Nigar xanımın həbsində siyasi motiv görənlərin təşkilatlanıb ictimai fəzada fəaliyyətə başlaması da normal haldır. Məsələ bizim fəaliyyət dairəmizə aid olmadığından bununla bağlı hansısa mövqe ortaya qoymağa lüzum görmürük. Sadəcə olaraq təsadüfi hadisənin bir xanımın həyatına mənfi təsir göstərməsini istəməzdik”.