Təhsilin qısa, yığcam fəlsəfəsi budur: millətin gəlişməsini sağlamaq. Misir Mərdanovun “təhsil” dilində desək, millətin inkişafını hazırlamaq. Yazılarımı bütünlüklə türk dilində yaza bilərəm, ancaq belədə özü başda olmaqla M.M.-in “təhsil” sistemində məni başa düşən olmayacaq. Onlara dilimizin türk dili olduğunu anlatmaq çox çətindir. M.M.-in özü başda olmaqla “təhsil” işçilərinin çıxışlarına baxın: başdan-ayağa ərəb-fars sözləridir. M.Mərdanov ağzını açan kimi “təhsil” sistemindəki “islahatlardan” danışır. Son iyirmi ildə “təhsil” sistemində çalışanların dilində çox demirəm, yüngülcə yeniləşmə baş verməyibsə, burada hansı “islahatlardan” danışmaq olar? Açın, baxın: ölkədə ən geridə qalmış, ərəb-fars sözləri ilə dolu dil Təhsil nazirliyinə bağlı qəzetlərin dilidir. “Müstəqillikdən2 dəm vuran bu qəzetlər hələ də Sovet-”müstəmləkə” dönəminin dilində çıxır. Özü də bu qəzetlər elə hey M.M.-in “təhsil islahatlarından” yazır.
Bir neçə ay qabaq Italiyadan qayıtmış M.Mərdanov bu ölkənin təhsil sistemindəki yenilikləri Azərbaycana gətirmək istədiyini bildirmişdi. Bəlli olduğu kimi, Italiya ilə Əliyevlər Azərbaycanını bir-birinə bağlayan iki başlıca görsəniş var: korrupsiya-mafiya. Görünür, M.M. Italiyaya H.Əliyevin 70-ci illər hakimiyyətində olduğu kimi, “təcrübə mübadiləsinə” gedibmiş. Bu sarkazm kimlərəsə yersiz görünə bilər. Ancaq yersiz deyil. Azərbaycan olaraq biz daha çox Türkiyə, Almaniya, Fransa kimi ölkələri özümüzə örnək seçməli, daha çox o ölkələrdəki elm-bilim görsənişlərindən yararlanmalıyıq. Avropanın ən gəlişmiş, üstəlik, ən demokratik ölkələrindən sayılan Fransada dilin arı-duruluğunun qorunması üçün (daha çox ingilis sözlərindən) çoxlu işlər görülür, gerçək dirəniş göstərilir. Yalnız Avropanın deyil, dünyanın ən gəlişmiş, eləcə də ən demokratik ölkələrindən olan Almaniyada da dilin arı-duruluğunu qorumaq yönündə (burada daha çox latın, ingilis sözlərindən) almanlar özgə bir biçimdə çalışmalarda bulunurlar. Ingiltərədə – ingilis, Fransada – fransız, Almaniyada – arı alman dil bilgisi yüksək dəyərləndirilir. Açıq demək gərəkir: dilin arı-duruluğuna çalışılması baxımından Türkiyə çox geri qalır. Bizə gəlincə, yalandan deyil, gerçəkdən yeniləşmiş TƏHSIL sistemi ilə bizim Azərbaycan türkcəsini bütün türk dilləri üçün örnəyə çevirmək bacarığımız-olanağımız var.
Yeri gəlmişkən, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda türk dilləri arasında ən gəlişmiş dil olduğuna görə bütün türk xalqlarının bu dilə keçməsi ilə bağlı qərar çıxarılmış, Stalin bu qərarın gerçəkləşməyinə yol verməmişdi. O qurultaya dünyanın hər yerindən çağın ən ünlü türkoloqları gəlmiş, deyilən qərarı da onlar vermişdilər.
Bəlli olduğu kimi, dil düşüncə göstəricisidir. Dilin necədirsə, düşüncən də elədir. Bu gün bütün televiziyaların, eləcə də hakimiyətə bağlı qəzetlərin dili əski-yaprıxmış bir dildir. Bu, ötəri, elə-belə görsəniş deyil, hakimiyət başında duranların əski – yaprıxmış düşüncələrinin görsənişidir. Bizə nə yazıqlar, 20 ilin Təhsil naziri Misir Mərdanov da onlardan biridir. 20 ildən bəri Təhsil naziri olan bu adam görün nə deyir: “Təhsildəki problemləri bir neçə ilə həll etmək olmaz”. Sənin kimi əski-korrupsioner düşüncə yiyələri yüz ildə qala milləti gəlişdirmək baxımından problem çözə bilməz, yalnız problem yarada bilər. Budur, yeni təhsil ili başlayıb, sən yenə təhsildəki yenilik-irəliləyişlərdən çox Mehriban Əliyevanın tikdirdiyi, təmir etdirdiyi yeni məktəblərdən danışırsan. Belədə soruşmaq gərəkir: bu ölkənin gerçək Təhsil naziri kimdir sənmi, omu?
Təhsildəki düşkünlük, uğursuzluq faktlarını M.Abbaszadənin “yalanı” adlandırmaq yerinə, milləti biliksizlik bataqlığına batırmağın, gerilikçi düşüncə qaranlığına soxmağın cəzasız qalmayacağını düşünmək daha yey olardı.

Heydərizmin təhsil naziri – Misir Mərdanov
•