Erməni qırğınlarına qarşı…
XX əsrin əvvəllərində Azərbaycanda ermənilər tərəfindən qətliamlar törədilir, əhali qırğınlara məruz qalırdı. Ruslar tərəfindən silahlandırılan ermənilər Irəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız Azərbaycan türklərinə, dinc əhaliyə hücum edir, vəhşiliklər törədirdilər. Bu özbaşınalıqlara qarşı 1905-ci ildə Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu Bakıda “Fədai” adlı gizli bir cəmiyyət yaratdı. Böyük türkçü-publisist Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi “Türk ili” kitabında Əhməd bəy Ağaoğlunun bioqrafiyasını yazarkən qeyd edir: “Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda ”Fədai” adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu”.
Çox keçmir ki, bu cəmiyyətinin fəaliyyəti, öz bəhrəsini verir, ermənilər Azərbaycan Türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar. Hüseyn Baykaranın yazdığı kimi, “Fədai” cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alınmışdı. “Hələ Şuşada məktəbdə işləyərkən ermənilərlə mübarizə aparan Əhməd bəyin ”Fədai” təşkilatı vasitəsilə onlara qarşı böyük miqyasda müqavimət göstərdiyinin şahidi oluruq…”. Bir müddət sonra “Fədai” cəmiyyəti “Difai” Partiyasına çevrilir. “Difai” partiyası Azərbaycan tarixində misli görünməmiş qəhrəmanlıq səhifələri yazır.
1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan”Difai” Partiyasına məxsus Bəyannamədə deyilir: “Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik.”
Qana qan, ölümə ölüm…
Beləliklə, Difai Partiyası bu Bəyannamə ilə, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının “ölüm-qalım” mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu. Sonrakı iş isə təşkilatdan asılı idi. Bu səbəbdən də Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. Ilk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər millətçilərlə görüşərək orada “Difai” təşkilatını yaratdı. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən Idris Axundzadə və başqaları Gəncədə təsis olunan “Difai” Təşkilat Komitəsinin üzvləri idilər.
Nağı bəy Şeyxzamanlı özünün “Azərbaycan Istiqlal Mücadiləsi Xatirələri”ndə yazır: “O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni ”Difai” firqəsi deyə adlandırmağa qərar verirlər”.
Beləliklə, Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan “Difai” təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar da gedirdi.
1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı “Difai” sözün əsl mənasında “Qafqazı qanlı səhnə halına salmaq” barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən “Cəmiyyəti-Xeyriyyə” və “Nəşri-Maarif” cəmiyyətlərinin binası qərargaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri – Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır: “Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. Ermənilər törətdikləri vəhşiliklərin əvəzini gördülər”.
Döyüş təşəbbüsü ələ alınır
Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: “Bu hadisələrdən sonra rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar, digər tərəfdən ”Difai” firqəsinin kimlər tərəfindən idarə olunduğunu bilmək istəyirdilər. Amma əziyyətləri boşa çıxırdı, xalqımızdan bir şey öyrənə bilməzdilər, çünki, xalq bir şey bilmirdi, bilsə də söyləməzdi. Hökumət ara-sıra axtarışlar aparırdı. Lakin, nəticə alınmırdı. “Difai” firqəsinin heç bir yerdə qeydi yox idi, ancaq bir möhürü var idi. Bu möhürün kimdə olduğunu, firqəni idarə edənləri bilmirdilər. Rus idarəsi “Difai” firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50 min rubl vəd etmişdi. Buna baxmayaraq, heç bir dəyişiklik olmadı, lakin rusların etdikləri zülmlər artırdı və bu səbəbdən firqə fəaliyyətini müəyyən bir vaxt üçün dayandırmaq məcburiyyətində qaldı”.
“Difai”nin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Rus Imperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi. “Difai” bunun da əlacını tapır: “Difai” Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, “Difai” Partiyasının qərarı idi…”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
ardı var