Diktator başının qiyməti

Azərbaycanın daxili siyasətində çox qarışıq və müəmmalı bir dönəmin astanasındayıq. Fəhmim bu dialoq məsələsi ilə bağlı mənə yaxşı heç nə vəd eləmir. Üstəlik, PA rəsmisi Əli Həsənovun ölkədə iqtidar-müxalifət dialoqunun davamı olacağını bəyan eləməsi məni daha çox rahatsız edir. Ramil Səfərov məsələsi ilə bağlı müxalifətin YAP-la birgə Avropa Parlamentinə ünvanlanan qətnamə qəbul etməsi, hətta sıradan bir müğənni sayılan Nura Surinin dövlət başçısına minnətdarlıq müraciətinə qoşulması zənnimcə, sıradan məsələ deyil, isti başla isə heç dəyərləndirmək olmaz, lakin yenə deyirəm, fəhmim bu həlməşik aktların heç də yaxşı sonluqla bitməyəcəyini pıçıldayır.
Və… belə bir zamanda Suriya diktatoru Bəşər Əsədin başına 25 milyon dollar qiymət qoyuldu. Başa qiymətqoyma artıq sonluğun lap yaxında olmasına işarədi. Məbləğin məsələyə bir elə də təsiri yoxdu. Sadəcə, bir-birinə daban-dabana zidd olan bu iki xəbərin – yəni Azərbaycan iqtidarının müxalifətlə “sıcaq ilişgisi” və Əsədin başına para qoyulması bir daha çox ciddi planların olmasından xəbər verir. Təzada baxmayaraq, burada mütləq bir bağ var və müəyyən zaman kəsiyindən sonra biz bu bağın təsirini görə biləcəyik. Isa Qəmbər də öz növbəsində “Facebook”da Suri ilə tənqidləri cavablandırıb və bu cavab da mənim zənnimi gücləndirir: “Məsələnin mahiyyətinə gəldikdə isə, mən əminəm ki, bu qərarımız istər taktiki, istərsə də strateji baxımdan düzgün qərardır”.
Surini bir yana atıb, keçək Suriyaya – Bəşərin başının qiymətinə. Niyə belə az? Indi Azərbaycan oliqarxları az qala mal başının qiymətini bu məbləğə qaldırıblar. Yəni Bəşər bir Azərbaycan inəyinin bir kq ətilə eyni qiymətədimi? Yox, elə bilməyin ki, mən çox bayağı müqayisə aparıram. Əlbəttə, mal və ya qoyun ətinin qiyməti 25 milyon dollar deyil. Ancaq Azərbaycanın sıravi vətəndaşlarının bir kq ətə və ya bir kəsilmiş inək başına verdiyi 8-10 manat onunçün faiz hesabıyla elə Bəşərin başına qoyulan qiymət qədər iri məbləğdi, deyərdim, qazanılmasının çətinliyini nəzərə alanda hətta ondan da artıqdı.
Ola bilsin, inək başının və ya 1 kq ətinin bu qədər bahalı olması bir gün bizdə də kiminsə başına neçəsə milyon para qoyulmasının birinci səbəbi olacaq. Hələliksə söhbət ancaq inək və Bəşərin başından gedir.
Məbləği milyardlarla ölçülən var-dövlət yiyəsinin başına 25 milyon az deyilmi? Bunun özü çox hiyləgər biznesə bnzəyir. Deyək ki, 25 milyon qoyub, əvəzində bir dövlətə və o baş sahibinin milyardlarına sahib olursan. Suriya ordusundan qaçaraq müxalifətin tərəfinə keçən Əhməd Hicazinin dedikləri də fikrimizi qüvvətləndirir: “Bəşər Əsədi ölü və ya diri ələ keçirən şəxsi 25 milyon dollar mükafat gözləyir. Düzdür, həmin şəxs 25 milyondan daha artığına layiqdir. Lakin toplaya bildiyimiz bu qədərdir”, – müxalif hərbçi bildirib.
Bəli, həmin şəxs, yəni Bəşərin başını gətirəcək adam daha artığına layiqdi. Ancaq neynəyəsən ki, bu biznesə girişmək üçün əldə bundan artıq sərmayə yoxdu. Əslində isə, kimsə Bəşəri tutub gətirməyəcək və o 25 milyonu da almayacaq. Bu, sadəcə bir rəmzi hücum əməliyyatıdı, rəmzi inqilabdı, dağıdıcı psixoloji təsir gücü olan aktdı. 25 milyonun adı istər-istəməz Bəşərin ən yaxın çevrələrini belə təlatümə gətirəcək, onu özünün yuxusuna zəhər qatacaq, bir para xəstəsi kimi bu məbləğin hətta öz qadınını belə yolundan çıxara biləcəyini düşünəcək və getdikcə sarsılacaq, içindən qırılacaq və aram-aram ilgəyə doğru addımlayacaq. Bu arada Azərbaycan hakimiyyəti hələlik dialoqa getdiyini bəyan eləyir. Türk mətbuatı isə onun Bəşərlə eyni yolu getdiyini yazır…